AnalitikaGündəmSiyasət

“Xızı–Abşeron” Külək Elektrik Stansiyası: Azərbaycanın enerji müstəqilliyi və yaşıl gələcəyə strateji baxışı

Azərbaycan son illərdə enerji siyasətində keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Yanvarın 8-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “Xızı–Abşeron” Külək Elektrik Stansiyası bu mərhələnin mühüm rəmzlərindən biri kimi qiymətləndirilir. 240 meqavat gücə malik bu stansiya təkcə növbəti energetika obyekti deyil, həm də ölkənin bərpaolunan enerji sahəsində uzunmüddətli strateji hədəflərinin praktiki təzahürüdür.

Dövlət başçısının açılış mərasimində vurğuladığı kimi, “Xızı–Abşeron” Külək Elektrik Stansiyası ölkənin enerji potensialını əhəmiyyətli dərəcədə gücləndirir. Son 20 il ərzində Azərbaycanın enerji sistemi əsaslı şəkildə yenilənib: generasiya gücləri üç dəfə artaraq təxminən 10 min meqavata çatıb. Bu göstərici ölkənin artan daxili tələbatını tam təmin etməklə yanaşı, elektrik enerjisinin ixracı üçün də geniş imkanlar yaradır.

Prezident İlham Əliyev çıxışında xüsusi olaraq qeyd edib ki, enerji təhlükəsizliyi yalnız ənənəvi mənbələr hesabına deyil, bərpaolunan enerji növlərinin sistemə paralel və balanslı inteqrasiyası yolu ilə təmin olunmalıdır. Bu baxımdan “Xızı–Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın enerji strategiyasında vacib həlqə rolunu oynayır.

Layihənin reallaşması beynəlxalq əməkdaşlığın uğurlu nümunəsi kimi də diqqət çəkir. Stansiyanın investoru olan “ACWA Power” şirkəti Azərbaycanda ilk bərpaolunan enerji layihəsini həyata keçirsə də, artıq daha genişmiqyaslı planlar üzərində işləyir. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu əməkdaşlıq Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kimi ölkə üçün strateji əhəmiyyət kəsb edən yeni layihələri də əhatə edəcək.

Eyni zamanda, baş podratçı “Power China” şirkətinin fəaliyyəti də yüksək qiymətləndirilib. Bu şirkətin gələcəkdə Azərbaycanda həm podratçı, həm də investor qismində iştirakı ölkənin enerji sektoruna olan beynəlxalq marağın artdığını göstərir. Dövlət başçısının vurğuladığı əsas məqamlardan biri də budur ki, Azərbaycan xarici sərmayələri qoruyan, müqavilə öhdəliklərinə sadiq olan etibarlı dövlətdir.

Bu gün “Xızı–Abşeron” layihəsi tək deyil. Qaradağ, Xızı və Abşeron rayonlarında artıq bərpaolunan enerji obyektləri fəaliyyət göstərir, Biləsuvar, Neftçala, Naxçıvan və işğaldan azad edilmiş ərazilərdə isə yeni stansiyaların inşası planlaşdırılır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən Günəş və su elektrik stansiyaları “yaşıl enerji zonası” konsepsiyasının real icrasını təmin edir.

Prezident İlham Əliyevin diqqətə çatdırdığı kimi, Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialı 157 giqavat həcmində qiymətləndirilir. Bu isə yaxın perspektivdə Azərbaycanın regionun aparıcı “yaşıl enerji” ixracatçılarından birinə çevrilməsi imkanını yaradır.

Bərpaolunan enerji istehsalının artması yeni texnoloji həlləri də zəruri edir. Dövlət başçısı çıxışında ölkə tarixində ilk dəfə olaraq Batareya Enerji Saxlanc Sistemlərinin yaradıldığını bildirib. İlk mərhələdə 250 meqavat gücündə olan bu layihə “AzərEnerji” tərəfindən icra olunur. Gələcəkdə isə bu sahədə xarici investorların iştirakı ilə daha geniş layihələrin reallaşdırılması nəzərdə tutulur.

Bu yanaşma Azərbaycanın enerji siyasətinin yalnız istehsalla məhdudlaşmadığını, eyni zamanda enerji sisteminin dayanıqlılığı və çevikliyinin artırılmasına yönəldiyini göstərir. Xüsusilə süni intellekt, data mərkəzləri və yüksək enerji tutumlu sənaye sahələri üçün bu infrastruktur həlledici əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev Azərbaycanın möhkəm maliyyə dayanıqlığına da toxunaraq qeyd edib ki, ölkəyə indiyədək 300 milyard dollardan çox xarici sərmayə cəlb olunub. Xarici borcun ÜDM-də payının cəmi 6 faiz civarında olması, valyuta ehtiyatlarının isə borcu dəfələrlə üstələməsi Azərbaycanın investisiya baxımından cəlbediciliyini daha da artırır.

Bütün bu amillər göstərir ki, “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılışı təkcə bir enerji layihəsinin istifadəyə verilməsi deyil, Azərbaycanın enerji müstəqilliyi, ekoloji məsuliyyət və iqtisadi inkişaf arasında qurduğu strateji balansın növbəti təzahürüdür. Bu balans isə ölkəni yaxın onilliklərdə regional enerji liderlərindən birinə çevirmək potensialına malikdir.

Rəhimli Gülay,
Xəzər rayonu, 123 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button