AnalitikaGündəmSiyasət

Xızı-Abşeron Külək Elektrik Stansiyası: Azərbaycanın yaşıl enerji siyasətində mühüm addım

2026-cı il yanvarın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Xızı-Abşeron Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirildi. Bu mühüm hadisə ölkənin enerji siyasətində, xüsusilə bərpa olunan enerji sahəsində həyata keçirilən ardıcıl islahatların bariz nümunəsi kimi dəyərləndirilir.

Prezident İlham Əliyev çıxışında bildirdi ki, 240 meqavat gücündə olan bu külək elektrik stansiyasının istifadəyə verilməsi Azərbaycanın enerji təhlükəsizliyini daha da möhkəmləndirəcək, eyni zamanda ekoloji tarazlığın qorunmasına mühüm töhfə verəcək. Dövlət başçısı vurğuladı ki, bu layihə “yaşıl enerji” strategiyasının əsas istiqamətlərindən biridir.

Çıxış zamanı qeyd olundu ki, Xızı-Abşeron Külək Elektrik Stansiyasının təməli bir neçə il əvvəl qoyulmuş və qısa müddətdə uğurla başa çatdırılmışdır. Prezident layihənin reallaşmasında iştirak edən beynəlxalq tərəfdaşlara və investor şirkətlərə təşəkkürünü bildirdi və Azərbaycanın etibarlı investisiya mühiti yaratdığını xüsusi vurğuladı.

İlham Əliyev Azərbaycanın həm ənənəvi, həm də bərpa olunan enerji mənbələrinin inkişafını paralel şəkildə həyata keçirdiyini qeyd etdi. Bu yanaşma ölkənin uzunmüddətli enerji təhlükəsizliyini təmin etməklə yanaşı, iqtisadi dayanıqlığın güclənməsinə də xidmət edir.
Bu layihənin işə düşməsi ildə atmosferə 400 min tondan artıq karbon qazı emissiyasının qarşısı alınacaq. Bu da təbii ki, ekologiyaya verilən müsbət töhfədən xəbər verir. Həmçinin bu vasitəylə ildə 200 milyon kubmetr qaza qənaət ediləcək. Layihənin ekoloji faydalarından danışdıqda onu qeyd etmək lazımdır ki, bu layihə həmçinin qlobal iqlim hədəflərinə yaxınlaşmağa kömək edəcək. Bildiyiniz kimi, 2050-ci ilə qədər ölkəmizdə karbon qaz emissiyasının həcminin 40 %-ə qədər azaldılması hədəf kimi götürülüb. Məhz bu layihəni həm də həmin hədəfə çatmaq üçün atılmış addım kimi də qiymətləndirmək olar.

Eyni zamanda Azərbaycan Prezidenti tərəfindən 2030-cu ilə qədər ölkəmizdə bərpaolunan enerji mənbələri üzrə qoyuluş gücünü 30 %-ə çatdırılması hədəf kimi qoyulub. Bu hədəfə nail olmaq üçün 1 500 MVT gücündə yeni qoyuluş güclərinin istismara verilməsi tələb olunur. “Xızı-Abşeron” stansiyasının təməlinin qoyulması ilə bunun ilk 240 MVT-ı müəyyən olundu və 2026-cü ildə istismara verilməklə bu hədəfin ilk hissəsi tamamlanmış olacaq.

Bu layihənin sosial üstünlükləri də var. Layihəni işə düşməsi ilə yeni iş yerlərinin açılması, həm yeni istehsal və xidmət sahələrinin yaradılmasına öz töhfəsini vermiş olacaq. Bu həm də xarici investorlarla işin təşkili təcrübəsi deməkdir. Bundan əlavə reallaşan bu layihə yerli ixtisaslı kadr potensialının formalaşmasına da kömək olacaq.

Prezident çıxışında Azərbaycanın külək və günəş enerjisi potensialının böyük olduğunu, xüsusilə Xəzər dənizi hövzəsinin bu baxımdan geniş imkanlara malik olduğunu diqqətə çatdırdı. O, gələcəkdə azad edilmiş ərazilər də daxil olmaqla, ölkənin müxtəlif bölgələrində yeni bərpa olunan enerji layihələrinin həyata keçiriləcəyini bildirdi.

Sonda dövlət başçısı vurğuladı ki, Xızı-Abşeron Külək Elektrik Stansiyasının açılışı Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu layihə ölkənin ekoloji məsuliyyətini, iqtisadi gücünü və gələcəyə yönəlmiş inkişaf modelini aydın şəkildə nümayiş etdirir.

İsgəndərova Elnarə,
Xəzər rayonu Ə.Əliyev adına125 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button