Xocalı soyqırımı Azərbaycan xalqının tarixi yaralarından biridir

1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən 366-cı motoatıcı alayın dəstəyilə Azərbaycanın Xocalı şəhərində yerli əhaliyə qarşı soyqırımı törədildi. Qanlı cinayət nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca daxil olmaqla 613 nəfər bir gecədə qətlə yetirildi.
Ermənilərin Xocalı şəhərini hədəfə almaqda əsas məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli ərazidə maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə, Xocalını Yer üzündən birdəfəlik silmək idi. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları həm də daha uzağa hesablanmış məqsəd güdürdülər.
Ulu öndər Heydər Əliyev tarixi çıxışlarından birində demişdir: “1992-ci il fevralın 26-da Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Çünki həmin vaxt hansısa kiçik cinayət hadisəsi deyil, bütöv Azərbaycan xalqına qarşı soyqırımı aktı həyata keçirilmiş, bəşəriyyətin ən böyük faciələrindən biri törədilmişdir. Bu cinayətin səbəbkarı isə Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” qurmaq xülyasına düşmüş, xalqımıza qənim kəsilmiş ermənilərdir. Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı apardığı uzun müharibənin tərkib hissəsidir. Amma bu faciə özünün ağırlığı, dəhşəti ilə ermənilərin törətmiş olduğu digər cinayətlərdən köklü surətdə fərqlənir”
Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib. Artıq torpaqlarımız işğaldan azad edilib, bütün ərazilərimiz üzərində suverenliyimiz təmin olunub. Lakin Xocalı faciəsi yaddaşlardan silinməyib və bu faciə heç vaxt unudulmayacaq. Çünki bu bizim tariximizin qan yaddaşıdır”.
Aygün Abbasova,
170 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi