Xocalı soyqırımı – qan yaddaşımız!

31 il bundan əvvəl Dünya insanlıq tarixinin ən qorxunc, ən faciəvi qətliamlarından birinə oyandığında təqvimlər 1992-ci il fevralın 26-nı göstərirdi. Azərbaycan tarixinə qanlı hərflərlə yazılan, dünya tarixinə isə qara ləkə olan bu təqvim günü bizdə, bizim gözəl diyarlarımızın birində Xocalıda baş vermişdi.
Xocalı soyqırımı – Azərbaycan xalqının XX əsrin sonlarında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə üzləşdiyi, tarixə düşmüş dəhşətli faciədir. Bu faciə təkcə Azərbaycan xalqına deyil,bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Və bu soyqırım cinayətkar erməni siyasətinin çirkin nəticəsidir. Xocalı soyqırımı – cinayətkarlar tərəfindən əvvəlcədən düşünülmüş və hər bir düşmənin şüur altına xaincəsinə yeridilmiş bir plan olmuşdur.
Həmin plan məhz fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə həyata keçirilir. Məqsəd təkcə şəhər və kəndləri işğal etmək yox, beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq dinc əhaliyə qarşı amansız, misli görünməmiş divan tutmaq idi.
Hələ işğaldan əvvəl 1991-1992-ci ilin dekabr və yanvar aylarında Xocalı rayonu kəndləri ilə birlikdə tez-tez düşmənlərin silahlar və texnikalarla hücumuna məruz qalmışdı. Artıq neçə ay idi əhali üçün nə qaz, nə də işıq var idi. Rayona giriş-çıxış demək olar ki, yox idi. Təkcə hava yolları, bir də dağlarla gediləcək piyada cığırlar ümid nöqtəsi idi. Başqa hər tərəf düşmən nəzarətində idi. Düşmənlər Xocalıya çıxan bütün yolları ələ keçirmişdilər. Dinc əhalinin tab gətirməyəcəyini görən mənfur düşmənlər Xocalını mühasirəyə almış, öz iyrənc planlarını həyata keçirmək üçün sanki tələsirmişlər. Həmin gecədən bir gün əvvəl axşam saatlarında 2000 erməni döyüşçüsü Xocalının 3 tərəfindəki yüksəkliklərdən irəliləyərək, əhalini sıxışdırmağa başlamışlar. Artıq onların planları baş tutmuşdu. Bir yanda aylardı təcavüzə məruz qalan, ac-susuz, əliyalın əhali o bir tərəfdə isə elan edilməmiş müharibəyə özbaşına hər tərəfli hazır olan düşmən ordusu. Və bir də Xankəndində yerləşən rus ordusundan onlara dəstək olan rus əsgərləri. 26 Fevral səhərə qədər həyata keçirilən hücum, təcavüz, qətliam. Erməni vandalizminin gecə qaranlıqda törətdiyi işgəncələr, səhərin tarixini günahsız insanların qanı ilə yazdı. O gün günahsız insanların fəryadı, uşaqların çığırtısı, işgəncə görən insanların qorxunc bağırtısı gecənin sükunətini pozurdu.Yandırılmış evlərdə təkcə taxta-şalban yox, insanlar közə dönürdü. Ata-ananın gözü önündə övladlarının başı bədənindən ayrılır, xırda-xırda doğranırdı. İnsanlar üzərində öz vəhşi təcrübələrini həyata keçirən qəddar düşmən əsgərləri etdikləri hər bir hərəkətdən zövq alırdılar. Bəziləri üçün belə ölüm ən gözəl qurtuluş idi. Çünki hələ əsir götürülmüş sakinlər onlari nələr gözlədiyini bilmirdilər. Əsirlərə qarşı edilən vəhşiliklər isə daha kəskin və dözülməz olmuşdu.
Həmin gecədən səhərə qalan ancaq yaddaşlardan silinməyən rəqəmlər oldu. Əsirlikdən qayıdan Xocalı sakinlərinin anlatdıqlarını, onların nələrə, hansı acılara məruz qaldıqlarını öyrəndikcə insanın qəlbi göynəyir. Bir də onlara “nə yaxşı ki, yaşayırsınız, sağ qalmısınız” deməyi belə bacarmaq olmur. Təbii ki, əgər o insanlara “yaşayırlar” demək olarsa…
O qətliamı ürəkdağlayan acılarla danışan sağ qalmış və əsirlikdən sağ qayıdan Xocalı sakinləri idisə, dünyaya səs salan kadrları lentə alan isə qəhrəman şəhidimiz Çingiz Mustafayev oldu. Danışılanlar və çəkilən kadrlar damarda axan qanı dondururdu. Cəsədlərə belə işgəncələr edilmiş, tanınmaz hala gətirilmiş, hamilə qadınların qarnı yarılaraq doğulmamış usağı doğranmış, azyaşlı qız uşaqlar təcavüzə uğrayaraq öldürülmüş, diri-diri yandırılmış və nələr, nələr…
Bunları törədən canilər isə ancaq evlərin dağıldığını, 3-4 nəfərin də öldüyünü bildirmişdilər. Lakin Çingiz Mustafayevin çəkdiyi kadrlar, bir çox jurnalistlərin qəzetlərində etdiyi yayımlar erməni vandalizmini dünyaya çatdırmaqda böyük və əsas rol oynadı. Və bundan sonra Ermənistan prezidenti Sarkisyan “Xocalıya qədər Azərbaycan xalqı bizim dinc əhalini öldürməyəcəyimizi düşünürdülər. Lakin biz Xocalı ilə birlikdə onların düşüncələrini qırdıq.” demişdi.
Təəssüf ki, o gecə 936 km2-lik sahəsi, 2605 ailədən ibarət 11356 nəfərin yaşadığı Xocalı 26 Fevral tarixində darmadağın edildi. Şəhərdə 105 sosial məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, 3 mədəniyyət evi və muzey, türbələr, qəbiristanlıqlar vandallara xas üsullarla dağıdıldı… Xocalı işğalına görə isə Azərbaycan dövlətinə 170 milyon dollarlıq maddi zərər dəydi. Nə günahsız tökülən qanların, nə də dəyən maddi zərərin hesabını kimsə ödəmədi. Bu tarixə yazılan qətliamı Azərbaycan Parlamenti “soyqırım” elan etdi. Ermənistan və Azərbaycan arasındakı elan olunmamış müharibə 1994-cü ilə qədər davam etdi. İki tərəf arasında edilən barış görüşmələri isə əsassız qaldı .
“Bu soyqırımı,eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”- deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. 25 fevral 1997-ci l tarixli sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan etmişdir.
Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün sistemli işlər aparılmış və bunun nəticəsidir ki, bu faciə bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Bosniya və Herseqovina, Panama, Rumıniya və Şotlandiya tanıyır. İndiyədək ABS-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda “Xocalı soyqırımı” və “Xocalı faciəsi” kimi, digər ölkələrdə isə “Xocalı qətliamı” kimi anılır.
Torpaqları talan, düşmən tapdağı altda olan Azərbaycan xalqı bu vəhşiliyi bir gün belə unutmadı. Qaçqın və məcburi köçkünlər öz doğma el-obalarını görmək istəklərini heç bir zaman öldürmədilər. Ayaqyalın, başıaçıq evlərindən didərgin düşən qəlbi yaralılarımız Vətən həsrəti çəkə-çəkə qeyrətli, bu torpağa layiq övladlar böyütdülər. Ali baş komandan İlham Əliyev cənablarının bircə əmrini gözlədilər.
Azərbaycan-Ermənistan sərhədləri arasında atəşkəsi pozan ermənilər 14 iyul 2020-ci ildə yenə də öz xain hislərindən əl çəkmir, torpaqlarımızı atəşə tuturlar. Atışma zamanı 1 general, 7 zabit və əsgərimiz şəhid olur. Onların şəhidlik zirvəsinə ucalması Dağlıq Qarabağın işğaldan qutarması üçün bir işıq qığılcımı oldu. Bir daha şəhid verən Azərbaycan xalqı bütünlüklə ayağa qalxdı.
27 sentyabr 2020-ci ildə hamı bir nəfər kimi səfərbər oldu. Öz torpaqlarını yağı düşmən tapdağından təmizləmək üçün bütün xalq bir oldu. İstər ön cəbhə, istər arxa cəbhə hər kəsin bir məqsədi, arzusu, amalı bir idi. Qarabağın işğal altındakı torpaqları qayıtmalı, yenidən çiçəklənməlidir. İşğal altındakı torpaqlar hər irəliləyən günlərdə düşməndən azad olunurdu.Cəmi 44 gün davam edən müharibədə şəhidlrəimiz, yaralılarımız, əlil və müharibə veteranlarımız olmasına baxmayaraq, nə xalq sarsılırdı, nə də əsgərlərimiz. Bu müddət ərzində 5 şəhər, 4 qəsəbə, 287 kənddə yenidən Azərbaycan bayrağı dalğalandı. Rəşadətli ordumuz Cəbrayıl, Füzuli,Qubadlı, Zəngilan, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad etdi.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Budur- Şuşa azaddır!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Vəlicanova Əfsanə,
Xəzər rayonu, 324 №li tam orta məktəbin müəllimi