
1992-ci ilin 25-dən 26-na keçən gecəsi Azərbaycan tarixinin ən faciəli, eyni zamanda milli yaddaşımızda silinməz iz buraxan səhifələrindən biri – Xocalı soyqırımı baş verdi. Bu qanlı hadisədən 34 il ötür. Lakin zaman keçsə də, həmin gecənin ağrısı nə unudulur, nə də unudula bilər. Çünki bütöv bir xalqın taleyinə vurulmuş ağır zərbə, bəşəriyyətə qarşı törədilmiş amansız cinayət idi. Bu hadisə həm də Azərbaycan xalqının iradəsini, milli birliyini və ədalət uğrunda mübarizə əzmini daha da möhkəmləndirdi.
Həmin gecə isə Ermənistan silahlı qüvvələri və keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıya hücum edildi. Dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq törədildi. Rəsmi məlumatlara əsasən, həmin gecə 613 nəfər amansızcasına qətlə yetirildi. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i isə qoca idi. 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi bu günə qədər naməlumdur. Ailələr tamamilə məhv edildi, uşaqlar valideynlərini, valideynlər övladlarını itirdi. İnsanlar yalnız azərbaycanlı olduqlarına görə qətlə yetirildi. Bu fakt Xocalı hadisəsini hərbi əməliyyat çərçivəsindən çıxararaq soyqırımı kimi qiymətləndirməyə tam əsas verir.
Soyqırımı anlayışı 1948-ci ildə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” BMT Konvensiyası ilə müəyyənləşdirilmişdir. Xocalıda baş verənlər həmin konvensiyanın bütün elementlərinə uyğundur: milli mənsubiyyətinə görə əhalinin məqsədli şəkildə məhv edilməsi, xüsusi qəddarlıq, dinc sakinlərin hədəfə alınması, insan ləyaqətinin alçaldılması. Bu baxımdan Xocalı bütövlükdə insanlığa qarşı törədilmiş cinayətdir.
Hadisənin şahidlərinin ifadələri, beynəlxalq jurnalistlərin çəkdiyi foto və video materiallar, xarici mətbuatda dərc olunmuş reportajlar Xocalıda baş verənlərin miqyasını və vəhşiliyini təsdiqləyir. Fransanın “Le Monde”, Böyük Britaniyanın “The Times” qəzetləri və digər nüfuzlu nəşrlər hadisəni insanlıq faciəsi kimi təqdim etmişdilər. Xocalı həqiqətləri dünya ictimaiyyətinə çatdırıldıqca, bu cinayətin mahiyyəti daha aydın görünürdü.
Azərbaycan Respublikası Xocalı soyqırımının hüquqi-siyasi qiymət alması istiqamətində ardıcıl və prinsipial siyasət yürüdüb. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il 24 fevral tarixində Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi və hər il 26 fevral Xocalı soyqırımı günü kimi qeyd olunmağa başlandı. Bu qərar hadisəyə dövlət səviyyəsində verilmiş siyasi-hüquqi qiymət idi. Xocalı faciəsini Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi səciyyələndirərək, onun dünya miqyasında tanıdılması üçün sistemli fəaliyyətə start verdi.
Xocalı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində xüsusilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının rolu böyükdür. Bu təşəbbüs 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülmüş və qısa müddətdə geniş coğrafiyada dəstək qazanmışdır. Kampaniya çərçivəsində dünyanın onlarla ölkəsində konfranslar, sərgilər, yürüşlər keçirilmiş, soyqırımı qurbanlarının xatirəsi anılmışdır. Nəticədə bir sıra ölkələrin parlamentləri və ABŞ-ın bir çox ştatları Xocalı hadisələrini soyqırımı və ya kütləvi qətliam kimi tanımışdır.
Xocalı faciəsi Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi ağır sınaqlardan biri idi. Həmin dövrdə ölkədə siyasi sabitliyin olmaması, ordu quruculuğunun zəifliyi və beynəlxalq müstəvidə təcrid olunma vəziyyəti düşmənə fürsət yaratmışdı. Lakin Azərbaycan xalqı bu faciədən sınmadı. Əksinə, milli həmrəyliyin və dövlətçilik şüurunun güclənməsi üçün ciddi dərs aldı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkədə sabitliyi bərpa etdi, nizami ordu quruculuğuna başladı və Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi.
Sonrakı illərdə Prezident İlham Əliyev Xocalı soyqırımının tanıdılması məsələsini dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. O, çıxışlarında dəfələrlə vurğuladı ki, Xocalı qurbanlarının qanı yerdə qalmayacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bu sözlər xalqın qəlbində yaşayan ədalət arzusu idi.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi. Qarabağda əldə olunan möhtəşəm zəfər Xocalı qurbanlarının ruhuna ən böyük təsəlli oldu. 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edildi. Bu hadisələr göstərdi ki, tarixi ədalət gec də olsa, bərpa olunur. Bu gün azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Qarabağ və Şərqi Zəngəzur dirçəlir, şəhərlər yenidən qurulur, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Xocalı şəhərinin də bərpası istiqamətində mühüm addımlar atılır. Bu, tarixi yaddaşın və milli qürurun bərpasıdır.
Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə keçirilən anım tədbirləri xalqımızın şəhidlərinə sədaqətinin, tarixə ehtiramının və gələcəyə inamının ifadəsidir. Hər il minlərlə insan Ana harayı abidəsini ziyarət edir, qurbanların xatirəsini yad edir. Məktəblərdə, ali təhsil müəssisələrində, dövlət qurumlarında Xocalı soyqırımı ilə bağlı dərsləri keçirilir, gənc nəslə bu faciənin mahiyyəti izah olunur. Çünki tarixini bilməyən xalq gələcəyini düzgün qura bilməz.
Xocalı soyqırımı həm də informasiya müharibəsinin əhəmiyyətini göstərdi. Uzun illər erməni təbliğatı beynəlxalq aləmdə saxta narrativlər formalaşdırmağa çalışsa da, Azərbaycan həqiqətləri sistemli şəkildə təqdim edərək bu dezinformasiyanın qarşısını aldı. Diplomatik fəaliyyət, diaspor təşkilatlarının işi, media resurslarının rolu nəticəsində Xocalı həqiqətləri daha geniş auditoriyalara çatdırıldı.
Bu faciə Azərbaycan xalqının milli kimliyinin, dövlətçilik düşüncəsinin və vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynadı. Xocalı keçmişin dərin ağrısı olmaqla yanaşı gələcəyə istiqamət verən dərsdir. O, bizə göstərdi ki, güclü dövlət, qüdrətli ordu və milli birlik olmadan təhlükəsizlik mümkün deyil. Məhz bu dərsdən nəticə çıxaran Azərbaycan bu gün regionun ən güclü dövlətlərindən birinə çevrilmişdir. 34 il əvvəl Xocalıda qətlə yetirilən körpələrin, anaların, qocaların xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların taleyi bizim üçün həm hüzn, həm də məsuliyyətdir. Məsuliyyət ondan ibarətdir ki, belə faciələrin bir daha təkrarlanmaması üçün daim ayıq-sayıq olaq, dövlətimizi daha da gücləndirək, beynəlxalq ədalət uğrunda mübarizəni davam etdirək.
Qeyd etmək yerinə düşər ki, bu cinayətin təşkilatçıları və icraçıları beynəlxalq hüquq qarşısında cavab verməlidirlər. Ədalət yalnız hərbi qələbə ilə deyil, həm də hüquqi müstəvidə təmin olunmalıdır. Azərbaycan dövləti bu istiqamətdə fəaliyyətini davam etdirir və gələcəkdə də bu məsələ gündəmdə olacaq. Bu gün Xocalının adı artıq dirçəliş və qayıdışla assosiasiya olunur. Qarabağda dalğalanan üçrəngli bayrağımız şəhidlərin ruhuna ən böyük ehtiramın rəmzidir. Xocalı qurbanlarının qanı yerdə qalmadı. Azərbaycanın qazandığı tarixi zəfərlər, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəhidlərimizin qisasının alındığını bütün dünyaya göstərdi.
Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə bir daha bəyan edirik: bu faciə unudulmayacaq, unutdurulmayacaq. Xocalı həqiqətləri dünya ictimaiyyətinə çatdırılacaq, ədalət uğrunda mübarizə davam edəcək. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların ruhu qarşısında and içirik ki, müstəqil, güclü və qüdrətli Azərbaycan dövlətini daha da möhkəmləndirəcək, gələcək nəsillərə qalib və qürurlu bir ölkə miras qoyacağıq.
Elgün Rüstəmli,
YAP Yasamal rayon təşkilatının gənc fəalı



