Analitika

XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir

Xocalı Azərbaycanın Qarabağ bölgəsinin inzibati sərhədləri daxilində Ağdam-Şuşa-Xankəndi-Əsgəran yolunun üzərində və regionun yeganə hava limanının yaxınlığında yerləşən bir şəhər idi. Qarabağda mülki hava limanı burda yerləşirdi. Şəhər nəqliyyat-kommunikasiya baxımından xüsusi əhəmiyyət daşıyırdı.

Xocalı 1991-ci ilin oktyabr ayından blokadada idi. Oktyabrın 30-da Xocalı ilə avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyotla gediş qalmışdı. Yanvarın 2-dən etibarən şəhərə elektrik enerjisi də verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Xocalının müdafiəsi əsasən yerli özünüidarəetmə müdafiə dəstəsi, milis və könüllü döyüşçülərdən təşkil olunmuşdu. 21 nəfərlik könüllü dəstəyə Aqil Quliyev komandirlik edirdi.

Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alındı və şəhər hər gün toplardan, ağır texnikadan atəşə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı. 1992-ci ilin fevrarın 17-də Qaradağlı faciəsindən bir həftə sonra ermenilər eyni hərbi birləşmələr vasitəsilə Xocalıya hücuma keçdilər. Qarqar çayının Həsənabad kəndi tərəfindən, çayın sağ və sol cinahlarından, Daşbulaq-Xocalı yolu istiqamətindən, Daştəpə tərəfdən, Bozdağ və nəhayət Əsgəran səmtindən Xocalıya zirehli qoşun yeridildi. Şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutuldu. İnsanlar çarəsiz şəkildə evlərinin tərk edərək sığınacaqlara, zirzəmilərə yerləşdilər.

Fevralın 26-sı, səhər saat 05:00 radələrində Xocalı tam alova bürünmüşdü. Belə bir vəziyyətdə erməni dəstələrinin əhatəsində qalan şəhərdə təqribən 2500 nəfər əhali kütləvi şəkildə şəhəri tərk etməyə məcbur oldular. Qarlı, şaxtalı qış gecəsində üzü Qarqar çayına tərəf gedən xocalılılar çayı keçdikdən sonra qarlı dağları aşıb Ağdama getmək istəyirdilər. Hər tərəfdə atışma getdiyindən, hər yerdə qaniçən ermənilərin olduğunu nəzərə alıb onlar meşəyə girməli oldular. Lakin artıq düşmən orda mövqe tutaraq tələ qurmuşdu. Ermənilər dinc, əliyalın əhaliyə atəş açmağa başladı. Camaat pərən-pərən düşdü. Havanın şaxtalı olması səbəbilə Qarqar çayını keçən insanların hamısının ayaqlarını don vurdu. Ermənilər meşədə gizlənənlərə Azərbaycan dilində çağırışlar edir, yaxına gələnləri əsir götürü, qaçanları isə gülləbaran edirdilər.

Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş Sovet ordusunun Xankəndində yerləşən 366-cı alayının iştirakı ilə dinc əhaliyə misli görünməmiş divan tutdu. Əliyalın insanların ah-naləsi ərşə çıxmışdı. Yüzlərlə köməksiz və günahsız insan amansızcasına qətlə yetirildi. Uşaqlara, qocalara, xəstələrə, hətta hamilə qadınlara belə aman verilmədi. Cinayətkar erməni hərbi quldurlarının vəhşiliyi nəticəsində 613 nəfər Xocalı sakini qətlə yetirildi, 1275 nəfər əsir götürüldü, mindən artıq sakin yaralandı və şikəst oldu. Qətl edilənlərin 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaq, 70 nəfəri isə ahıl qoca idi.

İnsanların çox hissəsi məhz Əsgəran-Naxçıvan istiqamətində erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilmişdi. Ermənilər Xocalı sakinlərinin böyük bir hissəsini əsir götürdülər. Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni əsirlərlə dəyişdirilərək azad edilməsində Allahverdi Bağırovun böyük xidmətləri oldu. O, üç gün ərzində 1003 nəfərdən çox Xocalı əsirini ermənilərin əlindən alaraq xilas etdi. Ağdamın Qarağacı qəbirstanlığında azərbaycanlı əsirləri o təhvil alır, işgəncələrə məruz qalan əsirləri avtobusla gətirərək ailələrinə təhvil verirdi. Məhz, Allahverdi Bağırovun ermənilərlə apardığı danışıqlar nəticəsində hərbi operatorlar Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı faciəsinin görüntülərinin lentə alınması da mümkün olmuşdu.

1992-ci ilin fevralında Xocalıda törədilən soyqırımı sanki 1905 və 1918-ci illərdə Xocalıda törədilən soyqırımların təkrarı idi. Çox təəssüf ki, əsrin əvvəllərində olduğu kimi XX əsrin solarında da beynəlxalq aləmdə bu soyqırıma lazimi dərəcədə siyasi qiymət verilmədi. Ermənilər tərəfindən Xocalının yüzlərlə günahsız sakininin vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan Respublikasının Qarabağ bölgəsində baş verən silahlı münaqişə zamanı törədilmiş ən qanlı cinayətlərdən biri və Ermənistanın uzun illərdən bəri Azərbaycan xalqına qarşı keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi idi.

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20%-ə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 mindən artıq insan yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə də üz-üzə qaldı. Yalnız ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinin törədilməsinin əsl səbəbləri barədə xalqa məlumat verildi. Ümummilli lider Heydər Əliyev 1994-cü il, martın 1-də xüsusi fərman imzaladı. Milli Məclisin qərarı ilə 26 Fevral – Xocalı Soyqırımı və Milli Matəm günü elan olundu və bu barədə beynəlxalq təşkilatlara məlumat verildi.

Həmin dövrdə üzv ölkələrin sayına görə dünyanın ən böyük təşkilatlarından olan İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünü dəfələrlə pislədi və Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirdi. İslam Əməkdaşlıq Təşkilatının Gənclər Formunun Direktorlar Şurasının 2008-ci il aprel ayında Küveytdə keçirilən VI iclasında Leyla Əliyeva formun mədəniyyətlər və sivilizasiyalararası dialoqlar üzrə ilk baş katibi seçildi. Bu, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal olunması faktına, İƏT tərəfindən diqqət çəkilməsinə təkan verdi.

2008-ci ilin 17 may tarixində İƏT və İSESCO-nun təşkilatçılığı ekspertlər səviyyəsində keçirilmiş iki günlük toplantı nəticəsində Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət”, “Qarabağa azadlıq” kampaniyası İƏT-ın ekspertləri tərəfindən dəstəkləndi və 26 fevralın İƏT üzv ölkərdə faciə qurbanlarının xatirə günü kimi qeyd olunması haqqında qərar qəbul edildi. 2011-ci ildə İƏT-in Parlament İttifaqı da “Xocalıya Ədalət” beynəlxalq kampaniyasını dəstəkləyən bəyənat qəbul etdi. Təşkilatın Parlament Şurasının BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən 13-cü iclasında qəbul olunmuş bəyannaməsi Xocalı faciəsinin insanlıq əleyhinə cinayət kimi tanınmasını nəzərdə tuturdu. Qətnamənin üçüncü bəndində bildirilirdi ki, İƏT-na üzv olan ölkələrin parlamentləri Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğını insanlıq əleyhinə cinayət kimi tanıyır, həmçinin üzv ölkələri cinayətə hüquqi və siyasi qiymət verməyə çağırır. Bir gecədə məhv edilmiş Xocalı şəhərinin adı indi artıq Xatın, Ruanda, Srebrenista və Holokost soyqırımları ilə qoşa çəkilir. Xocalı soyqırımı qurbanlarının xatirəsinə dünyanın müxtəlif ölkələrində abidələr qoyulur, parklar salınır.

2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə başladı. 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənstan ordusu darmadağın edildi. Faşist xislətinə bürünmüş Xocalı cəlladları öz haqlı cəzasını aldı.

Bu müharibə dövründə ermənilərin birinci Qarabağ müharibəsindı törətdiklırindən fərqli cəhəti ondan ibarət idi ki, mülki əhali hədəfə alınmır, silahlar, raketlər, pilotsuz zərbə aparatları yalnız Koçaryan-Sarkisyan cütlüyünün Qarabağda qurduqları işğalçı orduya yönəlirdi. Nəticədə əli Xocalı qurbanlarının qanına batmış Koçaryan-Sarkisyan-Ohanyan ordusu darmadağın edildi, Ermənistan kapitulyasiyaya imza atmağa məcbur oldu.

Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi balistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübüt etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. Bir faktı da qeyd etmək lazımdır ki, vaxtilə Ermənistan Prezidenti olmuş Serj Sarkisyan və keçmiş müdafiə naziri Seyran Ohanyan Xocalı soyqırımının birbaşa təşkilatçıları və iştirakçılarıdır. Sarkisyan, hətta müsahibələrindən birində Xocalı soyqırımını törətmək ideyasının ona məxsus olduğunu və bununla da azərbaycanlılarda qorxu və vahimə yatarmaq istədiklərini bildirmişdi. Bu səbəblə onlar həm Azərbaycan xalqı qarşısında, həm də beynəlxalq tribunallarda cavab verməli olacaqlar.

“Xocalıya Ədalət” kampaniyası çərçivəsində dövlətimiz tərəfindən aparılan məqsədyönlü iş nəticəsində artıq dünyanın bir sıra ölkələri Xocalı faciəsini soyqırım olaraq qəbul edib.

2022-ci ilin yanvarın 280-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” sərəncam imzaladı. Həmin sərəncamda deyilir: “Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş Sovet ordusunun Xankəndində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücüm etdi və dinc əhaliyə misli görülməmiş qəddarlıqla divan tutdu.”

Tarix heç nəyi unutmur. Real həqiqətlər bir daha tarixi gerçəkliyə işıq salır və zaman keçdikdə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur. Biz unutmamalıyıq. Unutmamalıyıq ki, gələcək nəsillər də unutmasınar. Bu, bizim tarix və Xocalı şəhidlərinin ruhu qarşısında vətəndaşlıq borcuuzdur.

Əbdüləlizadə Fidan,
Xəzər rayonu, 323 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button