
Yanvarın 26-da Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Vyetnam Sosialist Respublikasına səfəri çərçivəsində Vyetnam Kommunist Partiyasının Baş katibi To Lam ilə görüşüb.
Obyektivxeber.az xəbər verir ki, görüşdə Azərbaycan-Vyetnam münasibətlərinin dərin tarixi köklərə malik olduğu vurğulanaraq xalqlarımız arasındakı dostluq əlaqələrinin hələ SSRİ dönəmində formalaşdığı, Vyetnam xalqının öndəri Ho Şi Minin 1959-cu ildə Azərbaycana, Ümummilli Lider Heydər Əliyevin isə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi 1983-cü ildə Vyetnama səfərinin tarixi əhəmiyyət daşıdığı bildirilib.
Baş katib To Lam ötən ilin may ayında ölkəmizə səfərini xatırladıb və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi də Vyetnamda səbirsizliklə gözlədiklərini deyib. O, strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul olunması ilə Azərbaycan-Vyetnam münasibətlərinin yeni inkişaf mərhələsinə yüksəldiyini deyib.
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Vyetnam Kommunist Partiyasının 14-cü qurultayının uğurla baş tutması və yenidən partiyanın Mərkəzi Komitəsinin Baş katibi seçilməsi münasibətilə To Lamı Yeni Azərbaycan Partiyası adından təbrik edib. O, Azərbaycan ilə Vyetnam arasında münasibətlərin inkişafında liderlər arasında şəxsi dostluğun böyük rol oynadığını bildirərək müxtəlif sahələrdə, o cümlədən statistika qurumları arasında əməkdaşlığın genişləndirilməsinin diqqət mərkəzində olduğunu deyib.
Görüş zamanı hakim siyasi partiyalar arasında əlaqələrin Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı xüsusunda əhəmiyyəti vurğulanaraq 2023-cü ildə imzalanmış Əməkdaşlıq Sazişindən irəli gələn vəzifələrin müvəffəqiyyətlə həyata keçirildiyi qeyd olunub.
Səfər çərçivəsində Tahir Budaqov Vyetnam xarici işlər nazirinin müavini Nquyen Minh Vu ilə də görüşüb. Görüşdə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.









