AnalitikaGündəmSiyasət

Yeni Azərbaycan Partiyası – dövlətçilik ənənələrinə sədaqətin ünvanı

Yeni Azərbaycan Partiyasının yaranmasından ötən 34 il Azərbaycan siyasi tarixinin mühüm mərhələlərini əhatə edir. 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis edilən partiya ölkənin mürəkkəb ictimai-siyasi şəraitində meydana çıxaraq xalqın sabitlik, güclü dövlətçilik və aydın gələcək arzularını özündə birləşdirdi. Həmin dövrdə Azərbaycanın müstəqilliyi ciddi sınaqlarla üzləşir, cəmiyyətdə siyasi və iqtisadi qeyri-müəyyənlik hökm sürürdü. Belə bir şəraitdə Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin gələcək inkişafı baxımından mühüm siyasi hadisəyə çevrildi.

Partiyanın yaranması Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi və xalqın ona olan inamı ilə sıx bağlıdır. Heydər Əliyev Azərbaycanın müstəqil dövlət kimi qorunmasının, milli maraqların müdafiəsinin və cəmiyyətdə siyasi birliyin təmin olunmasının vacibliyini daim vurğulayırdı. Onun rəhbərliyi ilə partiyanın ideoloji və təşkilati əsasları formalaşdı, dövlətçilik prinsipləri siyasi fəaliyyətin əsas istiqamətinə çevrildi.

Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkəmizdə siyasi sabitliyin möhkəmləndirilməsi və dövlət institutlarının inkişafı ilə müşayiət olunub. Partiya yarandığı gündən milli maraqları, müstəqilliyin qorunmasını və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsini əsas prioritetlər kimi müəyyənləşdirib. Bu prinsiplər sonrakı illərdə dövlət siyasətinin mühüm istiqamətlərindən biri olaraq davam etdirilib.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsini yaşayır. Ölkəmizin iqtisadi potensialının gücləndirilməsi, sosial rifahın yüksəldilməsi, müdafiə qüdrətinin artırılması və ərazi bütövlüyümüzün təmin olunması müasir Azərbaycanın əsas nailiyyətlərindəndir. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri dövlətimizin gücünü və gələcəyə yönəlmiş strateji baxışını nümayiş etdirir.

Yeni Azərbaycan Partiyasının 34 illiyi yalnız bir siyasi təşkilatın yubileyi deyil, eyni zamanda Azərbaycanın müasir dövlətçilik tarixinin mühüm səhifələrinə nəzər salmaq üçün əlamətdar fürsətdir. Bu tarix xalqın birliyini, dövlətə bağlılığını və milli məqsədlər ətrafında səfərbər olmaq iradəsini ifadə edir. YAP bundan sonra da Azərbaycanın inkişafına, dövlətçilik ənənələrinin qorunmasına və milli maraqların müdafiəsinə töhfə vermək əzmi ilə fəaliyyətini davam etdirəcək.

Əminə Kərimova,
YAP Nizami rayon təşkilatının “Nəsimi küçəsi, 34” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button