AnalitikaGündəmSiyasət

YENİ AZƏRBAYCAN PARTİYASININ AZƏRBAYCANIN MÜSTƏQİLLİK TARİXİNDƏ ROLU

Yeni Azərbaycan Partiyası dövlətçilik tariximizdə-müstəqilliyimizin möhkəmləndirilməsi yolunda böyük rolu olmuş siyasi partiyadır. Müstəqilliyimizi bərpa etdikdən sonrakı ağır bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü ilə yaradılmışdır. 1991-ci il 18 oktyabrda Azərbaycan xalqı 70 ildən artıq əsarətində olduğu imperiyanın təsirindən çıxdı. Müstəqilliyimizi bərpa etdikdən sonrakı tarixi dövrdə qarşımızda bir çox çətin vəzifələr dururdu. Gələcək inkişaf yolunun müəyyənləşdirilməsi həmin dövrün ən mühüm vəzifələrindən biri idi. Belə bir çətin şəraitdə Azərbaycan xalqının maraqlarına cavab verən, dövlətçilik prinsiplərini özünə rəhbər tutan yeni bir siyasi partiyanın yaranmasına ehtiyac var idi.
Müstəqilliyimiz bərpa edilsə də hələ ölkə daxilində çətin bir siyasi vəziyyət, tarixi şərait var idi. İdarəçilikdə hərc-mərclik, siyasi qeyri-sabitlik yenicə qazandığımız müstəqilliyimizin möhkəmləndirilməsində bir çox çətinliklər törədirdi. Belə bir tarixi şəraitdə güclü bir idarəçilik lazım idi. Azərbaycan xalqının qabaqcıl elm və mədəniyyət nümayəndələri də bunu yaxşı başa düşürdü. Bu vaxt cəmiyyətin ziyalı təbəqəsinin dövlətçilik naminə birləşərək Heydər Əliyevə ünvanladıqları tarixi çıxış əslində güclü bir liderə olan inam çağırışları idi. Bu çağırış əslində bir daha sübut etdi ki, 90-cı illərin əvvəllərində Azərbaycan xalqının qarşılaşdığı çətinliklərə biganə qalmayan ziyalılar ölkənin gələcək taleyini müəyyənləşdirəcək gücə malikdir. Bu çağırış həm də cəmiyyətin qabaqcıl elm və mədəniyyət nümayəndələrinin məsuliyyətli çıxışı və Heydər Əliyevə yönələn açıq dəstəyi idi.
1991-ci ildə müstəqilliyin ilk illərində ölkənin taleyi üçün tarixi addım atan ziyalılar “91-lər” Heydər Əliyevə müraciət edirlər. 91-lərin müraciətində əsas məqsədlərdən biri belə qarışıq, xaosun olduğu bir dövrdə güclü bir liderə ehtiyac olduğunu vurğulamaq idi. Onların müraciətində göstərilirdi ki, Azərbaycanın gələcək inkişafı xalqın birliyi və milli maraqların qorunması ilə mümkündür. Müraciətdə Heydər Əliyevin siyasi təcrübəsinə və dövlətçilik bacarığına inamı ifadə edərək onun yenidən ölkə rəhbərliyinə qayıtmasını tələb edirdilər. Bu müraciət əslində o dövrdə müstəqillikdən böyük gözləntiləri olan xalqın səsinin rəsmi ifadəsi idi. İdarəçilikdə qeyri-sabitliyin aradan qaldırılması naminə hazırlanmış bu sənəd həm də, mühüm tarixi çağırış idi. Heydər Əliyevə yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək təklif olunurdu. Heydər Əliyev 91 nəfər ziyalının 1992-ci il 16 oktyabr tarixli müraciətinə cavab olaraq demişdir: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azəbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
İctimaiyyətin dəstəyi ilə “91-lərin müraciəti” nəticəsində yeni bir siyasi təşkilat-Yeni Azərbaycan Partiyası (YAP) yaradıldı. Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Konfransda Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı qərar, partiyanın Nizamnaməsi və Proqramı qəbul edildi. Ulu Öndər Heydər Əliyev partiyanın sədri seçildi. Heydər Əliyevində dediyi kimi partiya qısa bir zamanda “dünənin, bu günün və sabahın partiyası” səiyyəsinə yüksəldi.
Yeni Azərbaycan Partiyası 33 ildir ki, uğurlu və şərəfli bir yol keçmişdir. Partiyanın əsas məqsədlərindən biri də dövlətçilik prinsipləri ilə xalqın iradəsini birləşdirərək 90-cı illərin əvvəllərində qazanılmış müstəqilliyi möhkəmləndirmək idi. Yeni yaradılmış təşkilat təkcə siyasi sabitlik yaradılması yolunda addımlar atmaqla kifayətlənməmiş, ölkənin inkişaf yoluna təkan verəcək işlər görmüş , təhsil və səhiyyə sahələrinin gücləndirilməsi yolunda bir sıra layihələr həyata keçirmişdir.
YAP idarəçilik işlərinə gənclərin cəlb edilməsi istiqamətində də bir sıra işlər görür. Həmçinin gəncləri siyasətə, elmə və ictimai həyata aktiv cəlb edir. YAP ölkədə gənclər arasında milli birlik, vətənpərvərlik ruhunun gücləndirilməsi yolunda bir sıra tədbirlər və sosial layihələr həyata keçirir. Yeni yaradılmış partiya həm də Azərbaycanın beynəlxalq nüfuzunun artırılması istiqamətində də uğurlu addımlar atmışdır. Ölkəmizin regionda güclü mövqeyini daha da möhkəmləndirmişdir. 2005-ci il 26 mart tarixində partiyanın III qurultayında partiyanın yeni sədri – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçilmişdir. İlham Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası yeni dövrə qədəm qoydu. Partiyanın fəaliyyəti daha sistemli bir şəkil aldı. Partiya ölkədə siyasi sabitliyin təmin olunması, iqtisadi inkişafın sürətləndirilməsi və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində bir sıra uğurlu addımlar atdı. İlham Əliyevin sədrliyi ilə YAP modern, dinamik və gənc liderləri cəmiyyət həyatına cəlb edən bir quruma çevrildi.
2021-ci il 5 mart tarixində keçirilən partiyanın VII qurultayında Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Mehriban Əliyeva sədr müavini olduğu dövrdə gənclərin və qadınların cəmiyyət həyatına fəal cəlb edilməsi istiqamətində əvəzsiz xidmətlər göstərmişdir. Mehriban Əliyevanın YAP-ın sədr müavini təyin olunması partiyanın idarəçilikdə qadınlara verdiyi yüksək dəyərin təcəssümü idi. Tarixi bir çağırışdan başlayaraq bu təşkilat dövlətçilik tariximizdə mühüm rol oynamışdır. Bu partiya təkcə siyasi bir təşkilat deyil, dövlətçiliyin, inkişafın dayağıdır. 1992-ci ildən başlayaraq 33 ildir ki, həm Heydər Əliyevin, həm də İlham Əliyevin sədrliyi dövründə dövlətin inkişaf yolunda bu partiyanın əvəzsiz xidmətləri olmuşdur.

Təhmasib Məmiyev,
Xəzər rayonu,181 nömrəli tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button