
Artıq müasir dünya əvvəlki onilliklərin siyasi qaydaları ilə idarə olunmur. Bir zamanlar beynəlxalq hüququn toxunulmaz norma sayıldığı qlobal sistem bu gün getdikcə güc balansına, siyasi iradəyə və iqtisadi təsir imkanlarına əsaslanan yeni mərhələyə keçir. Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibə bu dəyişikliklərin mahiyyətini və Azərbaycanın bu reallıqlar fonunda tutduğu mövqeni aydın şəkildə ortaya qoymuşdur. Dövlət başçısının sözlərinə görə, beynəlxalq hüquq normaları artıq dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq davranış qaydası kimi qəbul edilmir. Bu isə dövlətləri yeni seçim qarşısında qoyur: ya dəyişən reallıqlara uyğunlaşmaq, ya da proseslərin kənarında qalmaq. Azərbaycan isə üçüncü yolu seçməyib – milli maraqlara söykənən, eyni zamanda beynəlxalq hüququ formal çərçivədə qoruyan praqmatik siyasət yürütməyə üstünlük verib. Ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpası da məhz bu strategiyanın nəticəsi kimi təqdim olunur. Ali baş komandanımız hesab edir ki, yeni dünya nizamında hər bir dövlət öz potensialına uyğun strategiya formalaşdırmalı, həm regional, həm də qlobal müstəvidə mümkün qədər çox tərəfdaşla sağlam münasibətlər qurmalıdır. Azərbaycan son illərdə məhz bu xətt üzrə irəliləyərək regional faktordan beynəlxalq proseslərə təsir göstərən ölkəyə çevrilib. Bu siyasətin ən mühüm nəticələrindən biri Cənubi Qafqazda yaranan yeni sülh mühitidir.
Otuz ildən artıq davam edən münaqişə, müharibələr və insan itkilərindən sonra regionun sülh mərhələsinə keçməsi tarixi hadisədir. Prezidentimiz “Zayed İnsan Qardaşlığı Mükafatı”nı da məhz Qafqazda sülhün qurulması istiqamətində göstərilən səylərə verilən beynəlxalq qiymət kimi dəyərləndirmişdir. Bu gün Azərbaycanla Ermənistan arasında münasibətlər tədricən qarşıdurma müstəvisindən əməkdaşlıq müstəvisinə keçir. Nəqliyyat yollarının açılması, yüklərin daşınmasına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, Ermənistanın ehtiyac duyduğu əsas məhsulların – xüsusilə neft məhsullarının – tədarükünə başlanması yeni reallığın göstəricisidir. Rəsmi Bakı bu prosesin hər iki tərəf üçün qazanc gətirdiyini və regionda davamlı, uzunmüddətli sülh üçün real zəmin yaratdığını bildirir. Məqsəd isə sadədir: müvəqqəti sakitlik yox, nəsillər boyu davam edəcək sabitlik. Təhlükəsizlik məsələlərinə gəldikdə, Prezident İlham Əliyev açıq şəkildə vurğulamışdır ki, ölkə daxilində ciddi risk mənbələri mövcud deyil. Azərbaycanın əsas narahatlığı xarici amillərlə, xüsusən də region ətrafında baş verən qeyri-sabit proseslərlə bağlıdır. İran ətrafında müşahidə olunan gərginliklər, Yaxın Şərqdəki qarşıdurmalar və qlobal siyasi dalğalanmalar diqqətlə izlənilir. Çünki Azərbaycan müharibənin nə demək olduğunu yaxşı bilir: minlərlə şəhid, dağıdılmış şəhərlər, uzun illər yurd-yuvasından didərgin düşmüş insanlar bu torpağın yaddaşına həkk olunub. Məhz buna görə sülh və sabitlik bu gün ölkə üçün təkcə siyasi üstünlük deyil, həyati dəyər hesab olunur.
Prezident İlham Əliyev 20 yanvar 2026-cı ildə Davosda “Euronews” televiziyasına verdiyi müsahibə bildirmişdir ki,bu sabitliyin əsas dayaqlarından biri də enerji sektorudur. Azərbaycan hazırda Cənubi Qafqazda enerji ehtiyatlarına malik və onları ixrac edən yeganə ölkədir. Uzun illər Gürcüstan, indi isə Ermənistan da daxil olmaqla bölgə dövlətləri enerji baxımından Azərbaycandan asılı vəziyyətdədir. Eyni zamanda, ölkə 16 dövlətə təbii qaz ixrac edir və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəmərlərinin coğrafi əhatəsinə görə Azərbaycan dünya miqyasında birinci yerlərdən birini tutur .Bu fakt Azərbaycanı Avropanın enerji təhlükəsizliyində əsas oyunçulardan birinə çevirir. Avropa üçün bu əməkdaşlıq risklərin azalması, alternativ mənbələrin təmin olunması deməkdirsə, Azərbaycan üçün isə sabit gəlir, “premium” bazarlara çıxış və siyasi nüfuzun artması deməkdir. Təsadüfi deyil ki, son dövrlər qaz ixracı coğrafiyası genişlənərək Suriyanı da əhatə edib, lakin qiymət baxımından ən sərfəli istiqamət yenə də Avropa bazarı olaraq qalır.
Bununla yanaşı, Prezident müsahibəsində Avropa Parlamentinin Azərbaycana qarşı uzun illərdir davam edən tənqidlərinə münasibətdə sərt mövqe nümayiş etdirmişdir .Onun sözlərinə görə, bu qurumun yanaşması obyektiv deyil və ölkənin müstəqil siyasətini qəbul edə bilməyən müəyyən lobbi qruplarının təsiri altında formalaşıb. Məhz buna görə Azərbaycan artıq Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının qərarlarına reaksiya vermir və bu strukturlarla əməkdaşlığı dayandırıb. Əlaqələr yalnız Avropa Komissiyası ilə davam etdirilir . Xüsusilə maraqlı məqam ondan ibarətdir ki, Ermənistanın özü Azərbaycanla münasibətlərin normallaşmasını müsbət qiymətləndirdiyi, Ağ Evdə sülh müqaviləsinin paraflandığı bir vaxtda, Avropa Parlamentinin hələ də Bakını “təcavüzkar” kimi təqdim etməsi beynəlxalq ictimaiyyətdə suallar doğurur. Prezidentimiz müsahibəsində Azərbaycanın emosiyalarla deyil, hesablanmış addımlarla hərəkət etdiyini bildirmişdir. Onun fikrincə yeni dünya düzənində romantik şüarlar yox, real güc, iqtisadi imkanlar və ağıllı diplomatiya həlledici rol oynayır. Bakı da məhz bu reallığa uyğun siyasət qurur – milli maraqlarını qoruyur, regional sülhü möhkəmləndirir, enerji resurslarını strateji üstünlüyə çevirir və xarici təzyiqlər qarşısında müstəqil mövqeyindən geri çəkilmir.O,bu yolun asan olmadığını, lakin mövcud geosiyasi şəraitdə ən real və səmərəli seçim kimi göründüyünü bildirərək vurğulamışdır ki,Azərbaycanın son illərdə qazandığı siyasi çəkisi və iqtisadi imkanları göstərir ki, ölkə artıq təkcə Cənubi Qafqazın deyil, daha geniş coğrafiyanın gələcəyinə təsir edə bilən mühüm faktorlardan birinə çevrilməkdədir.
Ülkər Hüseynova,
Xəzər rayonu, 117 nömrəli tam orta məktəbin direktor müavini



