
2026-cı il yanvarın 20-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə ölkənin mövcud beynəlxalq proseslərə baxışını və strateji prioritetlərini aydın şəkildə ortaya qoydu. Müsahibə təkcə Azərbaycanın mövqeyinin təqdimatı deyil, eyni zamanda qlobal siyasətdə baş verən dəyişikliklərin real və praqmatik təhlili kimi diqqət çəkdi. Prezident İlham Əliyev müasir beynəlxalq münasibətlərin mahiyyət etibarilə yeni mərhələyə daxil olduğunu vurğulayaraq, artıq əvvəlki illərdə olduğu kimi yalnız beynəlxalq hüquq və yazılı qaydalarla tənzimlənən sistemin mövcud olmadığını, güc balansının və real imkanların həlledici rol oynadığını qeyd etdi. Dövlət başçısı bildirdi ki, hazırkı dövrdə hər bir ölkə öz təhlükəsizliyini və milli maraqlarını təmin etmək üçün ilk növbədə daxili sabitliyə, iqtisadi gücə və regional əməkdaşlıq imkanlarına arxalanmalıdır. Azərbaycan məhz bu yanaşma ilə son illərdə həm daxili sabitliyini möhkəmləndirib, həm də beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi mövqeyini gücləndirib. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın daxili təhlükəsizliklə bağlı ciddi problemləri yoxdur və ölkə sabit inkişaf yolundadır. Bununla yanaşı, regionda baş verən proseslər, xüsusilə də Yaxın Şərq və qonşu ərazilərdə müşahidə olunan qeyri-sabitlik diqqətlə izlənilir və bu risklərə qarşı qabaqlayıcı siyasət həyata keçirilir. Müsahibədə enerji məsələləri xüsusi yer tutdu. Prezident İlham Əliyev Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayaraq, ölkənin qaz ixrac coğrafiyasının genişləndiyini, Avropa İttifaqına üzv olan bir sıra dövlətlərin artıq Azərbaycan qazından istifadə etdiyini bildirdi. O, Azərbaycanın enerji siyasətinin heç vaxt siyasi təzyiq aləti olmadığını, əksinə, qarşılıqlı etimada və uzunmüddətli əməkdaşlığa əsaslandığını qeyd etdi. Bu yanaşma Azərbaycanın beynəlxalq arenada etibarlı enerji tərəfdaşı kimi qəbul edilməsinə şərait yaradıb və ölkənin qlobal iqtisadi proseslərdə rolunu artırıb. Prezident İlham Əliyev Avropa qurumları ilə münasibətlərə də toxundu və bəzi institutların Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqeyini tənqid etdi. O bildirdi ki, Azərbaycan heç bir halda ikili standartları qəbul etmir və əməkdaşlıq yalnız qarşılıqlı hörmət prinsipi əsasında mümkündür. Dövlət başçısı vurğuladı ki, ayrı-ayrı siyasi dairələrin təzyiq cəhdlərinə baxmayaraq, Azərbaycan müstəqil siyasət yürütməkdə davam edəcək və milli maraqlarından geri çəkilməyəcək. Müsahibənin mühüm mövzularından biri də Cənubi Qafqazda sülh və sabitlik perspektivləri oldu. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan regionda davamlı sülhün bərqərar olmasında maraqlıdır və bu istiqamətdə real addımlar atır. Onun sözlərinə görə, müharibədən sonrakı dövrdə regionda yeni əməkdaşlıq imkanları yaranıb və bu imkanlardan istifadə edilməsi həm Azərbaycan, həm də qonşu ölkələr üçün iqtisadi və siyasi baxımdan faydalıdır. Dövlət başçısı regional kommunikasiyaların açılmasının və iqtisadi əlaqələrin genişlənməsinin uzunmüddətli sabitliyə xidmət etdiyini xüsusi vurğuladı. Prezident İlham Əliyev müsahibəni ümumiləşdirərək bildirdi ki, dünya sürətlə dəyişir və bu dəyişikliklər fonunda çevik, praqmatik və milli maraqlara əsaslanan siyasət aparan ölkələr daha uğurlu olur. Azərbaycan da məhz bu yanaşma ilə öz yolunu müəyyən edib. Davosda “Euronews” televiziyasına verilən bu müsahibə Azərbaycanın qlobal proseslərə realist baxışını, regional liderlik iddiasını və beynəlxalq əməkdaşlığa açıq, lakin prinsipial mövqeyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.
Məmmədova Nərmin,
Yeni Azərbaycan Partiyası,məsləhətçi



