AnalitikaGündəmSiyasət

Yenidən qurulan yurd yerimiz

Zəngilan Şəhəri Günü təkcə bir şəhərin təqvimdəki əlamətdar tarixi deyil, həm də ədalətin təntənəsi və doğma yurda qayıdışın mənəvi ifadəsidir. 2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin işğaldan azad edilməsi Azərbaycan tarixinin şanlı səhifələrindənbirinə çevrildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfər doğma yurda qayıdışın yolunu açdı. Zəngilanın azadlığı ilə bir şəhərin deyil, bütöv bir elin sabaha inamı yenidən doğuldu, illərin həsrəti qürura, nisgil sevincə çevrildi.

     Zəngilan… Azərbaycanın tarixi yaddaşında yurd sevgisinin, mənəvi bağlılığın və torpağa sədaqətin rəmzi kimi yaşayır. Arazın sahilində, təbiətin füsunkar qoynunda yerləşən bu qədim diyar özünəməxsus coğrafiyası, zəngin mədəni irsi, adət-ənənələri ilə milli varlığımızın ayrılmaz parçasıdır. Bu gün Zəngilan azadlığın bəxş etdiyi yeni nəfəs ilə gələcəyə doğru addımlayır. Burada həyata keçirilən bərpa və quruculuq işləri, yaradılan müasir infrastruktur, yenidən qurulan yaşayış məntəqələri Böyük Qayıdışın gerçək mənzərəsini formalaşdırır. Hər yeni yol doğma yurda uzanan ümidin, hər tikilən ev yenidən alışan ocağın, hər açılan qapı illərlə gözlənilən qayıdışın rəmzinə çevrilir. Zəngilanın taleyi bir daha göstərir ki, torpaqla insan arasında zamanın sınaqlarından daha güclü bir bağ var. İllər keçə, yollar uzaq düşə, doğma ocaqlardan ayrılıq uzana bilər, ancaq Vətən sevgisi ən uca zirvələrdə qalır.

        Bəsitçayın sahilində ucalan əzəmətli Şərq çinarları sanki əsrlərin sirrini öz köklərində, budaqlarında, yarpaqlarında qoruyub saxlayır. Hər ağac bir ömür, hər kök bir tarix, hər yarpaq bir xatirə kimi görünür. Zəngilan Azərbaycanın Zəfər salnaməsinin, milli iradəsinin və quruculuq əzminin parlaq səhifələrindən biridir. Onun dirçəlişi yalnız bir bölgənin yenidən qurulması deyil, həm də tarixi yaddaşımızın bərpası, milli qürurumuzun təntənəsi və gələcəyə inamımızın ifadəsidir. Zəngilan bu gün artıq təkcə bərpa olunan coğrafi məkan deyil, o, qüdrətli Azərbaycanın parlaq gələcəyə, tərəqqiyə və əbədi sülhə doğru inamla irəlilədiyini simvolizə edən qürur abidəsinə çevrilmişdir. Doğma ocaqlarına qayıdan zəngilanlıların sevinci və bu torpaqlarda yenidən ucalan həyat səsi Azərbaycan dövlətinin əzmi ilə heç vaxt sönməyəcək əbədi bir məşəldir. Müasir mərhələdə Zəngilan sadəcə tarixi torpaq deyil, həm də regionun nəqliyyat-logistika sistemində mühüm strateji mövqeyə malik qovşaqdır. Zəngəzur dəhlizinin üzərində yerləşən bu bölgə gələcəkdə Naxçıvanla, Türkiyə və bütün Türk dünyası ilə quru əlaqələrinin qurulmasında, eləcə də beynəlxalq nəqliyyat marşrutlarının şaxələndirilməsində müstəsna rol oynayacaqdır.


Mehparə Mansırova,
Pirallahı rayonu, 243 nömrəli tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button