
Üçüncü dəfədir ki, belə bir mühüm tədbir – Şuşa Qlobal Media Forumu – Qarabağda keçirilir. Şuşa Media Forumu artıq ənənəvi xarakter alır. Vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatəsi daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir. Dünyada vəziyyət sürətlə dəyişir. Əlbəttə ki, ilk növbədə, mətbuat belə tədbirlərə qatılır, bütün hekayələri söyləyir, bu dəyişiklikləri, hadisələri təsvir edir və öz cavabını, rəyini bildirir.
Prezident İlham Əliyevin razılığı əsasında III Şuşa Qlobal Media Forumunun yeni tikilmiş Konqres Mərkəzində, Xankəndinin Zəfər meydanında keçirilməsi qərarlaşdırılmışdı. Bu, məqsədli xarakter daşıyırdı, çünki dünya mediasına 30 ildən artıq bu yerlərdən didərgin düşmüş insanların qayıtması, ərazilər azad olunandan sonra görülmüş işlərə baxmaq cəlbedici olacaqdı. İşğal zamanı məhz bu yerdə separatçılar tərəfindən “Parlament” adlandırılan bina tikilmişdi. Azərbaycan höküməti bu “şeytan yuvası”nı dağıtdı, onun yerində dövlət başçılarını qəbul edən gözəl Konqres Mərkəzi tikdi. Yaxınlıqda isə sovet vaxtı orada olan, işğal zamanı dağıdılan hotel tikilir. Konqres Mərkəzinin qarşısındakı meydan indi Qələbə meydanı adlanır. Hazırda Qələbə muzeyinin tikinti işləri aparılır. Separatizmin mərkəzi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş vilayət komitəsinin binasında Qələbə muzeyi yerləşəcək.
Dağlıq Qarabağ reallıqda mövcud deyil! “Dağlıq Qarabağ” ermənilərin təxəyyülündə mövcuddur. Bu, Azərbaycanın bir parçasıdır və sülh müqaviləsinin mətninə daxili siyasətimizə aid olan bir məsələ daxil edilə bilməz. Bu müzakirə iki il sürdü və heç bir irəliləyiş olmadı. Bu əraziləri sentyabrda azad edəndən sonra Ermənistan artıq bunun üzərində israr etmədi, çünki artıq bu mövzu bağlı idi. Yalnız 2024-cü ilin yanvarında sülh müqaviləsi barəsində real danışıqlar başlanıldı və Azərbaycan Respublikasının hazırladığı layihənin mətni üzərində iş getdi və o mətn razılaşdırıldı. Bundan sonra iki bəndi Ermənistan tərəfi əlavə etmək istəmirdi, ancaq Prezident Tramp qalib gələn kimi onlar o iki müddəanı əlavə elədilər. Paşinyan hökuməti yəqin edirdi ki, xanım Harris qalib gələcək və ağ at üzərində olacaqlar. Ancaq bu, baş vermədi. Əminliklə demək olar ki, Tramp qalib olmasaydı, onlar bununla razılaşmayacaqdılar. Onlar layiq olduqlarından da, həzm edə biləcəklərindən də daha çox parça qoparmaq istəyirdilər. Bu gün artıq onlar həmin o iki bənd üzərində israr etmirlər. Ermənistan konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması məsələləri həll edilən kimi sülh müqaviləsi imzalana bilər. Mətn paraflana bilər və Azərbaycan tərəfi artıq Əbu-Dabidə bu təkliflə çıxış edib. Azərbaycan rəhbərliyi sülh müqaviləsinin imzalanmasına çox yaxınlaşıb. Bu proses geridönməz xarakter alıb. Bunun hər hansı bir yenidən baxılması, yenidən baş verməsi mümkün deyil. Ancaq Ermənistan yenidən müzakirəyə başlamağa çalışarsa, o deməkdir ki, onlar sülh istəmirlər. Deməli, o ərazi iddiası qalır. Ona görə də biz düzgün istiqamətdəyik. Onlar öz ev tapşırıqlarını yerinə yetirməlidirlər. Bu baş verdiyi halda biz sülh müqaviləsini imzalaya bilərik. Bu da region üçün çox böyük yenilik, çox böyük dəyişiklik olacaq. Cənubi Qafqaz sabitlik məkanı olacaq. Bizə sabitlik, təhlükəsizlik lazımdır. Çünki Cənubi Qafqaz əsrlər boyu qan tökülmə, toqquşma, işğal məkanı olmuşdur və Qafqaz xalqları çox əziyyət çəkiblər. Ona görə də kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq.
“Böyük Qayıdış”la bağlı çox böyük işlər görülür. Görülən işlər o qədər genişmiqyaslıdır ki, hər şey göz önündədir – qayıdan insanların sayı getdikcə artır və bundan sonra daha sürətlə artacaq. Birinci dörd ildə daha çox infrastruktur layihələri ön planda idi. Onların əsas hissəsi demək olar ki, bitib, bütün Qarabağ və Şərqi Zəngəzur dairəvi elektrik şəbəkə ilə artıq təmin edilib, Azərbaycanın ənənəvi elektrik təsərrüfatına da qoşulub. Burada artıq 280 meqavat gücündə su elektrik stansiyaları enerji istehsal edir və bu enerji Qarabağdan Azərbaycanın digər bölgələrinə gedir. Çünki bu gün Qarabağda o qədər adam yaşamır ki, bu qədər elektrik enerjisi lazım olsun. Ağdam-Xankəndi-Şuşa yolunda 7 tunel inşa edilib. Tunellərin ümumi uzunluğu 80 kilometrdir. Ən uzun tunel yəqin ki, növbəti iki-üç ayda hazır olacaq. Murov dağının altındakı tunelin uzunluğu 11 min 700 metrdir. Yəni bu, dünya miqyasında ən uzun tunellərdən biridir. Dəmir yolu çəkilib. İndi Ağdama qatarla rahat getmək mümkün olacaq. Prezident İlham Əliyev artıq Ağdam-Xankəndi dəmir yolunun təməlini qoyub. Xankəndi-Şuşa kanat yolunun da tikintisi yaxın zamanlarda başlayacaq və çox mənzərəli bir vasitə olacaq.
İnfrastruktur layihələrinin əksəriyyəti başa çatandan sonra daha böyük vəsait yaşayış evlərinə istiqamətləndiriləcək. Xocalı rayonunun daha iki kəndinə də insanlar qayıdıb. Artıq keçmiş köçkünlərin yaşadıqları yaşayış məntəqələrinin sayı 18-ə çatıb. Xankəndidə Qarabağ Universitetində 1500 tələbə oxuyur, 300 müəllim onlara dərs deyir. Qısa müddət ərzində bu qədər böyük işin görülməsi bu gün bir daha göstərir ki, bizim nə qədər istedadlı xalqımız var. Əgər insan kapitalı yoxdursa, əgər insanlar ürəklə işləmirlərsə, heç bir işi görmək mümkün deyil. Burada işləyənlərin hamısı çox böyük həvəslə işləyir, burada işləmək insanlara xüsusi zövq verir. Biz bu torpaqlar üçün o qədər darıxmışıq, o qədər bu torpaqların həsrətində olmuşuq ki, indi qayıtmışıq və necə deyərlər, bu torpaqlarımızdan doya bilmirik. Ona görə “Böyük Qayıdış” Proqramı artıq reallaşıb. Təbii ki, bunun mərhələləri olacaq və aydan-aya, ildən-ilə qayıdan vətəndaşların sayı çoxalacaq, Qarabağ, Şərqi Zəngəzur dirçələcək. Prezident İlham Əliyev “Böyük Qayıdış”ın əvvəlində demişdi ki, biz bu bölgəni cənnətə çevirəcəyik, artıq azad olunmuş torpaqlarımız cənnətin kiçik bir parçasıdır. Bunu burada öz gözlərimizlə görürük.
Nəcad-İslam Fatimə Xəzər rayonu,
Z. Ağayev adına 241 saylı tam orta məktəbin Tarix müəllimi