AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin Çinin CGTN telekanalına verdiyi müsahibə Azərbaycan diplomatiyasının əsas istiqamətlərini və dövlətin strateji hədəflərini əks etdirir

“Prezident İlham Əliyevin Davosda Çinin CGTN telekanalına verdiyi müsahibə Azərbaycan diplomatiyasının əsas istiqamətlərini və dövlətin strateji hədəflərini əks etdirir. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın ən mühüm nailiyyətlərindən biri ərazi bütövlüyünün tam bərpasıdır. Bu proses beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həyata keçirilib. Uzun illər beynəlxalq təşkilatların qeyri-effektivliyi səbəbindən Azərbaycanın öz gücünə ədaləti bərpa etməsi dünya düzənində beynəlxalq öhdəliklərə hörmətin vacibliyini bir daha nümayiş etdirdi”.

Bunu “Obyektivxeber.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra güclü və özünü təmin edən iqtisadiyyat quraraq regionda mühüm mövqeyə sahib olub. Xarici borcun ÜDM-ə nisbəti cəmi 6,9 faiz təşkil edir ki, bu da iqtisadi sabitliyin göstəricisidir. Ölkə mühüm nəqliyyat və enerji layihələrinə imza ataraq regional və qlobal iqtisadi sistemin ayrılmaz hissəsinə çevrilib. Azərbaycan həmçinin COP29 İqlim Konfransına ev sahibliyi edərək, beynəlxalq ictimaiyyətin etimadını qazanıb və bu, ölkənin xarici siyasətinin uğurlarını nümayiş etdirir. Prezident İlham Əliyev müsahibəsində COP29 çərçivəsində Azərbaycanın qlobal iqlim problemlərinin həllinə verdiyi töhfələri vurğulayıb. Xüsusilə kiçik ada dövlətlərinin iqlim dəyişikliyi nəticəsində üzləşdiyi ekzistensial təhlükəyə diqqət çəkib və bu dövlətlərə dəstək üçün konkret addımlar atıldığını bildirib. Azərbaycan həmçinin Qlobal Cənubla Qlobal Şimal arasında iqlim məsələlərində daha möhkəm əlaqələrin qurulmasını təşviq edir.

Onun sözlərinə görə, Azərbaycanın xarici siyasəti balanslı və çoxtərəfli yanaşmaya əsaslanır. Ölkə Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalayıb, Türkiyə, Özbəkistan və Rusiya ilə isə müttəfiqlik bəyannamələri mövcuddur. Prezident İlham Əliyevin sözlərinə görə, bu siyasət yalnız siyasi deyil, həm də praktiki nəticələrə əsaslanır və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır. ABŞ-Azərbaycan münasibətləri son illərdə müəyyən çətinliklər yaşasa da, Prezident İlham Əliyev Tramp administrasiyası dövründə əlaqələrin uğurla inkişaf etdiyini xatırladıb və gələcəkdə yeni əməkdaşlıq mərhələsinə keçidin mümkün olduğunu qeyd edib.

O əlavə edib ki, Prezident İlham Əliyevin CGTN telekanalına verdiyi müsahibə Azərbaycanın beynəlxalq mövqeyini, siyasi və iqtisadi prioritetlərini aydın şəkildə nümayiş etdirir. Azərbaycanın müstəqil və balanslı siyasəti, güclü iqtisadi bazası və qlobal təşəbbüslərdəki fəallığı onu regionda və dünyada etibarlı tərəfdaş kimi mövqeləndirir.

Oxşar Xəbərlər

Back to top button