AnalitikaGündəmSiyasət

Qürur və iftixar günümüz – Zəfər Günü

Hər il Azərbaycanda və onun hüdudlarından kənarda yaşayan azərbaycanlılar 8 Noyabr tarixini – Zəfər Gününü böyük coşqu və qürur hissilə qeyd edirlər. Zəfər Günü 2020-ci ilin 27 sentyabrından 10 noyabrınadək davam edən 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbəmizin şərəfinə təsis olunub. Ən qürurlu və iftixar günümüz olan 8 Noyabr – Zəfər Günü xalqımızın tarixinə əbədi olaraq qızıl hərflərlə yazılıb.
Təxminən 30 ilə yaxın idi ki, doğma torpaqlarımız işgal olunmuşdu, düşmən tapdağı altında idi, amma bir an belə azğın qəsbkarlara ram olmurdu, öz həqiqi sahibini gözləyirdi. Bilirdi ki, nə vaxtsa əsl sahibi gələcək, onu bu əzazil qaniçənlərin əlindən alacaq və öz azadlığına qovuşduracaq. Bu inam günlər, aylar, illər keçsə də bir an belə azalmırdı. Çünki bu inamı ona təlqin edən öz doğma yurd-yuvalarının həsrətini çəkən insanlar, Azərbaycan xalqı idi. Xalqımızın, dövlətimizin fikri-zikri daima əzəli torpağımız olan Qarabağın yanında idi və heç vaxt unudulmurdu.
Çünki Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev daim öz çıxışlarında inamla bildirirdi ki, biz yenidən öz doğma torpaqlarımıza qayıdacağıq, buna heç kimin şübhəsi olmasın. Ulu Öndərin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Dahi Rəhbərin – Ata vəsiyyətini yerinə yetirərək xalqımıza bu qürurlu və iftixar gününü bəxş etdi. Bu gün biz artıq tarixi bir zirvədəyik. Çünki Ali Baş Komandanın rəhbərliyi, xalqımızın birliyi və ordumuzun rəşadəti sayəsində doğma torpaqlarımız azad edilib, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edilib.
Bu Zəfər mədəniyyətimizin beşiyi Şuşanın azad edilməsi ilə nəticələndi ki, bu da hər bir azərbaycanlının qürur və ləyaqət rəmzinə çevrildi. Nə qədərki torpaqlarımız işğal altında idi, biz alnı açıq, qürurla gəzə bilmirdik. İndi isə bütün dünya bizi Qalib xalq kimi tanıyır. Artıq Azərbaycan öz qüdrətinə və uğurlarına görə dünyada orta gücə çevrilib.
Müzəffər Prezident İlham Əliyevin 44 günluk müharibə dövründəki həm döyüş, həm də informasiya meydanlarındakı misilsiz fəaliyyətinin analoqu yoxdur. Heç bir dövlət başçısı bu müddətdə, bu səviyyədə bu nəticə ilə belə nəhəng işlər görməyib, daha dəqiq desək, görə bilməyib. Bax, bu həqiqəti onların özləri də etiraf edirlər.
Bəli, Zəfər Gününə görə biz Müzəffər Ordumuza – canından keçən Şəhidlərimizə və qazi olan qəhrəman əsgərlərimizə minnətdarıq. Onların əvəzini vermək mümkün deyil. Şəhidlərimiz göz görə-görə ölümün üzərinə gedir, Vətən uğrunda canlarını fəda edirdilər. Bunları unutmaqmı olar?!
Müzəffər Prezidentimizin adlandırdığı “Dəmir Yumruq” əks-hücum əməliyyatında xalqımızın 44 günlük müharibədə göstərdiyi sarsılmaz milli birlik və həmrəylik özü bir daha göstərdi ki, millətindən, dinindən, etiqadından asılı olmayaraq döyüşkən xalq kimi Azərbaycan xalqı vahiddir, öz Prezidentinin ətrafında möhkəm birləşib.
Ən əsası isə doğma torpaqlarımıza, Qarabağa əbədi qayıdışımız tarixi ədalətin bərpası idi. Başqa cür ola da bilməzdi. Çünki bizim mübarizəmiz haqlı idi, ədalətli idi. Bizim heç kimin torpağında gözümüz yox idi və biz öz torpaqlarımız uğrunda mübarizə aparırdıq. Beynəlxalq güclər bunu o vaxt görməsələr də, bugün məcbur olub təsdiq edirlər. Azərbaycan BMT kimi bir təşkilatın 30 ildə edə bilmədiyini 44 gündə həll etdi.
Otuz il müddətində işğalçı Ermənistanın silahlı qüvvələri Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərini işğal altında saxladı. Bir milyon soydaşımız məcburi köçkün kimi yaşamaq məcburiyyətində qaldı. Amma beynəlxalq təşkilatların səsi çıxmadı, öz verdikləri qətnamələri belə yerinə yetirmədilər. Düşmən isə bundan daha da güc alır, azğınlaşır və hədyan-hədyan bəyanatlar verirdi. Daima Azərbaycanı təxribata çəkirdi. Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində Azərbaycan daha dözmədi, beynəlxalq hüququ əsas götürərək düşmənin burnunu əzdi. Qırx dörd gün ərzində Azərbaycanın qəhrəman oğulları erməni qəsbkarlarını diz çökdürdülər. Müzəffər Azərbaycan Ordusu otuz ilə yaxın işğalda qalmış ərazilərimizi azad etdi.
Azərbaycan xalqı sübut etdi ki, istər brinci, istərsə də ikinci Qarabağ müharibəsində, həmçinin 2023-cü ilin sentyabrında aparılan lokal xarakterli antiterror əməliyyatlarında Azərbaycanın qəhrəman övladları şücaətlə, qəhrəmanlıqla döyüş bacarıqlarını göstərdilər. Vətənə sevgi, sədaqət Azərbaycan xalqının qanında, varlığındadır. İllər, qərinələr, əsrlər ötsə də, bu, heç zaman, heç vaxt dəyişməyəcək.
“Bizim qəhrəman oğullarımız məğrur xalqın övladlarıdır.” Bu cümlə Azərbaycan xalqının azadlığı, suverenliyi və torpaqlarının bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizi, qazi və əsgərlərimizi tərənnüm edən dərin ehtiram və qürur ifadəsidir.
Bu ifadə xüsusilə Azərbaycanın çoxəsrlik qəhrəmanlıq tarixinə, xüsusən də 44 günlük Vətən Müharibəsinə və torpaqlarımızın azad edilməsi ilə nəticələnən tarixi qələbələrə işarə edir.
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir. Bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu, Şuşa şəhərinin işğaldan azad edildiyi və milli qürurumuzun zirvəyə çatdığı şanlı zəfər günüdür.
Şuşanın azad olunması müharibənin taleyində həlledici rol oynadığı və Ermənistanı təslim olmağa məcbur etdiyi üçün bu şanlı tarix Zəfər Günü kimi əbədiləşdirildi.

Elçin Məmmədəliyev,
YAP Astara rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button