
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə vermişdir. Prezident İlham Əliyevin CGTN telekanalına verdiyi müsahibə Azərbaycanın beynəlxalq arenadakı mövqeyi, iqtisadi inkişafı və xarici siyasət prioritetləri haqqında ətraflı məlumat təqdim edir. Ölkə başçısı müsahibə zamanı Azərbaycanın son illərdə əldə etdiyi ən mühüm nailiyyətlərdən birinin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası olduğunu vurğulayıb. O, bu prosesin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirildiyini qeyd edib. Dövlət başçısı beynəlxalq hüququn normalarının işləmədiyini və beynəlxalq təşkilatların yardımçı olmadığını bildirərək, Azərbaycanın ədaləti öz gücü ilə bərpa etdiyini diqqətə çatdırıb.
Müsahibədə Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyinin bərpasından sonra güclü və özünü təmin edən iqtisadiyyat qurduğunu bildirib. Dövlət başçısı Azərbaycanın milli maraqlarını, həyat tərzini və müstəqil siyasətini qəti şəkildə müdafiə etdiyini, Azərbaycanın regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirdiyini və Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutduğunu vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq etdiyini və 200-dən çox ölkəni bir araya gətirən İqlim Sammitinə ev sahibliyi etdiyini xatırladıb. O, Azərbaycanın namizədliyinin bütün iştirakçı dövlətlər və qurumlar tərəfindən dəstəkləndiyini və bunun ölkənin şaxələnmiş xarici siyasətinin göstəricisi olduğunu bildirib. Dövlət başçısı, həmçinin Azərbaycanın 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik etdiyini qeyd edib.
Həmçinin cənab Prezident müsahibəsində Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istədiyini və bu istiqamətdə Çinlə müzakirələr apardığını bildirib. O, Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünü tam dəstəklədiyini və Orta Dəhlizlə bağlı zəruri infrastrukturun qurulduğunu qeyd edib. Dövlət başçısı, həmçinin Azərbaycanda investisiya mühitinin çox müsbət olduğunu və qeyri-enerji sektoruna daha çox investisiyaların cəlb edilməsinin vacibliyini vurğulayıb. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə dostluq və əməkdaşlıq əlaqələrinə önəm verdiyini vurğulayan İlham Əliyev bildirib ki, Azərbaycan bu təşkilatda dialoq tərəfdaşı statusuna malikdir və ŞƏT-in müxtəlif tədbirlərində fəal iştirak edir.
Azərbaycanın ŞƏT-lə əməkdaşlığı əsasən iqtisadi, ticarət, nəqliyyat, enerji və təhlükəsizlik sahələrini əhatə edir. Xüsusilə, Azərbaycanın Orta Dəhliz vasitəsilə Asiya və Avropa arasında strateji nəqliyyat qovşağı rolunu oynaması ŞƏT ölkələri üçün böyük əhəmiyyət daşıyır. Bundan əlavə, Prezident İlham Əliyevin Davosdakı CGTN telekanalına müsahibəsində Azərbaycanın “Bir Kəmər, Bir Yol” təşəbbüsünü tam dəstəklədiyini və bu layihənin ŞƏT ölkələri ilə əlaqələrin gücləndirilməsinə töhfə verdiyini bildirməsi də diqqətçəkəndir. Azərbaycanın Çin, Rusiya, Qazaxıstan, Özbəkistan və digər ŞƏT üzvləri ilə münasibətləri enerji, nəqliyyat və ticarət sahəsində əməkdaşlığın dərinləşməsinə imkan yaradır. Bu baxımdan, gələcəkdə Azərbaycanın ŞƏT-lə əməkdaşlığının daha da genişlənəcəyi gözlənilir.
Azərbaycanın müstəqil xarici siyasət yürütməsi, iqtisadi inkişafı və beynəlxalq təşkilatlarla, o cümlədən Çin və Şanxay Əməkdaşlıq Təşkilatı ilə strateji tərəfdaşlıq əlaqələri barədə mühüm mesajlar verən bu müsahibə demək olar ki, dünya liderləri tərəfindən maraqla qarşılanmışdır. O, qeyd etmişdir ki, Azərbaycan bu gün təkcə regionda deyil, qlobal səviyyədə də etibarlı tərəfdaş kimi tanınır. Ölkənin iqtisadi, nəqliyyat və enerji sahələrində həyata keçirdiyi genişmiqyaslı layihələr, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığı və “Orta Dəhliz” vasitəsilə Asiya ilə Avropa arasında mühüm tranzit mərkəzinə çevrilməsi Azərbaycanın dünya iqtisadiyyatında rolunu daha da möhkəmləndirir. Gələcəkdə Azərbaycanın ŞƏT, BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumlarla əməkdaşlığının genişlənməsi, qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi və yaşıl enerjiyə keçid strategiyasının inkişaf etdirilməsi ölkənin dayanıqlı inkişafına töhfə verəcək. Bu baxımdan, Prezident İlham Əliyevin Davosdakı çıxışı və CGTN telekanalına verdiyi müsahibə Azərbaycanın beynəlxalq arenada mövqeyinin daha da güclənəcəyini göstərir.
Gülarə Muxtar,
Xəzər rayonu, 149 №li tam orta məktəbin müəllimi



