
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Cənab Prezident İlham Əliyevin yanvarın 20-də Davosda Çinin CGTN kanalına müsahibəsi dərinləşən qlobal ziddiyyətlər fonunda Azərbaycanın müəyyən etdiyi yol xəritəsi, o cümlədən qlobal Şimal və qlobal Cənub arasında ölkəmizin körpü rolunun effektiv formada artırılması üçün qəti siyasi iradə ifadəsi hesab oluna bilər:
Aydındır ki, bir ölkənin yaratdığı reallıqları qoruması və bütövlükdə qlobal proseslərə təsir imkanına malik olması üçün ilk növbədə həmin dövlət özü suveren imkanlara malik olmalıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev adıçəkilən müsahibədə xüsusi olaraq qeyd etdi ki, ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası olub.
Digər bir məqam isə ondan ibarətdir ki, dövlətimizin başçısı beynəlxalq miqyasda xalqının maraqlarını qoruyan, verdiyi bütün vədləri yerinə yetirən lider kimi tanınır. Jurnalistin sualına cavab olaraq Prezident İlham Əliyev bildirib: “Liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır. Lakin bizə gəldikdə, iyirmi ildən artıq müddət ərzində mən həmişə Azərbaycan xalqına həqiqəti söyləmişəm. Bu həqiqətin müsbət və ya mənfi olmasından asılı olmayaraq. Həmişə xalqıma biz ədaləti bərpa edəcəyik söyləmişəm və xalqım da mənə inanıb. 17 il hakimiyyətdə olandan sonra biz, nəhayət, vəd etdiklərimizi yerinə yetirdik və suverenliyimizi, ərazi bütövlüyünü və ləyaqətimizi bərpa etdik”.
Müsahibədə də ifadə olunduğu kimi, hər bir sahədə əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var və bu, Azərbaycanın həm də daxili siyasətinin davamıdır. Beynəlxalq hüquqa, ümumbəşəri dəyərlərə sadiq olan Azərbaycan həm də artıq yaratdığı yeni geosiyasi reallıqla yalnız Cənubi Qafqaz və Xəzər regionunda deyil, daha geniş coğrafiyada sabitliyə, regional sülhə töfhə verməkdədir və bu, bir sıra qlobal aktorlar, o cümlədən Çin tərəfindən çox yüksək qiymətləndirilir.
O cümlədən, dünyanı narahat edən iqlim dəyişikliyi və Qlobal Cənubun rolu barədə cavab da ölkə rəhbərinin proqnozlarının hər zaman doğru olduğuna bir sübutdur. Bütün ölkələr şahid oldu ki, COP29 çərçivəsində Azərbaycanın inkişaf etməkdə olan ölkələr, xüsusilə kiçik ada dövlətləri üçün dəstək təşəbbüsləri qlobal ədalətin bərpasına yönəlmiş addımdır.
Müsahibədə Cənab Prezident İlham Əliyev nəqliyyat əlaqələri sahəsində əməkdaşlığın vacibliyinə də toxunub və Azərbaycanın Şərqlə Qərb arasında yüklərin daşınmasını təmin edən Orta Dəhliz layihəsində əsas rol oynaya biləcəyini deyib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan müstəqilliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına və beynəlxalq tərəfdaşlığa yönəlmiş xarici siyasətini fəal şəkildə inkişaf etdirməkdə davam edir. Dövlətimizin başçısı Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə yönəlmiş sabit və çoxvektorlu xarici siyasətinin əhəmiyyətindən də söhbət açıb. Eyni zamanda, ölkəmizin beynəlxalq aləmdə uğurlu fəaliyyət göstərməsi üçün sabit daxili siyasətin və güclü iqtisadiyyatın vacibliyini diqqətə çatdırıb.
Bir sözlə, Prezident İlham Əliyevin Davosdakı müsahibəsi Azərbaycanın müasir qlobal siyasətdəki rolunu, iqtisadi və diplomatik strategiyalarını əks etdirir. Azərbaycan müstəqil və güclü beynəlxalq söz sahibi kimi çıxış edir. Ölkə iqtisadi və siyasi müstəqilliyini qoruyaraq, beynəlxalq platformalarda özünü təsdiqləyir.
Ölkə rəhbərinin müsahibəsi bir daha göstərdi ki, Azərbaycanın xarici siyasətində balanslaşdırılmış yanaşma prioritet olaraq qalır. Ölkə təkcə bir güc mərkəzinə bağlı qalmayaraq, müxtəlif geosiyasi bloklarla əməkdaşlıq edir.
Aygül Bərxudarova,
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin biologiya müəllimi