AnalitikaGündəmSosial

Azərbaycan qadını hər zaman cəmiyyətin aparıcı qüvvələrindən biri olmuşdur

Azərbaycan tarixi boyu qadınlar cəmiyyətin bütün sahələrində fəal iştirak etmiş, həm dövlət idarəçiliyində, həm də Vətənin müdafiəsində böyük xidmətlər göstərmişlər. Qədim dövrlərdən bu günə qədər Azərbaycan qadını yalnız ailənin sütunu deyil, həm də xalqın inkişafında və milli kimliyinin qorunmasında mühüm rol oynamışdı. Azərbaycan qadınlarının qəhrəmanlıq tarixi hələ qədim dövrlərdən başlayır. “Kitabi-Dədə Qorqud” dastanında qadın obrazları cəsarət, sədaqət və mərdlik nümunəsi kimi təqdim olunur. Burada Banıçiçək, Burla Xatun kimi qadın qəhrəmanlar yalnız evin xanımı deyil, eyni zamanda döyüş meydanında igidlik göstərən savaşçılardır. Qədim və orta əsr mənbələri də Azərbaycan qadınlarının döyüşçü və dövlət adamı kimi fəaliyyətindən bəhs edir. Məsələn, Manna dövlətinin hökmdarı olmuş Nüşabə ağıllı siyasəti və güclü iradəsi ilə tanınmışdır. Tomris isə eramızdan əvvəl VI əsrdə Massagetlərin hökmdarı olmuş, fars hökmdarı II Kirə qalib gələrək öz xalqını yadelli işğalçılardan qorumuşdur.Orta əsrlərdə də Azərbaycan qadınları siyasi və ictimai həyatda mühüm rol oynamışlar. Səlcuqlar və Ağqoyunlular dövründə Sara Xatun kimi diplomat qadınlar mühüm danışıqlarda iştirak etmiş, Osmanlı sultanları ilə görüşlər keçirmişlər.

Möminə Xatun da Azərbaycanın tarixinə adını yazdırmış qadınlardan biridir. O, Atabəylər dövlətinin görkəmli hökmdarı Şəmsəddin Eldənizin həyat yoldaşı olmuş və dövlətin idarə olunmasında fəal rol oynamışdır. Onun şərəfinə Naxçıvanda inşa edilən Möminə Xatun türbəsi bu gün də tarixi irsin nadir nümunələrindən biri sayılır. Qarabağ xanlığının sonuncu hökmdarı İbrahimxəlil xanın həyat yoldaşı Tutu Bikə də Azərbaycan tarixinə adını yazdırmış qadınlardan biridir. O, xanlığın çətin dövrlərində mühüm qərarlar vermiş, xalqın mənafeyini qorumağa çalışmışdır.Bu gün də Azərbaycan qadınları siyasətdə, elmdə, mədəniyyətdə və hərbi sahədə mühüm nailiyyətlər əldə edirlər. Onlar dövlətin idarəçiliyində, ictimai təşkilatlarda, beynəlxalq arenada fəal iştirak edirlər. Azərbaycan qadını hər zaman cəmiyyətin aparıcı qüvvələrindən biri olmuşdur. Onlar təkcə ailə dəyərlərinin qoruyucusu deyil, həm də ölkənin tərəqqisi, müstəqilliyi və inkişafı yolunda mühüm xidmətlər göstərən şəxslər olmuşlar. Tarixin bütün mərhələlərində Azərbaycan qadınları öz əzmkarlığı, qəhrəmanlığı və zəkası ilə seçilmiş və bu gün də cəmiyyətin inkişafında önəmli rol oynamağa davam edirlər.

İstər tarixdə, istərsədə siyasi həyatda qadınların rolu danılmazdır elə odur ki, Azərbaycan qadınları tarix boyu cəmiyyətin müxtəlif sahələrində mühüm rol oynamış, dövlət quruculuğu, elm, mədəniyyət və ictimai-siyasi proseslərdə fəal iştirak etmişlər. Qadın haqlarının təmin olunması istiqamətində atılan addımlar ölkəmizdə gender bərabərliyinin möhkəmlənməsinə, qadınların cəmiyyətin idarə olunmasında daha fəal rol almasına imkan yaratmışdır. Azərbaycan qadınları 1918-ci ildə Şərqdə ilk dəfə olaraq seçib-seçilmək hüququ əldə etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti qadınlara bu haqqı verən ilk müsəlman ölkəsi olmaqla yanaşı, bir çox Avropa ölkələrindən belə bu sahədə öndə olmuşdur. Həmin dövrdə qadınların siyasi hüquqlarının tanınması onların ictimai-siyasi həyata daha aktiv qoşulmasına şərait yaratmış və gender bərabərliyinin formalaşması üçün mühüm addım olmuşdur.

Qadınlara seçki hüququnun verilməsi onların siyasi fəaliyyətini genişləndirmiş və bu gün də ölkənin idarəetmə orqanlarında, parlamentdə və yerli icra strukturlarında fəal iştirakını təmin etmişdir. Hazırda Azərbaycan qadınları parlament üzvü, nazir, diplomat, eləcə də müxtəlif dövlət və özəl sektorda yüksək vəzifələrdə çalışaraq dövlətin inkişafında əvəzsiz xidmətləri vardır.

Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Dahi şəxsiyyət ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. O, qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ölkənin inkişaf strategiyasında qadınların roluna xüsusi önəm vermiş, onların cəmiyyətin bütün sahələrində fəal iştirakını təmin edən mühüm addımlar atmışdır. Onun rəhbərliyi ilə qadın hüquqlarının qorunması və gender bərabərliyinin gücləndirilməsi istiqamətində ciddi islahatlar həyata keçirilmişdir.Heydər Əliyev qadınları cəmiyyətin ayrılmaz və mühüm tərkib hissəsi hesab edir, onların ictimai-siyasi, iqtisadi və mədəni həyatdakı rolunu yüksək qiymətləndirirdi. O, çıxışlarının birində bu barədə belə demişdir: “Azərbaycan qadını tarix boyu ailənin dayağı, cəmiyyətin fəal üzvü və Vətənimizin müdafiəçisi olmuşdur. Biz qadınlarımızın zəhmətini yüksək qiymətləndirir, onların cəmiyyətin bütün sahələrində fəal iştirakını dəstəkləyirik.”

Heydər Əliyevin siyasi kursunda qadınların lider kimi yetişməsinə xüsusi önəm verilmiş, onların təhsil alması, elm və idarəetmə sahələrində irəliləməsi üçün geniş imkanlar yaradılmışdır. Onun rəhbərliyi dövründə qadınların hüquqlarının qorunması, onların iqtisadi, siyasi və sosial həyatda rolunun artırılması üçün bir çox mühüm qərarlar qəbul edilmişdir.Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyasında qadın və kişilərin hüquq bərabərliyi təsbit edilmişdir. 1995-ci ildə qəbul edilən Konstitusiyanın 25-ci maddəsində qeyd olunur ki, irqindən, cinsindən, dinindən və digər fərqlərdən asılı olmayaraq bütün vətəndaşlar eyni hüquq və azadlıqlara malikdirlər.

Bundan əlavə, 1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasına qoşulmuşdur. Heydər Əliyevin siyasi iradəsi nəticəsində ölkəmizdə qadın siyasəti beynəlxalq standartlara uyğunlaşdırılmış, gender bərabərliyinin təmin olunması üçün dövlət proqramları qəbul edilmişdir. Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə Azərbaycan qadınlarının birinci qurultayı keçirilmişdir. Bu qurultay ölkədə qadınların hüquqlarının müdafiəsi və onların ictimai-siyasi həyatdakı rolunun artırılması istiqamətində mühüm addımlardan biri olmuşdur.

Ölkəmizdə 8 Mart – Beynəlxalq Qadınlar Günü rəsmi bayram kimi qeyd olunur. Hər il bu gün münasibətilə müxtəlif sahələrdə uğur qazanan Azərbaycan qadınları dövlət tərəfindən fəxri adlar, orden və medallarla təltif edilirlər. Bu, qadınların cəmiyyətə verdiyi töhfələrin yüksək qiymətləndirilməsinin və onların rolunun daim diqqət mərkəzində saxlanıldığının göstəricisidir.Qadınlar Azərbaycan parlamentində də aktiv iştirak edirlər. Onların sayı zamanla artaraq gender bərabərliyinin inkişaf etdiyini göstərir. Belə ki, V çağırış Milli Məclisdə 21, VI çağırışda 22, VII çağırışda isə 26 qadın deputat seçilmişdir. 2020-ci ildən etibarən Milli Məclisin sədri Sahibə Qafarova qadınların parlamentdəki rolunun daha da gücləndiyini nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət qadın siyasəti yeni meyarlarla zənginləşdirilərək davam etdirilir. Ölkə başçısının rəhbərliyi altında Azərbaycan yalnız iqtisadi və siyasi sahədə deyil, həm də gender bərabərliyinin təmin olunması istiqamətində mühüm addımlar atmışdır. Bu siyasətin əsas göstəricilərindən biri 2006-cı ildə qəbul olunan “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” və 2010-cu ildə qəbul edilən “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlardır. Bu qanunlar qadınların hüquqlarının daha effektiv müdafiəsinə və cəmiyyətdə bərabər imkanların yaradılmasına xidmət edir.

Xanımlar hər zaman bizim dayağımız, anamız, bacımız yeri gəldikdə həyatımızı paylaşdığımız zərif varlıqlardır. 8 Mart – Beynəlxalq Qadınlar Günü Azərbaycanda təkcə bayram deyil, eyni zamanda, qadınların cəmiyyətdəki rolunun yüksək qiymətləndirildiyi gündür. Tarix boyu Azərbaycan qadınları ailənin dayağı olmaqla yanaşı, dövlət idarəçiliyində, elmdə, mədəniyyətdə və ictimai-siyasi həyatda mühüm rol oynamışlar. Dövlət səviyyəsində qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması istiqamətində mühüm addımlar atılmışdır. Qəbul olunan qanunlar və həyata keçirilən islahatlar qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakına imkan yaratmışdır.

Bu gün Azərbaycan qadınları ölkənin inkişafına töhfə verməyə davam edir, müxtəlif sahələrdə mühüm nailiyyətlər əldə edirlər. 8 Mart onların əməyinin, fədakarlığının və cəmiyyətimiz üçün əhəmiyyətinin bir daha vurğulandığı gündür. Bu bayram münasibətilə bütün Azərbaycan qadınlarını təbrik edir, onlara uğur, sağlamlıq və xoşbəxtlik arzulayırıq!

Cavid Cəfərzadə,
Xəzər rayonu, 206 nömrəli tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button