AnalitikaGündəmSiyasət

8 Noyabr – Zəfər Günü: Azərbaycan xalqının qəhrəmanlığının, milli birliyinin və tarixi qələbəsinin təntənəsi

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının müasir tarixində ən möhtəşəm və əlamətdar hadisələrdən biridir. Bu gün xalqımızın milli birliyinin, Vətənə bağlılığının, qəhrəmanlığının və dövlətimizin hərbi-siyasi qüdrətinin təntənəsini ifadə edir. Zəfər Günü 2020-ci ildə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi qələbənin rəmzi kimi qeyd olunur. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlamışdır. Beləliklə, 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələyə çevrilmişdir. Müharibə dövründə Azərbaycan Ordusu yüksək döyüş hazırlığı, peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirərək Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər yaşayış məntəqələrini, eləcə də strateji əhəmiyyətə malik əraziləri işğaldan azad etmişdir. Vətən müharibəsinin ən mühüm hadisələrindən biri 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi olmuşdur. Mürəkkəb dağlıq relyef şəraitində həyata keçirilən Şuşa əməliyyatı Azərbaycan hərb tarixinin ən parlaq qəhrəmanlıq səhifələrindən biri kimi yadda qalmışdır. Şuşanın azad olunması müharibənin gedişində həlledici rol oynamış və Ermənistanı hərbi məğlubiyyətlə barışmağa məcbur etmişdir. Məhz bu tarixi qələbənin şərəfinə Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli sərəncamı ilə noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü elan edilmişdir. 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırılmışdır. Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarılmışdır. Bununla da Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi mərhələ başa çatmışdır. Zəfərin əldə olunmasında Azərbaycan xalqının birliyi, Cənab Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, Azərbaycan Ordusunun yüksək peşəkarlığı və xalqımızın milli həmrəyliyi mühüm rol oynamışdır. Müharibə dövründə ölkə vətəndaşları vahid məqsəd ətrafında birləşərək dövlətə və orduya dəstək göstərmiş, xaricdə yaşayan soydaşlarımız da Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəallıq nümayiş etdirmişlər. Vətən müharibəsində qazanılan Qələbə yalnız hərbi uğur deyil, həm də beynəlxalq hüququn və tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyət daşıyır. Bu Zəfər Azərbaycan xalqının uzun illər davam edən işğala qarşı mübarizəsinin nəticəsi olmaqla yanaşı, ölkəmizin beynəlxalq mövqelərini də gücləndirmişdir. Azərbaycan Ordusunun müasir hərbi texnologiyalardan və yeni döyüş taktikasından istifadə etməsi müasir hərb tarixində diqqətəlayiq təcrübə kimi qiymətləndirilmişdir. Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılmışdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yollar, tunellər, hava limanları, elektrik stansiyaları, yaşayış kompleksləri və sosial infrastruktur obyektləri inşa edilmişdir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışı təmin olunur. Bu proses Azərbaycanın müharibədən sonrakı inkişaf strategiyasının əsas istiqamətlərindən birini təşkil edir. 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının bütün ərazisində suverenliyi tam bərpa edilmişdir. Bu hadisə 2020-ci ildə əldə olunmuş Zəfərin siyasi və hüquqi nəticələrinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir. 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin ən şanlı səhifələrindən biridir. Bu tarix şəhidlərimizin müqəddəs xatirəsini, qazilərimizin fədakarlığını, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığını özündə yaşadır. Zəfər Günü gələcək nəsillərə Vətən sevgisi, milli birlik, müstəqillik və dövlətçilik dəyərlərini aşılayan mühüm tarixi gündür. Azərbaycan xalqı bu Qələbəni heç zaman unutmayacaq və Zəfər salnaməsini daim qürurla xatırlayacaqdır.

Sidiqə Qasımova, 
YAP Yasamal rayon təşkilatının fəal gənci

Oxşar Xəbərlər

Back to top button