AnalitikaGündəmSosial

8 Mart qadınların mübarizəsi və cəmiyyətə verdikləri töhfələrə olan diqqəti artırmaq üçün qeyd edilir

8 Mart – Beynəlxalq Qadınlar Günü qadınların hüquqlarını müdafiə etmək, onların cəmiyyətdəki rolunu vurğulamaq üçün qeyd edilən beynəlxalq bayramdır. Bu günün əsası 1908-ci ildə Nyu-Yorkda 15 min qadının iş şəraitinin yaxşılaşdırılması, bərabər əməkhaqqı və seçki hüququ tələbi ilə keçirdiyi etiraz yürüşü ilə qoyulub. 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən beynəlxalq qadın konfransında alman sosialist fəalı Klara Setkinin təşəbbüsü ilə 8 Mart Beynəlxalq Qadınlar Günü kimi qeyd olunmağa başlanıb. Azərbaycanın ümummilli lideri Heydər Əliyev qadın hüquqlarının qorunması və onların cəmiyyətdə aktiv iştirakının təmin olunması istiqamətində mühüm addımlar atmışdır. O, hakimiyyətdə olduğu dövrlərdə qadınların hüquqlarını qoruyan qanunların qəbul edilməsinə və gender bərabərliyinin təmin olunmasına böyük önəm verirdi.

1995-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan qadınlarının IV Qurultayı keçirildi və burada qadınların hüquqlarının genişləndirilməsi ilə bağlı bir çox qərarlar qəbul edildi. Həmçinin, 1998-ci ildə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzalandı. Bu fərman Azərbaycan qadınlarının siyasi, sosial və iqtisadi həyatda fəal iştirakını təmin edən mühüm sənədlərdən biri oldu. Heydər Əliyevin qadın hüquqlarına verdiyi əhəmiyyət sayəsində Azərbaycan qadınları ölkənin idarə olunmasında, elm, təhsil və iqtisadi sahələrdə daha geniş yer tutmağa başladılar.

Müasir dövrdə Azərbaycan qadınlarının inkişafı və onların cəmiyyətdəki rolunun gücləndirilməsi istiqamətində bir çox mühüm addımlar atılır. Bu sahədə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti “Mehriban Əliyeva”nın fəaliyyəti xüsusi qeyd edilməlidir. O, təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə bir sıra layihələr həyata keçirərək qadınların hüquqlarının müdafiəsinə töhfə verir. Mehriban Əliyeva Azərbaycanın milli dəyərlərini dünyaya tanıtmaq, qadınların sosial rifahını artırmaq üçün aktiv iş aparır. Heydər Əliyev Fondu tərəfindən qadınların təhsili və sağlamlığı ilə bağlı layihələr həyata keçirilir. Qadınların cəmiyyətdə rolunun artırılması və onların daha güclü olması üçün müxtəlif tədbirlər təşkil olunur.

8 Mart yalnız qadınları təbrik etmək üçün bir bayram deyil, eyni zamanda onların tarixi nailiyyətlərini və cəmiyyətə verdikləri töhfələri xatırlamaq üçün bir fürsətdir. Azərbaycan qadınları hər zaman döyüş meydanında, dövlət idarəçiliyində, elm və mədəniyyətdə mühüm rol oynayıblar və bu ənənə bu gün də davam edir. Bu gün bütün qadınlara sevgi və hörmətimizi ifadə edərək, onların daha da uğurlu və xoşbəxt olmalarını arzulayırıq!

Mustafazadə Aynurə,
124 Nömrəli məktəbin  Azərbaycan dili və ədəbiyyat müəllimi 

Oxşar Xəbərlər

Back to top button