AnalitikaGündəmSosial

Qadınlarımız ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar

Qadınlar günü ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilib. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə qeyd edilib. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilirdi. Beynəlxalq Qadınlar Gününün martın 8-də keçirilməsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və digər ölkələrin qadınlarının öz həmrəylik gününü məhz bu tarixdə qeyd etməsindən sonra ənənə halını aldı.

1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

Ümummilli lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyirdi: “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu qadınlara həsr olunubdur.İnsan cəmiyyətində qadının rolu,əhəmiyyəti məlumdur. Qısaca demək olar ki,qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə göstərdikləri xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar..”

Ulu öndərin dediyi sözlərdən də görünür ki, ülvilik, zəriflik rəmzi olan qadın,ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırmış, onların hərtərəfli inkişafına imkan yaratmışdır. Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli lider qadın şəxsiyyətinə hər zaman hörmətlə yanaşmışdır. Bu siyasətin prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Qadınlarla bağlı məsələlərin həlli üçün qanunlar qəbul edilməsi, fərman və sərəncamların imzalanması qadın hüquqlarının reallaşması istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir. 8 mart ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verilir, onlar orden və medallarla təltif edilir.

Qadınlarımız ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Birinci vitse-prezident Mehriban Əliyevanın ölkənin ictimai həyatındakı uğurlu fəaliyyəti bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir.

Qadınlarımız təkcə mövcud cəmiyyətdə deyil, bundan əvvəlki dövrlərdə də öz dərin zəkaları, xidmətləri ilə xalqa və cəmiyyətə fədakarcasına xidmət etmişlər. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarınızın adları tariximizə həkk olmuşdur. Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququnun verilməsi hələ keçən əsrdə qadına verilən dəyərin böyüklüyünü sübut edir.

Dövlət müstəqilliyinin bərpasından sonra da Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olmuş, öz, mübarizliyi ilə tanınmış, döyüş meydanında şücaət göstərmişdir. Eləcə də 44 günlük müharibədə həm ön cəbhədə, həm arxa cəbhədə qəhrəman qadınlarımız mübarizə aparmışdır.

Məleykə Əkbərova,
Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi 

Oxşar Xəbərlər

Back to top button