
Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının Ümummili Lider Heydər Əliyevin adı ilə bağlı olması tarixi faktdır. O, qadınların idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib amil kimi hər zaman irəli sürmüşdür. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir. Dövlət qadın siyasəti sahəsində görülən işlər davamlı xarakter daşımış və Ulu Öndər Heydər Əliyev tərəfindən 6 mart 2000-ci il tarixində “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalanmışdır. Fərmana əsasən Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması təmin edilməsi tapşırılmışdır. Həmçinin, respublikada qadınların vəziyyətinə dair beynəlxalq standartlara cavab verən statistik məlumatların hazırlanması barədə tapşırıq verilmişdir. Bu Fərman bütün dövlət orqanları və digər təşkilatların gender bərabərliyinin təmin edilməsi ilə bağlı fəaliyyətinin təkmilləşdirilməsinə, həyata keçirdikləri siyasətlərə gender amilinin daxil edilməsinə imkan verdi. 2000-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti 2000-2005-ci illər üçün “Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı”nı qəbul etmişdir. Milli Fəaliyyət Planı milli prioritetləri nəzərə alaraq, siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, əhatə etmişdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz hərtərəfli fəaliyyəti ilə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə Azərbaycan qadınının nüfuzunu yüksəldir. Onun həyata keçirdiyi layihələr və xeyirxahlıq missiyası cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır. Mehriban xanım Əliyeva Azərbaycanın mədəniyyətinin dünyada tanıdılması üçün genişmiqyaslı işlər görür. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərimizin qorunması, təhsilin, səhiyyənin və sosial sahənin inkişafına yönəlmiş bir sıra mühüm təşəbbüslər həyata keçirir. Fondun fəaliyyəti nəticəsində Azərbaycan mədəniyyəti beynəlxalq platformalarda geniş təbliğ olunur. Ölkənin “yumşaq güc” siyasətinin əsas daşıyıcılarından biri olan Mehriban xanım Əliyevanın humanitar layihələri Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərir. Onun təşəbbüsü ilə həyata keçirilən xeyriyyəçilik tədbirləri təkcə ölkə daxilində deyil, həm də xaricdə bir sıra ölkələri və qitələri əhatə edir. Bu, Azərbaycanın mədəni diplomatiyasının güclənməsinə və dünya miqyasında daha çox dost qazanmasına imkan yaradır. Heydər Əliyev Fondunun uğurlu fəaliyyəti nəticəsində ölkəmizdə bir çox sosial və humanitar layihələr reallaşdırılıb. Bu fəaliyyətlər təkcə milli maraqlara xidmət etmir, eyni zamanda, Azərbaycan qadınının mərhəmətini, xeyirxahlığını, yüksək əxlaqi və intellektual dəyərlərə malik olduğunu nümayiş etdirir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr ölkənin sosial rifahına, mədəni və elmi inkişafına mühüm töhfələr verir. Bu fəaliyyət Azərbaycan qadınının cəmiyyətin aparıcı qüvvələrindən biri olduğunu göstərir və onların potensialının tam reallaşdırılması üçün geniş imkanlar açır. Prezident İlham Əliyevin ötən il 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanlandığı təbrikdə qeyd edildiyi kimi, xalqımıza xas ənənəvi ailə dəyərlərinə sadiq qalan çağdaş Azərbaycan xanımları, eyni zamanda, güclü müasirlik duyğusuna və yenilikçi təbiətə sahibdirlər. Mədəni tərəqqi yolunda əzmlə çalışmış maarifpərvər sələflərinin yaradıcı düşüncəli davamçıları kimi onların hazırkı yüksək ictimai nüfuzu və səhiyyə, təhsil, mədəniyyət, elm sahələrindəki mühüm nailiyyətləri ölkəmizin hərtərəfli inkişafını səciyyələndirən amillərdəndir: “Biz müstəqillik dövrümüzün şərəfli və qürurverici mərhələsindəyik. İnanıram ki, Azərbaycan qadınları gənc nəslin vətənə, milli ideallarımızın təcəssümü olan dövlətçiliyimizə sədaqət ruhunda yetişməsini bundan sonra da xüsusi diqqətdə saxlayacaq, cəmiyyətin yüksəlişinə ahəngdarlıq qazandıran dolğun sosial-mədəni fəaliyyətləri ilə parlaq gələcəyimiz naminə quruculuq işlərində yaxından iştirak edəcəklər.”
Bədiyyə Sadıqova,
Yap-ın gənc fəalı