
8 Mart – Beynəlxalq Qadınlar Günü isə bütün bu dəyərlərin qeyd olunduğu bir gündür. Bu gün qadınların cəmiyyətə verdiyi töhfələr, onların əvəzsiz rolu, sevgi və fədakarlıqları xüsusi vurğulanır və diqqət yetirilir.
Azərbaycan qadını tarix boyu təkcə ailənin deyil, həm də xalqın taleyində mühüm rol oynayıb. O, həm müdrik dövlət xadimi, həm cəsur döyüşçü, həm də elmin və mədəniyyətin inkişafında önəmli fiqur olub. Sara Xatun, Tomris, Nüşabə kimi qadınlarımız dövləti idarə ediblər, Möminə Xatun öz irsi ilə tarixə iz qoyub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlarımız Şərqdə ilk dəfə seçib-seçilmək hüququ qazanaraq, ölkənin siyasi həyatında fəal iştirak ediblər. Bu gün də Azərbaycan qadını öz zəkası, əzmkarlığı və sədaqəti ilə həm ailədə, həm iş həyatında, həm də cəmiyyətin müxtəlif sahələrində uğurla yer alır.
Bu günümüzdə qadınların rolu daha da artır. Onlar siyasətdə, biznesdə, elmdə, mədəniyyətdə, səhiyyədə və bir çox sahələrdə uğur qazanırlar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti qadınların gücünü və potensialını nümayiş etdirən ən gözəl nümunələrdən biridir. Mehriban xanım Əliyevanın hərtərəfli və parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir.
Azərbaycan qadını təkcə sosial və iqtisadi sahələrdə deyil, həm də vətənin müdafiəsində öz təsirini göstərib. İkinci Qarabağ müharibəsində qadınlarımız ön və arxa cəbhələrdə fəal iştirak edərək, vətənpərvərliklərini bir daha sübut ediblər. Onlar arasında tibb bacıları, rabitəçilər və digər sahələrdə çalışanlar olub, hər biri öz sahəsində fədakarlıq nümayiş etdirib.
Qadınlarımızın fədakarlığı səmalarımızda da özünü göstərir. Hökümə Cəlil qızı Əliyeva belə qəhrəmanlarımızdan biridir. 1991-ci il avqustun 8-də Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olan Hökümə, 2016-cı ildən AZAL-da təyyarə bələdçisi kimi çalışıb. 25 dekabr 2024-cü ildə Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olub. Anası Kəmalə Əliyeva onunla bağlı xatirələrini belə bölüşüb: “Hökümə çox gülərüz idi. Əksər ölkələrdə olmuşdu. Hər zaman deyirdi ki, mənimlə fəxr edin.” O, 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn edilib.
8 Mart qadınlara olan hörmətin, sevginin ifadə olunduğu bir gündür. Ancaq qadınlar tək bir gün deyil, hər gün xatırlanmalı, dəyərləndirilməlidir. O, hər gün fədakarlıq edir, sevgi verir, həyat bəxş edir. Ümummilli Lider Heydər Əliyevin sözləri bu günü ən gözəl şəkildə ifadə edir: “Bu bayram, doğrudan da bizim bütün bayramlarımız içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. Qadınsız insan yoxdur, qadınsız həyat yoxdur.”
8 mart münasibətilə bütün qadınları təbrik edir, onların hər zaman dəyərli, güclü və xoşbəxt olmasını arzulayırıq.
Kərimli Müşərrəf,
YAP-ın gənc fəalı