
06.03.2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatı və “Balakhani Operating Company LTD” şirkətinin birgə təşkilatçılığı ilə YAP Sabunçu Rayon Təşkilatının yaradılmasının 32-ci ildönümü və “8 mart – Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş “Qürur və Zəfər yolu” adlı tədbir keçirilib.
Obyektivxeber.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.
Tədbirdə Dövlət Himni səsləndirildikdən sonar Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov təşkilatın 32 illik fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. Qeyd olunub ki, dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin uğurla rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası çətin və şərəfli yol keçib. Bu gün YAP nəinki ölkəmizin, bütövlükdə Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatı kimi tanınır və nüfuz qazanıb. Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyinin daimiliyini təmin etdi, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev ərazi bütövlüyümüzü bərpa etməklə Azərbaycanı dünyaya qalib ölkə kimi təqdim etdi. YAP Sabunçu Rayon Təşkilatı bu 32 il ərzində hər zaman rayonun və partiyanın ictimai-siyasi həyatında əvəzolunmaz rol oynayıb.
Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev bildirib ki, bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Ümummilli liderin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” tezisini həyat amalına çevirib, müasir müstəqil, qalib Azərbaycanın daha da qüdrətlənməsinə öz töhfələrini verməyə səy göstərir. Vurğulanıb ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Bu gün Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olaraq nüfuzu davamlı olaraq artır.
Prezident təqaüdçüsü, əməkdar mühəndis Telman Cəfərov çıxış edərək qeyd edib ki, YAP tarixin sınaqlarından şərəflə çıxan, qələbələr partiyası kimi nüfuz qazanan partiyadır. Çünki bu partiyanın yaradıcısı zəngin idarəçilik təcrübəsinə malik olan Ulu Öndər Heydər Əliyevdir. Bu gün partiyanın gücü Ulu öndər Heydər Əliyev ideyalarından, eyni zamanda, onun siyasətinin ən layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasətindən qaynaqlanır. 15 oktyabr 2003-cü il ölkəmizinin inkişafında keyfiyyətcə yeni mərhələ kimi qədəm qoyub.
Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva vurğulayıb ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək millətə, xalqa, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir. Ölkəmizin əldə etdiyi zəfərlərdə və uğurlarda siyasi müstəvidə Yeni Azərbaycan Partiyasının müstəsna xidmətləri vardır.
Daha sonra çıxış edən Pərvanə Əzimova, Mehriban Hacıyeva, Vəli Qaraçaylı, Ata Babayev, Namiq Muradov və digərləri bildiriblər ki, bu gün partiyanın sıralarında birləşən üzvlərin böyük əksəriyyəti gənclərdir. Ulu Öndər Heydər Əliyev daim bu çağırışı edirdi ki, gələcəyimiz gənclərə bu gün nəyi və necə öyrətməyimizdən asılıdır. Dahi şəxsiyyətin bu tezisi bütün dövrlər üçün öz aktuallığını qoruyur. Bu gün tarixi Zəfərimizin qəhrəmanlarından bəhs edərkən gənclərimizin vətən, torpaq sevgisini böyük qürurla qeyd edirik.
Tədbirin sonunda YAP Sabunçu Rayon Təşkilatının yaradılmasının 32 illiyi münasibətilə bir qrup təşkilat üzvünə Fəxri Fərman, diplom, yubiley hədiyyələri və partiya sıralarına yeni qəbul olanlara üzvlük vəsiqələri təqdim edilib.