
Əgər ABŞ mövqeyini dəyişsə, İran nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyə hazırdır.
Obyektivxeber.az “Report”-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Yaponiyanın “Kyodo” agentliyinə müsahibəsində bildirib.
Nazir vurğulayıb ki, Tehranın nüvə proqramı ilə bağlı danışıqların nəticə verməsi ABŞ-dən asılıdır:
“Danışıqlar prosesi ABŞ-nin yanaşmasından asılıdır. Əgər Vaşinqton kursunu dəyişsə, İran da hər iki tərəf üçün ədalətli və balanslı nəticəyə nail olmağa hazır olacaq”.
İran XİN rəhbəri həmçinin ölkəsinin Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulmasına dair mövqeyini açıqlayıb:
“İran müqaviləyə sadiqdir və Yaponiya kimi nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə etmək hüququna malikdir”.



