İqtisadiyyatGündəm

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında iqtisadi əlaqələrin dərinləşməsi və praktiki olaraq ticarət dövriyyəsində artımlar müşahidə olunur. Qazaxıstan Mərkəzi Asiya və Azərbaycanın ən vacib tərəfdaşlarından biridir.

Bu fikirləri Obyektivxeber.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

“Ölkələr bir tərəfdən ticarət sahəsində, digər tərəfdən isə iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlıq edirlər. Birgə investisiya layihələri, eyni zamanda, bütövlükdə regional və qlobal məsələlərlə bağlı həyata keçirilən dostluq və qardaşlıq siyasəti ondan xəbər verir ki, ölkələr arasında strateji münasibətlər həm də iqtisadi əlaqələrimizə təsir göstərir və ölkələr arasındakı iqtisadi əlaqələrdə artımlar müşahidə olunur. Təbii ki, iki ölkə arasında strateji münasibətlər varsa, siyasi əlaqələr dərinləşirsə, bu, həm də iqtisadi münasibətlərə birbaşa təsir göstərir. Həm Azərbaycan, həm də Qazaxıstan iqtisadiyyatı birgə əməkdaşlıqdan faydalanır. Eyni zamanda, ölkələr regional nəqliyyat dəhlizlərində əməkdaşlıq edirlər, birgə beynəlxalq yükdaşımalarda vahid tarifin tətbiqi ilə bağlı razılıq əldə olunub, bütövlükdə gömrük sisteminin elektronlaşması ilə bağlı işlər yekunlaşıb. Bunlar ondan xəbər verir ki, strateji münasibətlər iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsinə və ölkələrin dövlət gəlirlərinin artmasına xidmət edir. Bu da sözsüz ticarət əlaqələrinin inkişafı və daha çox ixrac-idxal imkanları deməkdir, şirkətlərin bu əməkdaşlıqdan daha çox faydalanması mənasına gəlir”, – deyə o vurğulayıb.

V.Bayramov diqqətə çatdırıb ki, iki ölkə arasındakı strateji münasibətlərdən birmənalı şəkildə hər bir dövlət milli maraqları çərçivəsində faydalanmış olur.

Xatırladaq ki, dekabrın 15-də Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin təsdiq edilməsi iki ölkə arasında mövcud olan strateji münasibətlərin daha da möhkəmləndirilməsi və iqtisadi əməkdaşlığın yeni mərhələyə keçməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Oxşar Xəbərlər

Back to top button