AnalitikaGündəmİdman

2025-ci ildə ölkəmizdə keçirilən MDB ölkələrinin üçüncü Oyunları Azərbaycanın idman potensialını bir daha nümayiş etdirdi

2025-ci il Azərbaycan idman tarixinə rekord göstəricilərlə daxil olub. İl ərzində idmançılarımız beynəlxalq yarışlarda 2000-dən çox medal, o cümlədən 600-dən artıq qızıl medal qazanıblar. Bu rəqəmlər təkcə statistik göstərici deyil, illərdir ardıcıl şəkildə həyata keçirilən dövlət siyasətinin real nəticəsidir. Keçən illə müqayisədə medalların sayının artması idmanın inkişafına göstərilən diqqətin və yaradılan şəraitin təbii nəticəsi kimi qiymətləndirilə bilər. Azərbaycanda idmanın inkişafı məqsədilə son illərdə demək olar ki, sıfırdan formalaşdırılmış müasir idman infrastrukturu yaradılıb. Bu gün paytaxtla yanaşı, bölgələrdə də idmanla məşğul olmaq üçün hərtərəfli imkanlar mövcuddur. Gəncə və Yevlax şəhərlərində Olimpiya İdman komplekslərinin istifadəyə verilməsi ilə bölgələrdə bu tip komplekslərin sayı 46-ya çatıb. Bu isə regionların sosial inkişafı ilə idman siyasətinin vəhdət təşkil etdiyini təsdiqləyir. Prezident İlham Əliyev çıxışında xüsusilə vurğulayıb ki, sağlam gənc nəsil ölkənin gələcək inkişafının əsas təminatıdır. Uşaqlıqdan idmana cəlb olunan gənclər təkcə idman uğurları üçün deyil, həm də fiziki və mənəvi baxımdan sağlam cəmiyyətin formalaşması üçün vacibdir. Bu baxımdan idman həm sağlam həyat tərzinin, həm də sosial məsuliyyətli vətəndaş yetişdirilməsinin mühüm vasitəsidir.

Dövlət başçısının qeyd etdiyi kimi, gənclərin sağlam ruhda və vətənpərvərlik ideyaları əsasında tərbiyə olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. İdman gənclərin fiziki hazırlığı ilə yanaşı, onların mənəvi saflığını, məsuliyyət hissini və Vətənə bağlılığını formalaşdırır. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən sonra idmançılarımız beynəlxalq arenaya müzəffər xalqın nümayəndələri kimi çıxırlar və bu, onların məsuliyyətini daha da artırır.

2025-ci ildə ölkəmizdə keçirilən MDB ölkələrinin üçüncü Oyunları Azərbaycanın idman potensialını bir daha nümayiş etdirdi. Yarışların Bakı ilə yanaşı, Gəncə, digər şəhərlər və Xankəndidə keçirilməsi regionların beynəlxalq tədbirlərə ev sahibliyi etmək imkanlarını sübut etdi. Minlərlə xarici qonağın yüksək səviyyəli təşkilatçılıq və qonaqpərvərliklə tanış olması Azərbaycanın beynəlxalq imicinə mühüm töhfə verdi.

Bakıda ilk dəfə keçirilən UFC beynəlxalq turniri ölkəmizin artıq ən nüfuzlu dünya idman platformalarında da öz yerini tutduğunu göstərdi. Dünya mediasında geniş işıqlandırılan bu yarış Bakı şəhərinin müasirliyini və inkişaf səviyyəsini bir daha ön plana çıxardı. Eyni zamanda, idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması dövlət-idman münasibətlərində formalaşmış sağlam ənənənin göstəricisidir. Azərbaycanın idman şöhrətini yüksəldən insanların əməyinə verilən ədalətli və sistemli qiymət idmanın davamlı inkişafını stimullaşdıran əsas amillərdən biridir.

Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş tədbirdə çıxışı Azərbaycanın idman sahəsində formalaşdırdığı uzunmüddətli və məqsədyönlü dövlət siyasətinin məntiqi nəticələrini aydın şəkildə ortaya qoyur. İdman artıq ölkəmiz üçün milli maraqlara xidmət edən strateji alət, beynəlxalq etimadın möhkəmləndirilməsi və müasir Azərbaycanın təqdimatı vasitəsinə çevrilir. Qlobal miqyaslı idman yarışlarının Azərbaycanda keçirilməsi, regionların bu prosesə fəal şəkildə cəlb olunması, gənclərin sağlam və vətənpərvər ruhda formalaşdırılması idman siyasətinin çoxşaxəli və sistemli xarakter daşıdığını təsdiqləyir. Dövlətin yaratdığı güclü infrastruktur,beynəlxalq təcrübəyə əsaslanan idarəetmə modeli və idmançılara göstərilən davamlı diqqət Azərbaycanın dünya idman məkanında mövqeyini daha da möhkəmləndirir. Azərbaycanın idman siyasəti milli maraqlara söykənən, beynəlxalq nüfuzu gücləndirən və ölkəmizin davamlı inkişafına xidmət edən strateji dövlət xətti kimi gələcəkdə də uğurla davam etdiriləcəkdir.

 Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button