
Həyat bumeranqdır, əbəs yerə deyilmir. 1993-cü il avqustun 31-də Qubadlı şəhərimiz ermənilər tərəfindən işğala məruz qalmışdı. Qoca, qadın, uşaq dərk etməyən erməni vandalları yaddaşımızda qara bir iz buraxsa da, sonunda Azərbaycan xalqının sınmaz qüruru, sarsılmaz iradəsi qarşısında məhv oldular. O cılız beyinləri ilə məcbur anlamağa çalışdılar ki, həqiqəti dəyişmək olmur və bu torpağın əsl sahibləri gec və ya tez öz doğma yurdlarına qayıdacaq! Düzdür, çox ağır sınaqlardan keçdik. Amma xalqın qayıdış arzusu hələ də tükənmirdi və doğma torpaqlarına qayıdacaqları günü səbrsizliklə gözləyirdilər. Və belə də oldu. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edildi. Bu tarix bizə iki hiss yaşatdı: qürur və kədər. Həmin gün Şəhidlərimizin şəhadətə qovuşduğu, son damla qanına kimi vuruşduğu bir tarixdir. Otuz ilə yaxın davam edən həsrəti Zəfərin yaratdığı qürur əvəz etdi. Qubadlı şəhərinin işğaldan azad edilməsi yalnız ərazi bütövlüyümüzün bərpası demək deyildi, həm də tarixin ədalətli yanaşması idi. Bu qələbə bizim qəlbimizdə yeni ümidlər yaratdı.
Qubadlı təkcə Qarabağın deyil, Şərqi Zəngəzurun strateji mərkəzidir. Qubadlı bu gün Azərbaycanın Naxçıvana və Zəngəzur koridoruna açılan vacib qapılarından biridir. Yəni, Qubadlı təkcə keçmişin azad olunan torpağı deyil, bütöv Türk dünyasını birləşdirəcək geostrateji qovşaqdır.
Bu gün Qubadlıda yenidən bərpa və quruculuq işləri, yolların salınması, yaşayış binalarının tikintisi, sosial obyektlərin yaradılması prosesi sürətlə davam edir. Qubadlı Azərbaycanın qədim yaşayış məskənlərindən biri, özünün bənzərsiz təbiəti, zəngin mədəniyyəti və məğrur insanları ilə tanınan strateji diyardır. Qubadlının yenidən qurulması ölkəmizin postmünaqişə dövründə qarşıya qoyduğu məqsədlərin və gələcəyimizə inamın ifadəsidir. Qubadlı bu gün gələcəyin modern məkanına çevrilir. Düşmənin məhv etməyə çalışdığı şəhər indi ekoloji cəhətdən təmiz “Yaşıl Enerji” zonası kimi bərpa olunur. Bərgüşad çayı üzərində tikilən su elektrik stansiyaları şəhərə təkcə işıq deyil, həm də yeni nəfəs verir.
1918-1920-ci illərdə Zəngəzuru erməni daşnaklarından müdafiə edən Sultan bəy, Qasım bəy kimi xalq qəhrəmanlarının, eləcə də Birinci Qarabağ müharibəsinin əfsanəvi Milli Qəhrəmanı Əliyar Əliyevin, İkinci Qarabağ müharibəsində canlarından keçmiş onlarla Milli Qəhrəmanın və igid Vətən övladlarının anadan olduğu torpaqdır. 2020-ci ilin oktyabrında Qubadlıya daxil olan müasir Azərbaycan əsgəri əslində babalarının yarımçıq qalmış tarixi missiyasını tamamladı. Bu torpaq düşmən caynağı altında qala bilməzdi. Uğrunda canından keçən Şəhidlər, haqqınızı halal edin!
Əliəskərova Nuray,
YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini



