
Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdəki çıxışı Azərbaycanın dövlət siyasətində idmanın tutduğu mühüm yeri bir daha aydın şəkildə nümayiş etdirdi. Dövlət başçısının vurğuladığı əsas məqam – idmançılarımız tərəfindən qazanılan medalların sayının rekord həddə çatması – təkcə statistik göstərici deyil, həm də uzunmüddətli və ardıcıl dövlət siyasətinin real nəticəsidir. 2000-dən çox medal, o cümlədən 600-dən artıq qızıl medal Azərbaycanın beynəlxalq idman arenasında mövqelərinin getdikcə möhkəmləndiyini göstərir. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlərdən aydın olur ki, idmanın inkişafı ölkədə sadəcə sahəvi məsələ kimi deyil, strateji siyasi xətt kimi qəbul edilir.
Müasir dövrdə idman dövlətin “yumşaq güc” alətlərindən biri hesab olunur. Beynəlxalq yarışlarda əldə olunan uğurlar Azərbaycanın adını dünyada tanıdır, ölkə haqqında müsbət ictimai rəy formalaşdırır və milli brendin güclənməsinə xidmət edir. Bu baxımdan idman sahəsində əldə edilən rekord göstəricilər Azərbaycanın beynəlxalq nüfuzunun artmasının mühüm komponentidir. Dövlət başçısı xüsusi olaraq qeyd edib ki, medalların sayının ildən-ilə artması təsadüfi deyil. Bu artımın arxasında məqsədyönlü dövlət siyasəti, idman infrastrukturuna qoyulan investisiyalar, bölgələrdə idman obyektlərinin tikilməsi, federasiyalara dəstək və gənclərin idmana cəlb olunması dayanır. Son illərdə Azərbaycanın demək olar ki, bütün regionlarında olimpiya idman komplekslərinin inşa edilməsi sosial-iqtisadi inkişafla yanaşı, idmanın kütləviliyinin təmin olunmasına da xidmət edir.
Bu isə gələcək nəsil peşəkar idmançıların yetişməsi üçün möhkəm baza yaradır. Prezident İlham Əliyevin çıxışı siyasi baxımdan həm də onu göstərir ki, Azərbaycan dövləti insan kapitalının inkişafını prioritet hesab edir. İdman gənclərin fiziki sağlamlığının möhkəmləndirilməsi, vətənpərvərlik ruhunun gücləndirilməsi və sağlam həyat tərzinin təbliği baxımından mühüm vasitədir. Bu kontekstdə idman siyasəti milli təhlükəsizlik və sosial sabitlik siyasətinin tərkib hissəsi kimi çıxış edir. Sağlam, məqsədyönlü və intizamlı gənclik isə istənilən dövlətin gələcək inkişafının əsas təminatıdır. Çıxışda vurğulanan “keçən illə müqayisədə nəticələrin daha yaxşı olması” fikri Azərbaycan modelinin davamlı inkişaf üzərində qurulduğunu göstərir. Bu model qısamüddətli uğurlara deyil, sistemli və uzunmüddətli nəticələrə hesablanıb. Dövlət başçısının “ildən-ilə daha yaxşı nəticələr” ifadəsi həm idmançılar üçün motivasiya xarakteri daşıyır, həm də dövlətin bu sahəyə dəstəyinin davamlı olacağına siyasi mesaj verir. Eyni zamanda, bu çıxış cəmiyyətə ünvanlanan mühüm çağırışdır. Prezident İlham Əliyev idman uğurlarını bütün xalqın nailiyyəti kimi təqdim etməklə milli birlik və həmrəylik ideyasını gücləndirir. İdmançılarımızın qələbələri cəmiyyətdə qürur hissi yaradır, dövlətlə vətəndaş arasında mənəvi bağları möhkəmləndirir. Nəticə etibarilə, Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş çıxışı idmanın Azərbaycanda sadəcə yarış və medallardan ibarət olmadığını, onun dərin siyasi, sosial və ideoloji məzmun daşıdığını bir daha təsdiqlədi. Qazanılan rekord sayda medallar dövlət siyasətinin düzgünlüyünün göstəricisi olmaqla yanaşı, Azərbaycanın gələcəkdə də idman sahəsində böyük uğurlara imza atacağının aydın mesajıdır.
İsmayıl Nağızadə,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi



