
Yanvarın 16-da Gürcüstan polisi ölkə daxilində radikal millətçi qruplaşmaya qarşı əməliyyat həyata keçirib, 16 nəfər saxlanılıb.
Obyektivxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Tbilisi Polis Departamentinin direktoru Vaja Siradze Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, saxlanılanlar arasında 10 azyaşlı da var. “Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən aylarla davam edən cinayət araşdırması nəticəsində məlum olub ki, qruplaşma üzvləri özlərini neonasist adlandırırlar və faşist ideologiyası ilə idarə olunurlar. Qrup üzvləri mobil telefonlarda qurbanlara qarşı zorakılığı, alçaldıcı hərəkətləri, fiziki və psixoloji təzyiqi əks etdirən foto və videolar çəkərək müxtəlif internet platformalarında yayımlayıblar. Nəticədə dördü azyaşlı olmaqla, on nəfərdən çox insan yaralanıb.
Təqsirləndirilən şəxslərin evlərində axtarış zamanı müxtəlif elektron cihazlar, nasist simvolları, silahlar müsadirə edilib.
Bildirilib ki, radikal faşist qruplarının iki lideri – Levan Abesadze və Davit Japarov artıq oxşar ittihamlarla bir neçə ay əvvəl həbs olublar.



