
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisələrdən biri kimi tarixə düşdü. 2 oktyabr 2026-cı ildə Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən qurultay ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edildiyi yeni reallıqlar şəraitində baş tutdu. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda geniş nitq söyləyərək ölkəmizin keçdiyi tarixi yola nəzər saldı, əldə edilmiş nəticələri diqqətə çatdırdı və qarşıdakı dövr üçün mühüm vəzifələri müəyyənləşdirdi. Prezidentin çıxışında səslənən fikirlər yalnız partiyanın gələcək fəaliyyət istiqamətləri ilə məhdudlaşmırdı. Nitqdə Azərbaycanın dövlətçilik tarixinin mühüm mərhələləri, milli maraqların qorunması, təhlükəsizlik məsələləri, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, informasiya və ideoloji təhlükəsizlik, xarici siyasət və beynəlxalq əlaqələr kimi strateji məsələlər geniş şəkildə əksini tapdı. VIII Qurultayın əsas xüsusiyyətlərindən biri onun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi şəraitdə keçirilməsi idi. Prezident İlham Əliyev çıxışında bildirdi ki, 2020-ci il Vətən müharibəsində əldə edilən Zəfərdən sonra Azərbaycanın qarşısında duran əsas vəzifə ərazi bütövlüyünün tam təmin olunması idi. 2023-cü il sentyabrın 20-də həyata keçirilmiş tədbirlər nəticəsində isə ölkənin bütün ərazisində suverenlik təmin edildi. VIII Qurultay yeni siyasi və geosiyasi reallığın təqdimatı kimi qiymətləndirilə bilər.
Artıq Azərbaycanın qarşısında əvvəlki dövrlərdən fərqli vəzifələr dayanır. Əgər uzun illər ərzində əsas məqsəd işğal altında olan torpaqların azad edilməsi, ərazi bütövlüyünün bərpası və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması idisə, indiki mərhələdə əsas məsələlərdən biri əldə edilmiş Zəfərin nəticələrinin möhkəmləndirilməsi və azad edilmiş ərazilərin hərtərəfli inkişafıdır. Prezidentin nitqində Zəfərin əldə edilməsinin təsadüfi olmadığı, uzun illər ərzində aparılan məqsədyönlü dövlət siyasətinin nəticəsi olduğu vurğulandı. Güclü ordu quruculuğu, iqtisadi potensialın artırılması, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və xalq-iqtidar birliyi Azərbaycanın qarşıya qoyduğu strateji məqsədə çatmasına imkan verən əsas amillər kimi təqdim edildi.
Prezident İlham Əliyev çıxışında Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi əhəmiyyətinə də xüsusi diqqət yetirdi. 1992-ci ildə YAP-ın yaradılması Azərbaycanın mürəkkəb siyasi, sosial və iqtisadi vəziyyətlə üzləşdiyi bir dövrə təsadüf edirdi. Həmin dövrdə ölkədə siyasi sabitsizlik, iqtisadi çətinliklər və müharibə şəraiti mövcud idi. Prezident çıxışında qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının yaradılması cəmiyyətin tələbi kimi meydana çıxmış və Ulu Öndər Heydər Əliyevin ətrafında insanların birləşməsi Azərbaycanın gələcək inkişafının siyasi əsaslarından birinə çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra dövlətçilik institutlarının möhkəmləndirilməsi, siyasi sabitliyin təmin edilməsi, iqtisadi inkişaf üçün əsasların yaradılması və Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirməsi istiqamətində mühüm addımlar atıldı. Bu siyasətin əsas istiqamətlərindən biri Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsi idi.
Prezidentin çıxışında “Əsrin kontraktı”nın imzalanması və xarici investisiyaların ölkəyə cəlb olunması Azərbaycanın iqtisadi inkişafının mühüm mərhələsi kimi qeyd edildi. Sonrakı illərdə bu strategiyanın davam etdirilməsi ölkənin iqtisadi və maliyyə imkanlarının genişlənməsinə şərait yaratdı..Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışında qarşıda duran vəzifələr sırasında hərbi gücün daha da artırılması xüsusi yer tutdu. Çıxışda dünyada müharibələrin və münaqişələrin artması, beynəlxalq təhlükəsizlik mexanizmlərinin zəifləməsi kimi amillərə diqqət yetirildi. Bu şəraitdə Azərbaycanın öz təhlükəsizliyini təmin etmək imkanlarını daim gücləndirməsinin vacibliyi vurğulandı. Prezident qeyd etdi ki, dövlət büdcəsində müdafiə və təhlükəsizlik məsələləri prioritet olaraq qalır və bu istiqamətə böyük maliyyə vəsaiti ayrılır. Burada əsas məqsəd hərbi qarşıdurmanı təşviq etmək deyil, dövlətin müdafiə qabiliyyətini və çəkindirici gücünü qorumaq kimi təqdim olunur. Güclü ordu və yüksək müdafiə imkanları Azərbaycanın müstəqil siyasət yürütməsi üçün mühüm amillərdən biri kimi qiymətləndirilir. Qurultayda qarşıya qoyulan əsas məsələlərdən biri də Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır.
İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Yeni yolların, tunellərin, hava limanlarının, enerji obyektlərinin, yaşayış məntəqələrinin və sosial infrastrukturların yaradılması Böyük Qayıdış prosesinin mühüm tərkib hissəsidir. Prezidentin çıxışında bildirildi ki, artıq azad edilmiş ərazilərdə on minlərlə insan yaşayır, işləyir və təhsil alır. Qarabağ və Şərqi Zəngəzurun inkişafına böyük həcmdə dövlət vəsaiti yönəldilir. Eyni zamanda, keçmiş məcburi köçkünlərin mərhələli şəkildə öz doğma yurdlarına qayıdışı davam edir. Bu proses yalnız fiziki infrastrukturun yaradılması ilə məhdudlaşmır. Qarabağın və Şərqi Zəngəzurun iqtisadi potensialının üzə çıxarılması, kənd təsərrüfatının, turizmin, sənayenin, xidmət sektorunun inkişafı və əhalinin məşğulluğunun təmin edilməsi də mühüm istiqamətlərdir. Böyük Qayıdış Azərbaycanın qarşısında duran uzunmüddətli strateji layihələrdən biridir. Məqsəd insanların doğma torpaqlarında təhlükəsiz, rahat və müasir şəraitdə yaşamasını təmin etməkdir.
Prezident İlham Əliyev VIII Qurultayda təhlükəsizliyin yalnız hərbi məsələ olmadığını da xüsusi vurğuladı. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı, sosial şəbəkələrin geniş yayılması və süni intellekt imkanlarının artması ideoloji təhlükəsizlik məsələsini də ön plana çıxarır. İdeoloji təhlükəsizliyin təmin edilməsində əsas amillər kimi təhsil, savadlılıq, milli-mənəvi dəyərlər və vətənpərvərlik göstərildi. Prezidentin fikrincə, cəmiyyət nə qədər savadlı və məlumatlı olarsa, yalan məlumatların, dezinformasiyanın və müxtəlif manipulyasiya vasitələrinin təsirinə qarşı bir o qədər dayanıqlı olar. Xüsusilə gənclərlə iş mühüm əhəmiyyət daşıyır. Gənc nəslin Azərbaycanın müasir tarixini, dövlətçilik ənənələrini, milli-mənəvi dəyərləri və müstəqilliyin əhəmiyyətini bilməsi gələcək üçün vacib amillərdəndir. YAP üzvlərinin bu istiqamətdə fəaliyyəti də nitqdə xüsusi olaraq qeyd edildi. Partiya fəallarının informasiya mühitində daha müasir, çevik və faktlara əsaslanan fəaliyyət göstərməsinin vacibliyi vurğulandı. Eyni zamanda, formal tədbirlərdən uzaqlaşmaq, müasir kommunikasiya vasitələrindən səmərəli istifadə etmək və həqiqətlərin cəmiyyətə düzgün çatdırılması məsələsi önə çəkildi.
Prezidentin çıxışında Azərbaycanın xarici siyasətinin müstəqil xarakteri də geniş şəkildə diqqətə çatdırıldı. Azərbaycanın müxtəlif dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərinin inkişaf etdirilməsi, ölkənin beynəlxalq nüfuzunun möhkəmləndirilməsi və milli maraqların qorunması xarici siyasətin əsas istiqamətləri kimi təqdim edildi. Prezident Azərbaycanın müxtəlif beynəlxalq platformalarda fəal iştirakını, yeni əməkdaşlıq formatlarına qoşulmasını və beynəlxalq tədbirlərə ev sahibliyi etməsini qeyd etdi. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin inkişafı və D-8 təşkilatına üzv olması da çıxışda nümunə kimi göstərildi. Xarici siyasətin əsas prinsipləri sırasında milli maraqların qorunması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq münasibətlərdə müstəqil mövqe nümayiş etdirməsi ön plana çıxır. Azərbaycanın müxtəlif ölkələr arasında dialoq üçün platforma kimi çıxış etməsi də ölkənin diplomatik imkanlarının genişlənməsi baxımından əhəmiyyətlidir. Əvvəlki dövrdə partiyanın əsas fəaliyyət istiqamətləri dövlətçiliyin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin qorunması, sosial-iqtisadi inkişafın dəstəklənməsi və milli maraqların müdafiəsi ilə bağlı olmuşdursa, yeni mərhələdə daha çevik və müasir fəaliyyət formalarına ehtiyac vardır. Partiya üzvlərinin cəmiyyətlə əlaqələrinin gücləndirilməsi, gənclərlə işin yeni metodlarla qurulması, informasiya məkanında fəallığın artırılması və vətəndaşların müraciətlərinə həssas yanaşılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Azər Ağayev,
YAP Tərtər rayon təşkilatının sədr müavini



