AnalitikaDünyaGündəmSiyasət

Prezident İlham Əliyevin Davos müsahibəsi: Qlobal siyasətdə Azərbaycan konsepsiyası

Müstəqil Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin əsasının qoyulduğu 1993-cü ildən bu günə qədər əvvəl Ümummilli Lider Heydər Əliyev, sonrakı illərdə isə onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən aparılan çoxşaxəli daxili və xarici siyasət xətti Azərbaycan Respublikasının bütün sahələrdə misilsiz uğurlar əldə etməsi ilə yadda qalmışdır. Bu uğurların məntiqi nəticəsi olaraq ölkəmiz yalnız regional deyil, beynəlxalq arenada mühüm güc mərkəzlərindən birinə çevrilmişdir. Xüsusilə, Vətən müharibəsində əldə edilmiş şanlı zəfərdən və suverenliyimizin tam təmin edilməsindən sonra Azərbaycan Respublikası dəyişməkdə olan beynəlxalq münasibətlər sistemində həm iqtisadi, həm də siyasi baxımdan öz mövqeyini daha da möhkəmləndirə bilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 yanvar 2026-cı il tarixində Davosda “Euronews” televiziyasına verdiyi müsahibə dövlətlərarası və beynəlxalq münasibətlərə, habelə dəyişən dünyada iqtisadi məsələlərə yeni baxışı, dövlətimizin göstərilən məsələlərlə bağlı mövqeyini əks etdirən konseptual yanaşmanı özündə əks etdirməklə ölkəmizin regionda və dünyada oynağı rolu işıqlandırır.

Müsahibəsində hazırda müzakirə mövzusuna çevrilmiş mühüm məsələlərdən birinə–müasir beynəlxalq hüququn vəziyyətinə toxunan Prezident İlham Əliyev beynəlxalq münasibətlərdə qanunun aliliyinin zəifləməsi və güc tətbiqinin ön plana keçməsi kimi amillərə diqqət çəkərək beynəlxalq hüquq normalarının artıq bütün dövlətlər üçün mütləq xarakter daşımadığını qeyd etmişdir. Prezident haqlı olaraq göstərir ki, müasir dövrdə bir sıra regionlarda güc tətbiqi beynəlxalq hüququn yerini tutaraq dövlətlərin davranışını müəyyənləşdirən amilə çevrilmişdir. Yaranmış belə bir şəraitdə ən düzgün strateji məqsədi milli maraqlara əsaslanan nəticələrin əldə olunması təşkil edir. Prezident buna ərazi bütövlüyünü və suverenliyini etmiş Azərbaycanı nümunə olaraq gətirir. Gətirilən nümunədə beynəlxalq hüquqa riayət olunması hüquqi, milli maraqların qorunması isə siyasi əsas kimi çıxış edir.

Beynəlxalq münasibətlərin yeni eraya qədəm qoyduğunu bildirən Prezident yeni dövrdə qanunun aliliyinin deyil, güc tətbiqinin əsas amilə çevrildiyini, yaranmış yeni reallığın isə hər bir ölkəni öz potensialına uyğun siyasət formalaşdırmağa məcbur etdiyini vurğulayır. Belə bir şəraitdə dövlətlər qarşısında regional və qlobal müstəvidə balanslaşdırılmış münasibətlər qurmaq başlıca vəzifə kimi qarşıda durur. Gətirilən faktlar göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz həm regional, həm də qlobal müstəvidə çoxşaxəli diplomatik münasibətlər quraraq öz milli maraqlarını təmin edərək bu sahədə yeni nümunə yarada bilmişdir. Azərbaycan nümunəsi göstərir ki, milli maraqlar və beynəlxalq hüquq normaları arasında tarazlıq yaratmaq mümkündür.

Azərbaycan dövlətinin, onun başçısı Prezident İlham Əliyevin apardığı siyasətin uğurları artıq qlobal miqyasda qəbul edilir və alqışlanır. Bunu heç şübhəsiz, Prezident İlham Əliyevin qlobal miqyasda sülh, tolerantlıq və insan qardaşlığını təşviq edən “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi bir daha sübut edir. Azərbaycan Prezidentinin bu nüfuzlu mükafata layiq görülməsi 30 ildən artıq bir müddətdə minlərlə insanın həyatı bahasına başa gəlmiş münaqişə ocağına çevrilmiş Cənubi Qafqaz regionunda sülhün yaradılması, konfrontasiyadan əməkdaşlığa doğru gedən yolun təməllərinin atılması prosesində onun oynadığı misilsiz rola verilən beynəlxalq qiymət kimi dəyərləndirmək olar. Bu mükafatın simvolik mənası Azərbaycanın sülh təşəbbüslərinin beynəlxalq miqyasda qəbul edilməsi və dəstəklənməsindən ibarətdir. Azərbaycanın Ermənistana münasibətdə məhdudiyyətləri aradan qaldırması, yüklərin daşınmasına icazə verməsi, habelə Ermənistana onun ehtiyac duyduğu neft məhsulları göndərməsi siyasi sülhlə yanaşı, regional iqtisadi inteqrasiyanın başlanğıcı hesab edilə bilər. Bu addımları atmaqla Azərbaycan dövləti Prezidentin müsahibəsində irəli sürdüyü “uzunmüddətli deyil, əbədi sülh” ideyasının gerçəkləşməsi üçün real zəmin yaratmışdır. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, əbədi sülh konsepsiyası Azərbaycan dövlətinin siyasətində regionun gələcək inkişafını təmin edən əsas strateji hədəf kimi çıxış edir. Beləliklə, Azərbaycan Prezidentinə təqdim edilən beynəlxalq mükafat yalnız simvolik məna daşımır, bu eyni zamanda, Azərbaycanın sülh təşəbbüsünün nəticəsi olaraq regional əməkdaşlığın yeni mərhələsinin əsasının qoyulmasının dünya miqyasında qəbul olunması və alqışlanması anlamına gəlir.

Prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan birini də Azərbaycanda daxili sabitliyin artıq təmin olunmuş reallığa çevrilməsi faktının xüsusi vurğulanmasıdır. Bu reallıq dövlətin idarəetmə sisteminin və iqtisadiyyatının möhkəm əsaslar üzərində qurulduğunu göstərir. Ölkəmiz üçün yalnız xarici risklər təhdid yarada bilər ki, bu da qonşu ölkələrdə mövcud olan qeyri-sabit vəziyyətdən qaynaqlanır. Bu baxımdan, müharibə və işğaldan əziyyət çəkmiş və minlərlə qurban vermiş Azərbaycan üçün sülh ən dəyərli sərvət, uğur qazanmağın yeganə yolu kimi qiymətləndirilir. Prezidentin bu məsələ ilə bağlı irəli sürdüyü əsas ideya hər bir ölkənin regional sabitliyə öz töhfəsini verməsidir. Kollektiv məsuliyyət prinsipinə əsaslanan bu yanaşma sabitliyin yalnız bir dövlətin deyil, bütün region ölkələrinin birgə səyləri nəticəsində mümkün olması gerçəyini özündə ehtiva edir.

Regional sülhün təşəbbüskarı və təminatçısı kimi çıxış edən Azərbaycan həm Cənubi Qafqaz, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. Cənubi Qafqazın enerji ehtiyatlarına malik və digər ölkələrə neft və qaz ixrac edən yeganə ölkə olan Azərbaycan olduqca unikal mövqeyə sahibdir. Zəngin infrastruktura malik olması Azərbaycanın digər ölkələrə enerji ixracını dayanıqlı və genişmiqyaslı olmasını təmin edir. Bütün bunlar, heç şübhəsiz, Azərbaycanın iqtisadi qüdrətini və beynəlxalq nüfuzunu artıran amillər kimi çıxış edir.

Prezidentin müsahibəsində diqqət çəkən əsas məqamlardan birini də Azərbaycanın uğurlarına və müstəqil siyasətinə qərəzli mövqe nümayiş etdirən Avropa Parlamenti barədə səsləndirdiyi fikirlər təşkil edir. Prezident qeyd edir ki, məhz bu qərəzli mövqenin nəticəsi olaraq Azərbaycan artıq uzun illərdir ki, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışdır. Ölkəmizin Avropa Komissiyası ilə əməkdaşlığı isə davam edir. Dövlət başçısının bu yanaşması Azərbaycanın yürütdüyü müstəqil siyasi xətti qorumaqla yanaşı, Avropa ilə münasibətlərin praktik əməkdaşlıq səviyyəsində saxlamasını göstərir. Prezident haqlı olaraq qeyd edir ki, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyasının hətta Ermənistanın belə Azərbaycanla əlaqələri yüksək qiymətləndirməsi fonunda Azərbaycanı Ermənistana qarşı “təcavüzkar mövqedə” olmaqda ittiham etməsi gülünc və ziddiyyətli görünür. Halbuki 2025-ci ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması Azərbaycanın sülhpərvər mövqeyini bir daha sübut etmiş, həminin regionda yeni bir reallıq yaratmışdır.

Ölkə başçısı İlham Əliyevin Dovosda verdiyi müsahibədə müstəqil Azərbaycanın inkişaf yolu, beynəlxalq hüquq, diplomatiya, enerji siyasəti  haqqında söylədiyi fikirlər onu göstərir ki, milli maraqların qorunması, beynəlxalq hüquqa hörmət, habelə regional sülh və əməkdaşlığın təmin edilməsi kimi prinsiplər arasında balans yaratmaq mümkündür. Azərbaycan dövləti uzun illər ərzində həyata keçirdiyi gərgin fəaliyyəti nəticəsində bütün dünyaya örnək ola biləcək belə bir nümunə yarada bilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə daxili sabitlik möhkəmləndirilmiş, eyni zamanda, qlobal miqyasda sülh təşəbbüsləri və enerji diplomatiyası ilə böyük nüfuz qazanılmışdır. Bütün bunların nəticəsində Azərbaycan  dünya miqyasında regionda əbədi sülhün, əməkdaşlığın və dayanıqlı inkişafın əsas təminatçısı kimi tanınır.

Minurə Nuriyeva,
Xəzər rayonu,  292 nömrəli 
tam orta məktəbin direktor əvəzi

Oxşar Xəbərlər

Back to top button