
ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri təkcə protokol xarakterli diplomatik görüş kimi qiymətləndirilə bilməz. Bu səfər ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, regional proseslərdə həlledici rolunun və qlobal güclər tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilməsinin açıq siyasi göstəricisidir. Artıq Azərbaycan Cənubi Qafqazda sadəcə coğrafi mövqeyə malik dövlət deyil, geosiyasi proseslərə istiqamət verən əsas aktora çevrilib.
Müasir dünyada enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və regional sabitlik məsələləri böyük dövlətlərin prioritet gündəliyində dayanır. Məhz bu kontekstdə Azərbaycanın rolu daha da artır. Avropanın enerji təminatında mühüm paya sahib olan ölkəmiz, eyni zamanda Şərq ilə Qərbi birləşdirən Orta Dəhlizin əsas halqası kimi strateji əhəmiyyət daşıyır. Bu reallıq ABŞ da daxil olmaqla aparıcı dövlətlərin diqqətini Bakıya yönəldir. Yüksək səviyyəli səfərlər isə bu marağın təsadüfi deyil, sistemli və uzunmüddətli əməkdaşlığa əsaslandığını göstərir.
Azərbaycanın həyata keçirdiyi müstəqil, balanslaşdırılmış və milli maraqlara söykənən xarici siyasət kursu bu gün real nəticələr verir. Ölkəmiz heç bir siyasi blokun təsiri altına düşmədən, bərabərhüquqlu tərəfdaşlıq prinsipi ilə həm Qərb, həm də digər güc mərkəzləri ilə münasibətlər qurur. Bu isə Azərbaycanın beynəlxalq arenada etibarlı, proqnozlaşdırıla bilən və sözünün arxasında duran dövlət imicini daha da möhkəmləndirib.
Vitse-prezident səviyyəsində həyata keçirilən bu səfər iki ölkə arasında siyasi dialoqun, təhlükəsizlik sahəsində əməkdaşlığın, iqtisadi əlaqələrin və investisiya imkanlarının genişlənməsi üçün yeni perspektivlər açır. Enerji layihələri, regional sabitlik, sülh təşəbbüsləri və strateji kommunikasiyalar sahəsində müzakirələr Azərbaycanın qlobal əhəmiyyətini bir daha ortaya qoyur. Bu, həm də ölkəmizin beynəlxalq qərarların qəbul olunduğu masada artıq fəal iştirakçı olduğunu nümayiş etdirir.
Bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycan bölgədə sabitliyin və inkişafın əsas dayağıdır. Dövlətimizin diplomatik uğurları, artan siyasi çəkisi və qurulan strateji tərəfdaşlıqlar hər bir vətəndaş üçün qürur mənbəyidir. Biz də informasiya məkanında fəal olmalı, sosial şəbəkələrdə paylaşımlar və məqalələrlə bu mühüm hadisələri geniş ictimaiyyətə çatdırmalı, ölkəmizin güclü mövqeyini əsaslı şəkildə təqdim etməliyik.
Çünki güclü Azərbaycan təkcə regionun deyil, artıq qlobal siyasətin də vacib söz sahibidir. Bu səfər isə həkim reallığın növbəti parlaq təsdiqidir
Səbinə Həsənova,
YAP-ın fəalı



