AnalitikaGündəmSiyasət

Azərbaycan-Serbiya əlaqələrində yeni perspektivlər açılır

Fevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata birgə bəyanatlarla çıxış ediblər. Görüş zamanı iki ölkə arasındakı strateji əməkdaşlıq və dostluq münasibətləri, həmçinin enerji və iqtisadi sahələrdə birgə layihələr müzakirə olunub.
Prezident İlham Əliyev çıxışına Serbiyanın Dövlətçilik Günü münasibətilə Prezident Vuçiçi və Serbiya xalqını təbrik etməklə başlayıb. O, Serbiya xalqının tarix boyunca dövlət suverenliyinin qorunması istiqamətində göstərdiyi səyləri və verdiyi qurbanları qeyd edərək, Prezident Vuçiçinin rəhbərliyi altında ölkənin iqtisadi və sosial sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.
Prezident İlham Əliyev Serbiyanın iqtisadi inkişafının və investisiya mühitinin möhkəmliyinin Prezident Vuçiçin liderlik keyfiyyətləri ilə sıx bağlı olduğunu qeyd edib. O, Azərbaycan-Serbiya əlaqələrinin uzun illər davam etdiyini və iki ölkə liderləri arasında dostluq və səmimi münasibətlərin mövcudluğunu xüsusi qeyd edib.
Görüşdə energetika sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Prezident İlham Əliyev Serbiya-Azərbaycan birgə elektrik stansiyasının tikintisi və digər enerji layihələrinin önəmini vurğulayıb. O, Azərbaycanın Serbiyaya təbii qaz ixracının artıq başladığını və bu ixracın gələcəkdə artırılacağını qeyd edib. Bu layihələr nəticəsində Serbiya həm daxili tələbatını ödəyəcək, həm də elektrik enerjisinin ixracı imkanlarını genişləndirəcək.
Prezident İlham Əliyev həmçinin Azərbaycanın 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücü əldə edəcəyini və bunun böyük hissəsinin ixrac üçün nəzərdə tutulduğunu bildirib. Energetika sahəsində əməkdaşlığın genişlənməsi, elektrik stansiyalarının yenidən qurulması və reabilitasiyası ilə hər iki ölkənin enerji təhlükəsizliyinin təmin olunacağı vurğulanıb.
Görüş zamanı siyasi, iqtisadi və beynəlxalq məsələlər üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi və gələcəkdə birgə sərmayə layihələrinin həyata keçirilməsi planları da müzakirə olunub. Prezident İlham Əliyev Serbiyanı dost ölkə adlandıraraq, qarşılıqlı səfərlərin davam etdiriləcəyini bildirib.
Prezident İlham Əliyev çıxışını belə yekunlaşdırıb: “Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya-Azərbaycan dostluğu!”
Bu görüş Azərbaycan-Serbiya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir və iki ölkə arasında strateji əməkdaşlığın daha da genişlənəcəyinə işarə edir.

Mirsadıq Səməndərli,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button