MaraqlıSosial

Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər

Müstəqil Azərbaycanın tarixində 1998-ci il sentyabrın 25-də qadınlarının ilk qurultayı keçirilmiş və bu  dövlət qadın siyasətinin tarixində mühüm hadisə olmuşdur. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə edilmiş və hər beş ildən bir Azərbaycan qadınlarının qurultayının keçirilməsi qərara alınmışdır. 1998-ci ildən başlayaraq keçirilən bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir.

Dövlət qadın siyasəti sahəsində görülən işlər davamlı xarakter daşımış və Ulu Öndər Heydər Əliyev tərəfindən 6 mart 2000-ci il tarixində “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalanmışdır. Fərmana əsasən Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması təmin edilməsi tapşırılmışdır. Həmçinin, respublikada qadınların vəziyyətinə dair beynəlxalq standartlara cavab verən statistik məlumatların hazırlanması barədə tapşırıq verilmişdir. Bu Fərman bütün dövlət orqanları və digər təşkilatların gender bərabərliyinin təmin edilməsi ilə bağlı fəaliyyətinin təkmilləşdirilməsinə, həyata keçirdikləri siyasətlərə gender amilinin daxil edilməsinə imkan verdi.  2000-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti 2000-2005-ci illər üçün “Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı”nı  qəbul etmişdir. Milli Fəaliyyət Planı milli prioritetləri nəzərə alaraq, siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, əhatə etmişdir.

Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Həmişə sülhün, əmin-amanlığın fəal carçısı olmuş Azərbaycan qadınları tarixən ölkə həyatı və taleyi ilə bağlı ictimai-siyasi proseslərin gedişində üzərlərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gəlmiş, milli dövlətcilik mövqeyindən cıxış etmişlər.

Bütün bunlar Azərbaycan qadınının ictimai-siyasi fəallığını artırır, dövlət quruculuğu prosesində, cəmiyyətimizin inkişafında onların rolunu gücləndirir.  Cəmiyyətin sosial-mədəni həyatında və dövlət idarəetmə sistemində fəal mövqe tutan Azərbaycan qadınları ölkəmizin inkişafı, mədəni-mənəvi zənginlikləri mizin yaşadılması, gənc nəslin milli məfkurə və dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsi üçün bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir.

Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button