
2026-cı il aprelin 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çex Respublikasının Baş naziri Andrey Babiş arasında keçirilən görüş və mətbuata verilən bəyanat ikitərəfli münasibətlərin yeni və daha yüksək mərhələyə keçdiyini aydın şəkildə nümayiş etdirdi. Dövlət başçısı çıxışında xüsusilə vurğuladı ki, hazırda Azərbaycan ilə Çexiya arasında çox fəal və dinamik siyasi dialoq mövcuddur. Bu dialoq təkcə rəsmi səfərlərlə məhdudlaşmır, müxtəlif səviyyəli görüşlər, beynəlxalq platformalarda əməkdaşlıq və qarşılıqlı dəstək vasitəsilə davamlı xarakter alır. Belə intensiv əlaqələr tərəflər arasında etimadı möhkəmləndirir və həm regional, həm də qlobal məsələlərdə ortaq yanaşmaların formalaşmasına şərait yaradır.
Bu görüşü sırf protokol xarakterli hadisə kimi deyil, konkret nəticələrə hesablanmış mühüm siyasi və iqtisadi addım kimi qiymətləndirmək daha məqsədəuyğundur. Danışıqlar Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi baxımından əhəmiyyətli perspektivlər açır. Avropa ölkələri ilə koordinasiyanın dərinləşməsi Azərbaycanın beynəlxalq institutlardakı mövqelərinin möhkəmlənməsinə və əlavə siyasi dəstək qazanmasına imkan yaradır.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol Prezident tərəfindən xüsusi qeyd olundu. SOCAR və digər enerji qurumlarının fəaliyyəti nəticəsində Azərbaycan qazının Avropa bazarlarına çatdırılması istiqamətində mühüm nailiyyətlər əldə edildiyi bildirildi. Bu kontekstdə Çexiyanın da Azərbaycanın etibarlı tərəfdaşlarından biri olduğu vurğulandı.
Bəyanatda xüsusi yer tutan istiqamətlərdən biri də müdafiə sənayesi sahəsində əməkdaşlıq oldu. Qeyd edildi ki, bu sahədə artıq müəyyən təcrübə formalaşıb və əlaqələrin daha da genişləndirilməsi üçün real imkanlar mövcuddur. Çexiyanın zəngin sənaye ənənələri və texnoloji potensialı Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlıq çərçivəsində yeni texnologiyalara çıxış, birgə istehsal layihələri, müasir avadanlıqların tətbiqi və texnologiya transferi kimi məsələlər ön plana çıxır. Bu isə yalnız müdafiə qabiliyyətinin güclənməsinə deyil, həm də yerli hərbi sənayenin inkişafına da töhfə verir.
Eyni zamanda, səfər iqtisadi və sənaye əməkdaşlığının genişlənməsi üçün də əlverişli zəmin yaradır. Çex şirkətlərinin təcrübəsi və texnoloji imkanları Azərbaycanın qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərə bilər. Enerji və logistika sahələrində əməkdaşlıq perspektivləri də diqqət mərkəzində olub; Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu bu kimi əlaqələr vasitəsilə daha da möhkəmlənə bilər.
Bəyanatda regional məsələlərə də toxunularaq, Cənubi Qafqazda formalaşan yeni reallıqlar, sülh və sabitliyin təmin olunmasının vacibliyi xüsusi vurğulandı. Prezident beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan münasibətlərin önəmini qeyd etdi.
Öz növbəsində, Andrey Babiš səfərdən məmnunluğunu ifadə edərək Azərbaycanın regionda mühüm tərəfdaş olduğunu bildirdi və xüsusilə iqtisadi, o cümlədən enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırdı.
Nəticə etibarilə, Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər və baş tutan səfər Azərbaycan ilə Çexiya arasında münasibətlərin artıq keyfiyyətcə yeni mərhələyə keçərək strateji tərəfdaşlıq istiqamətində inkişaf etdiyini göstərir. Qarşılıqlı siyasi iradə və üst-üstə düşən iqtisadi maraqlar bu əməkdaşlığın əsasını təşkil edir və onun gələcəkdə daha geniş miqyas alaraq hər iki ölkənin inkişafına mühüm töhfələr verəcəyini deməyə əsas yaradır.
Bu bəyanatlar onu da nümayiş etdirir ki, ikitərəfli əlaqələr artıq yalnız ənənəvi sahələrlə məhdudlaşmır, yeni və strateji əhəmiyyət kəsb edən istiqamətlər üzrə də dərinləşir. Xüsusilə fəal siyasi dialoq və müdafiə sənayesi sahəsində əməkdaşlıq tərəfdaşlığın əsas sütunlarına çevrilərək uzunmüddətli inkişaf üçün möhkəm zəmin formalaşdırır.
İlham Quliyev,
YAP Yasamal rayon “Neftqazelmitədqiqatlayihə” İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini



