AnalitikaGündəmSiyasət

Mədəniyyətlərin Dialoqundan Ortaq Gələcəyə: Bakı Forumu Qlobal Sülhün Strateji Platforması Kimi

Prezident İlham Əliyevin Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı müasir dövrün mürəkkəb geosiyasi reallıqları fonunda qlobal sülh, humanitar əməkdaşlıq və sivilizasiyalararası inteqrasiyanın gələcək xəritəsini cızan strateji bir konseptdir. “Ortaq gələcək naminə dialoq” ideyası ətrafında formalaşan bu nitq təkcə diplomatik mesajlarla məhdudlaşmır, həm də Azərbaycanın qlobal müstəvidə oynadığı vasitəçilik rolunu analitik şəkildə əsaslandırır. Çıxışın ana xəttini 2008-ci ildən əsası qoyulan “Bakı Prosesi”nin regional təşəbbüsdən çıxaraq qlobal səviyyəli aparıcı platformaya çevrilməsi təşkil edir. Azərbaycanın tarixi və coğrafi baxımdan Şərqlə Qərbin, Şimal ilə Cənubun kəsişməsində yerləşməsi ölkəmizə sadəcə ev sahibi statusu vermir, onu müxtəlif mədəniyyətlərin bir-birini anlaması üçün unikal sintez nöqtəsinə çevirir. Dünyada artan ksenofobiya, irqçilik və islamofobiya kimi radikal təzahürlər fonunda dövlət başçısı Azərbaycanın əsrlərdən bəri qoruyub saxladığı dözümlülük və birgəyaşayış modelini alternativsiz bir formul kimi önə çəkir. Buradan aydın olur ki, multikultural dəyərlər sadəcə xoş məram göstəricisi deyil, beynəlxalq sabitlik üçün həyati vacib zərurətdir. Eyni zamanda, nitq Cənubi Qafqazda postmünaqişə dövrünün reallıqları və dayanıqlı sülhün bərqərar olunması baxımından da xüsusi çəkiyə malikdir. Mədəniyyətlərarası dialoq burada nəzəri müzakirə müstəvisindən çıxaraq, bilavasitə münaqişələrdən sonrakı etimad mühitinin yaradılması və xalqlar arasında yaraların sarınması üçün praktiki alət kimi səciyyələndirilir. Bütün bunlarla yanaşı, qlobal ekoloji böhranlar, iqlim dəyişikliyi və yaşıl keçid kimi bəşəri çağırışlar da çıxışda mədəni həmrəyliyin tərkib hissəsi kimi dəyərləndirilir.

 

Yaqut Əhmədli,
YAP Yasamal rayon təşkilatının fəal gənci

Oxşar Xəbərlər

Back to top button