AnalitikaGündəmİdman

Azərbaycanın İdman Siyasəti: Milli Strategiya və Real Nəticələr

Azərbaycanda idman dövlət siyasətinin və milli ideologiyanın ayrılmaz hissəsi kimi formalaşıb və bu sahəyə göstərilən diqqət ölkənin ümumi inkişaf strategiyasında mühüm yer tutur. Prezident İlham Əliyevin güləşçilərlə görüşü bir daha sübut edir ki, idman təkcə fiziki hazırlıq sahəsi deyil, həm də vətənpərvərlik ruhunun gücləndirilməsi, milli birliyin möhkəmləndirilməsi və ölkənin beynəlxalq nüfuzunun artırılması baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycan güləşçilərinin Avropa çempionatında komanda hesabında əldə etdiyi birincilik isə illər ərzində qurulan sistemli idman siyasətinin real nəticəsi kimi qiymətləndirilə bilər.

Ölkədə yaradılan müasir idman infrastrukturu, bölgələrdə fəaliyyət göstərən komplekslər və peşəkar məşq sistemi bu uğurların əsasını təşkil edir. Xüsusilə gənc idmançıların seçimi və hazırlanması prosesinin düzgün qurulması idmanda davamlı inkişafı təmin edir və yeni nəsil çempionların yetişməsinə şərait yaradır. Bu da Azərbaycanın idman sahəsində əldə etdiyi nailiyyətlərin təsadüfi olmadığını göstərir.

Bununla yanaşı, müasir dövrdə idmançıların rolu yalnız yarış meydanları ilə məhdudlaşmır. Onlar cəmiyyətdə davranışları, etik dəyərlərə sadiqliyi və məsuliyyət hissi ilə gənclərə nümunə olmalıdırlar. Beynəlxalq arenalarda qazanılan qələbələr Azərbaycanın bayrağının ucaldılması ilə yanaşı, milli qürurun artmasına, cəmiyyətin birliyinin güclənməsinə və vətənpərvərlik hisslərinin dərinləşməsinə xidmət edir.

Eyni zamanda, beynəlxalq idman mühitində bəzən müşahidə olunan ədalətsiz yanaşmalar idmanın artıq təkcə rəqabət meydanı olmadığını, müəyyən hallarda geosiyasi təsirlərə məruz qaldığını göstərir. Bu baxımdan, Azərbaycan idmançılarının qazandığı uğurlar həm də ölkənin milli mövqeyinin, siyasi iradəsinin və prinsipiallığının ifadəsinə çevrilir.

Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button