
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri zamanı verdiyi bəyanat Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Son aylarda Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin Azərbaycana ardıcıl səfərləri tərəflər arasında siyasi dialoqun intensivləşdiyini və qarşılıqlı etimadın möhkəmləndiyini nümayiş etdirir. Azərbaycan bu gün Avropa İttifaqının Cənubi Qafqazdakı əsas ticarət tərəfdaşıdır. Qarşılıqlı ticarətin həcmi davamlı şəkildə artır və enerji sahəsində qurulan əməkdaşlıq münasibətlərin strateji xarakterini daha da gücləndirir. Dörd il əvvəl imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq Memorandumu artıq real nəticələr verib. Azərbaycanın Avropa bazarına təbii qaz ixracı əhəmiyyətli dərəcədə artıb və hazırda Avropa İttifaqının on üzv dövləti Azərbaycan qazından istifadə edir.
Enerji əməkdaşlığı ilə yanaşı, bərpaolunan enerji sahəsi də tərəfdaşlığın yeni istiqaməti kimi ön plana çıxır. Günəş və külək enerjisi üzrə həyata keçirilən iri layihələr Azərbaycanın yaşıl enerji istehsalçısı və ixracatçısı kimi mövqeyini gücləndirməyə xidmət edir. Bu istiqamətdə imzalanmış müqavilələr yaxın illərdə ölkənin enerji potensialını daha da artıracaq.
Bəyanatda nəqliyyat və logistika məsələlərinə də xüsusi diqqət ayrılıb. Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan regional və beynəlxalq yükdaşımalarında mühüm tranzit mərkəzinə çevrilir. İnfrastrukturun müasirləşdirilməsi və yeni layihələrə yatırılan sərmayələr ölkənin geostrateji əhəmiyyətini daha da artırır.
Prezident İlham Əliyev regional sülh prosesinə də toxunaraq Azərbaycan ilə Ermənistan arasında normallaşmanın yeni mərhələyə keçdiyini vurğulayıb. Azərbaycanın atdığı humanitar və iqtisadi addımlar bölgədə uzunmüddətli sabitliyin təmin olunmasına xidmət edir.
Bütün bunlar göstərir ki, Azərbaycan və Avropa Komissiyası arasında münasibətlər artıq yalnız enerji əməkdaşlığı ilə məhdudlaşmır. Tərəfdaşlıq iqtisadiyyat, logistika, yaşıl enerji, təhlükəsizlik və regional sabitliyi əhatə edən çoxşaxəli strateji əməkdaşlıq modelinə çevrilməkdədir.
Turac İbrahimova,
Neft Kəmərləri İdarəsinin əməkdaşı



