
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə keçirilən görüşü ölkəmizlə Avropa İttifaqı arasında münasibətlərin inkişafı baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilir. Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələlər, strateji tərəfdaşlıq, enerji təhlükəsizliyi, regional əməkdaşlıq və Cənubi Qafqazda sülh gündəliyi ətrafında geniş fikir mübadiləsi aparıblar.
Azərbaycan son illərdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirib. Xüsusilə Cənub Qaz Dəhlizi və təbii qaz ixracının artırılması istiqamətində əldə olunan nəticələr ölkəmizin Avropa İttifaqı üçün strateji əhəmiyyətini artırıb. Görüş zamanı bu əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi və enerji sahəsində yeni imkanların dəyərləndirilməsi xüsusi vurğulanıb.
Müzakirələr zamanı Azərbaycanın təşəbbüsü ilə regionda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində həyata keçirilən siyasət yüksək qiymətləndirilib. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Prezident İlham Əliyevin sülh gündəliyinin təşəbbüskarı kimi nümayiş etdirdiyi liderliyi təqdir edərək, Avropa İttifaqının regionda sülh prosesinə dəstək verməyə hazır olduğunu bildirib.
Görüşdə həmçinin ticarət, nəqliyyat, rəqəmsal transformasiya, yaşıl enerji və Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyat bağlantılarının inkişafı kimi məsələlər də diqqət mərkəzində olub. Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizində mühüm tranzit ölkəsi kimi rolu bir daha qeyd edilib və bu istiqamətdə əməkdaşlığın geniş perspektivlərə malik olduğu vurğulanıb.
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə görüşü bir daha göstərdi ki, Azərbaycan balanslaşdırılmış xarici siyasət kursunu uğurla davam etdirir və beynəlxalq tərəfdaşları ilə qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan münasibətlər qurur. Bu görüş Azərbaycan–Avropa İttifaqı əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir və gələcək əməkdaşlığın daha da möhkəmlənəcəyinə dair inamı artırır.
İldırım Eyvazlı,
YAP-ın gənc fəalı



