AnalitikaDünyaGündəmSiyasət

Təhlükəsizlik Çağırışları və Azərbaycanın Sarsılmaz Milli İradəsi

Azərbaycanın müasirdövrdə üzləşdiyi risklər və onlara qarşı sərgilədiyi qətiyyətli mövqe ölkəmizin beynəlxalq aləmdə orta güc dövlətinə çevrilməsinin ən mühüm sübutudur. Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda açıq şəkildə bəyan etmişdir ki, Azərbaycanın daxilində heç bir risk, hətta potensial təhlükə mənbəyi yoxdur. Bütün risklər, siyasi təzyiqlər və ideoloji diversiya cəhdləri ölkə sərhədlərindən kənarda yaranır və indiyədək bu cür hücumların heç biri uğurla nəticələnməyib. Xüsusilə Azərbaycanı hansısa siyasi və ya hərbi avantüraya cəlb etmək cəhdləri həmişə dövlətimiz tərəfindən uğurla dəf edilib. Dövlət başçısının təbirincə desək, ölkəmizin təkbaşına həm fiziki, həm də siyasi cəhətdən çoxsaylı cəbhələrdə konsolidasiya olunmuş hücumlara müqavimət göstərmək bacarığı onun əsl gücünün göstəricisidir.

Bütün bu xarici təzyiqlər və 2023-cü ildən sonra ölkəmizə qarşı yönəlmiş əsassız sanksiya cəhdləri dövlətimizi bir an belə zəiflədə bilməyib.

Prezident bildirmişdir ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunan tarixi Qələbədən sonra Azərbaycan xalqı arxayınlaşmamış, bayram etməyə çox vaxt sərf etmədən dərhal sonrakı hazırlıqlara, ordu quruculuğuna və bərpa işlərinə başlamışdır. Dünyada yeni təhdidlər, yeni təxribatlar ortaya çıxdığı üçün müstəqilliyimizi, sərhədlərimizi və milli kimliyimizi qorumaq uğrunda mübarizə daimi olmalıdır. Sülh nail olunacaq ən ali məqsəd olsa da, özünü tam təhlükəsiz hiss edə bilməyən bir dövlət üçün bir nömrəli prioritet hər zaman müdafiə qabiliyyətinin daha da gücləndirilməsidir.

Prezident İlham Əliyevin xalqa və xüsusən də gənc nəslə ünvanladığı tarixi çağırış məhz bu möhkəm iradənin qorunmasına yönəlib. İşğal, dağıntılar, lakin son nəticədə misilsiz Zəfər və dirçəliş görmüş Azərbaycan xalqı ancaq və ancaq özünə, öz dövlətinə güvənməlidir. Böyük dövlətlərin qanadı altına sığınan ölkələrin sonda oyunların qurbanına çevrildiyini xatırladan dövlət başçısı vurğulayır ki, heç vaxt işğalçı ilə razılaşmaq, məğlubiyyətlə barışmaq və kənar diktə ilə oturub-durmaq olmaz. Milli ləyaqət hər şeydən üstün tutulmalı, ölüm bahasına da olsa ləyaqətlə yaşanmalıdır. Gələcək 20-50 il ərzində inkişafımızı təmin edəcək gənc nəsil də Vətənə elə bu dərəcədə mətin, iradəli və güclü bağlı olmalıdır ki, Azərbaycan hər zaman zirvələrdə qalsın.

Kəmalə Abdullayeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button