
Prezident İlham Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikasında həyata keçirilən iqtisadi islahatlar vətəndaşların birbaşa sosial rifahına xidmət edən nəhəng infrastruktur layihələri ilə tamamlanır. Bu siyasətin əsas mərkəzində şəhər mühitinin müasirləşdirilməsi və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin ən yüksək standartlara çatdırılması dayanır. Dövlət başçısının göstərişi ilə Naxçıvan şəhərinin yeni Baş planının hazırlanması və təqdim edilməsi bu inkişafın ardıcıl, elmi və sistemli xarakter daşıdığını təsdiq edir. Yeni Baş plan şəhərin tarixi simasını qorumaqla yanaşı, onun qlobal tələblərə uyğun urbanizasiyasını təmin edəcəkdir.
Vətəndaşlara xidmət sahəsində şəffaflığın və operativliyin simvolu olan institutların genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin iştirakı ilə Naxçıvanda yeni DOST Mərkəzinin açılışı sosial siyasətin uğurunu bir daha nümayiş etdirir. Həmin mərkəz vaxtilə məhz dövlət başçısının göstərişi ilə insanlara daha gözəl xidmət göstərilməsi məqsədilə yaradılmış “ASAN xidmət” mərkəzinin bilavasitə yanında yerləşir. Təhsil infrastrukturunun möhkəmləndirilməsi üçün isə muxtar respublikada uşaq bağçalarının tikintisi və təmiri işlərinin həyata keçirilməsi qərara alınmışdır.
Şəhərin nəqliyyat sistemindəki ekoloji islahatlar Prezident İlham Əliyevin gələcəyə yönəlik vizyonunun mühüm bir hissəsidir. Naxçıvan şəhərində köhnə, standartlara cavab verməyən avtobuslar tamamilə xəttdən çıxarılmış və onların əvəzinə müasir yaşıl rəngli elektrik avtobuslarının təqdimatı keçirilmişdir. Bakı küçələrindən də tanış olan bu ekoloji təmiz avtobuslar Naxçıvanın nəqliyyat problemini həll etməklə bərabər, “yaşıl enerji zonası” konsepsiyasını əyani şəkildə dəstəkləyir. Şəhərlərarası və rayonlararası nəqliyyatda isə 217 yeni, müasir avtobusun alınması barədə verilən göstəriş bölgə əhalisinin rahat gediş-gəlişini təmin edəcəkdir.
Sosial infrastrukturun və turizmin ayrılmaz bir hissəsi olan mehmanxana və qonaqlama xidmətləri də dövlətin tam nəzarəti altındadır. Mövcud mehmanxanaların azlığını və səviyyəsinin turizm potensialını əngəlləməsini nəzərə alan Prezident İlham Əliyev, şəhərin mərkəzində 2028-ci ildə hazır olacaq yeni beşulduzlu mehmanxananın təməlini şəxsən qoymuşdur. Görülən bütün bu fundamental işlər və dövlət büdcəsindən hər il ayrılan yüz milyonlarla manat vəsait onu sübut edir ki, Naxçıvanın inkişafı dövlət başçısının fəaliyyətinin ən mühüm və uğurlu istiqamətlərindən biridir.
Mürsəl Bəkirli,
YAP Nizami rayon təşkilatının fəalı



