
Müstəqil dövlətin milli siyasətinin mühüm istiqamətlərindən biri ölkə daxilində yaşayan və dünyanın müxtəlif yerlərində məskunlaşan azərbaycanlılar arasında mənəvi bağların gücləndirilməsidir. XX əsrin sonlarında Azərbaycanın müstəqilliyini bərpa etməsi bu məsələyə yeni siyasi məzmun verdi. 1993-cü ildən sonra milli birlik anlayışının yalnız ölkə daxilində deyil, dünya azərbaycanlıları kontekstində də nəzərdən keçirilməsi mühüm proseslərdən biri oldu.
Ulu Öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasında azərbaycançılıq ideyası ölkə daxilində və xaricində yaşayan azərbaycanlıların ümumi milli-mədəni dəyərlər ətrafında birləşməsini nəzərdə tutan geniş məzmun qazandı. Bu yanaşmanın mühüm tərəfi Azərbaycan dövlətçiliyinə bağlılığın milli həmrəyliyin əsas elementlərindən biri kimi təqdim edilməsidir.
Dünya azərbaycanlılarının təşkilatlanması məsələsi sonrakı illərdə daha institusional xarakter aldı. Ümumdünya Azərbaycanlılarının qurultaylarının keçirilməsi, diaspor təşkilatlarının əlaqələndirilməsi və xaricdə yaşayan azərbaycanlıların milli-mədəni irslə bağlı fəaliyyətlərinin dəstəklənməsi bu istiqamətin əsas elementlərindən oldu. Bu proses milli kimliyin qorunması ilə yanaşı Azərbaycanın xaricdə tanıdılması baxımından da əhəmiyyət daşıyırdı.
Diaspor siyasətinin dövlətçilik baxımından başqa bir tərəfi xaricdə yaşayan azərbaycanlıların müxtəlif ölkələrin ictimai həyatında fəal iştirak etməsidir. Burada məqsəd yalnız milli mənsubiyyətin qorunması deyil, həm də Azərbaycanla digər cəmiyyətlər arasında mədəni, humanitar və ictimai əlaqələrin inkişaf etdirilməsidir. Bu baxımdan diaspor anlayışı yalnız xaricdə yaşayan soydaşların birliyi deyil, həm də beynəlxalq ictimai əlaqələrin bir komponenti kimi nəzərdən keçirilə bilər.
3 oktyabr 1993-cü il bu baxımdan milli həmrəyliyin dövlət siyasəti səviyyəsində sistemləşdirilməsi prosesinin mühüm mərhələlərindən biri ilə üst-üstə düşür. Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi ilə azərbaycançılıq, milli birlik və dünya azərbaycanlıları ilə əlaqələrin inkişafı dövlətçilik gündəliyinin mühüm istiqamətlərindən birinə çevrildi. Bu ideyanın sonrakı illərdə institusional inkişafı Azərbaycanın milli siyasət tarixinin mühüm səhifələrindən biridir.
Günay Quluzadə,
YAP Nizami rayon təşkilatının “Əlif Hacıyev küçəsi, 61” ərazi partiya təşkilatının sədr müavini


