
04 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirildi. Bu Qurultay əvvəlkilərdən bir sıra xüsusiyyətlərinə görə fərqlənirdi. Çünki müstəqillik tariximizdə ilk dəfə olaraq iqtidar partiyasının Qurultayı ölkəmizin tam suverenliyinin təmin olunduğu bir şəraitdə keçirildi. VII Qurultay Vətən müharibəsindən qısa müddət sonra keçirilməsi ilə əlamətdar idisə, VIII Qurultay artıq ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu, regionda sülh və sabitliyin təmin edilməsi istiqamətində ciddi irəliləyişlərin əldə edildiyi yeni tarixi mərhələyə təsadüf etdi.
Bu tarixi Qurultaya şahidlik etmək, həqiqətən də, böyük əlamətdarlıq daşıyır. Ən azı ona görə ki, Yeni Azərbaycan Partiyasının yarandığı tarixi şəraiti hər birimiz yaxşı bilirik. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır.
Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ölkəni bürümüş dərin siyasi, iqtisadi və sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları və Azərbaycanın taleyini düşünən hər kəsi ciddi narahat edirdi. Məhz belə bir şəraitdə ölkəni böhrandan çıxara biləcək yeni siyasi qüvvənin yaradılması təşəbbüsü irəli sürüldü və bu təşəbbüs xalqın sınanmış lideri, müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdi. Belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana – Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə məşhur “91-lər”in müraciəti kimi daxil olan bu sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Ölkəmizin görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətləri Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsini xahiş edirdilər.
Azərbaycan xalqının dahi oğlu, görkəmli dövlət xadimi və böyük siyasi təcrübəyə malik Ümummilli Lider Heydər Əliyev bu müraciətə müsbət cavab verdi. Bununla da Azərbaycanın gələcək inkişafının, güclü dövlətçilik modelinin və bugünkü müasir Azərbaycanın təməlləri qoyuldu. Ulu Öndərin uzaqgörən siyasəti, dövlətçilik iradəsi və xalqına bağlılığı Azərbaycanı böhrandan çıxararaq müstəqil dövlətçiliyimizin möhkəm əsaslarını yaratdı.
Bəs bugünkü Azərbaycan deyəndə biz nəyi nəzərdə tutmalıyıq?
Güclü, müstəqil, suveren, regionda və dünyada böyük nüfuza və təsirə malik olan bir dövlət. Ərazisinə görə böyük dövlətlərlə müqayisə olunmasa da, öz iradəsi, qətiyyəti və müstəqil siyasəti ilə tarix yazan Azərbaycan.
Bu gün regionumuzda və dünyada çoxsaylı münaqişə ocaqları mövcuddur. Bu münaqişələrin bir qismi uzun illər davam etsə də, hələ də konkret nəticə ilə yekunlaşmayıb və çoxsaylı insan itkiləri ilə müşayiət olunur. Azərbaycan isə öz gücünə arxalanaraq, mülki itkilərə yol vermədən torpaqlarını işğaldan azad etdi, milli maraqlarını təmin etdi və illərlə kağız üzərində qalan BMT qətnamələrinin icrasını öz gücü ilə həyata keçirdi. Bununla Azərbaycan, həqiqətən də, tarix yazdı.
Lakin məsələ torpaqların azad olunması ilə yekunlaşmır. Bu torpaqların yenidən qurulması və bərpası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsi də torpaqların azad olunması qədər mühüm və tarixi vəzifədir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri Azərbaycan dövlətinin gücünü və imkanlarını bir daha nümayiş etdirir. Bəli, biz qurub-yaradan xalqıq. Tarix də bunun şahididir. Tarix həm də onu göstərir ki, Azərbaycan bütün bu nailiyyətlərə ilk növbədə öz gücü, əzmi və qətiyyəti hesabına nail olub.
Uzun illər aparılan sülh danışıqları nəticəsiz qalsa da, həmin illər Azərbaycan üçün mühüm hazırlıq və inkişaf mərhələsinə çevrildi. İlk növbədə, Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə əsası qoyulan ordu quruculuğu siyasəti Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə ardıcıl və məqsədyönlü şəkildə davam etdirildi. Güclü ordu quruculuğu dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi, Silahlı Qüvvələrimiz müasirləşdirildi, hərbi kadrlarımızın peşəkarlığı artırıldı, ordumuzun maddi-texniki bazası gücləndirildi, silah və texnika arsenalımız ən müasir standartlara uyğun səviyyəyə çatdırıldı. Bununla paralel olaraq, diplomatik müstəvidə ardıcıl və məqsədyönlü iş aparıldı, Azərbaycanın haqlı mövqeyinə beynəlxalq dəstək təmin edildi. Ölkə daxilində isə vətənpərvər gənc nəslin yetişdirilməsi, milli ruhun və dövlətçilik düşüncəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Nəticədə xalq-ordu-iqtidar birliyi möhkəmləndi.
Bütün bu proseslərin mərkəzində isə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qətiyyəti, siyasi uzaqgörənliyi, iti zəkası və sarsılmaz iradəsi dayanırdı. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursunu uğurla davam etdirərək Azərbaycanı yeni inkişaf mərhələsinə çıxardı, ölkəmizin beynəlxalq mövqelərini daha da gücləndirdi və ən əsası, qarşıya qoyulmuş tarixi məqsədlərin reallaşdırılmasını təmin etdi. Məhz Ulu Öndərin müəyyən etdiyi möhkəm dövlətçilik təməlləri ilə Prezident İlham Əliyevin qətiyyətli siyasətinin və siyasi iradəsinin vəhdəti Azərbaycanı Zəfərə apardı. Bu gün əldə etdiyimiz Qələbə təsadüfi deyil. Bu Qələbə illərlə aparılan məqsədyönlü siyasətin, güclü dövlət quruculuğunun, müasir ordu yaradılmasının, milli birliyin və ən başlıcası, dövlətimizin başçısının qətiyyətli liderliyinin nəticəsidir.
Partiyanın Sədri, dövlətimizin başçısı cənab İlham Əliyevin də qətiyyətlə vurğuladığı kimi, biz Qələbəmizlə fəxr edirik, cəsarətimizlə fəxr edirik, iradəmizlə fəxr edirik, xalqımızla fəxr edirik, dövlətimizlə fəxr edirik. Bəli, biz fəxr edirik. Çünki bu gün biz öz taleyini özü müəyyən edən, ərazi bütövlüyünü və suverenliyini tam təmin edən, regionda sülhün və sabitliyin əsas dayaqlarından birinə çevrilən qalib Azərbaycanın vətəndaşlarıyıq.
Bu gün qarşımızda yeni hədəflər, yeni vəzifələr dayanır. Zəfəri qorumaq, suverenliyi daha da möhkəmləndirmək, azad edilmiş əraziləri yenidən qurmaq və Azərbaycanın inkişafını davam etdirmək bizim üzərimizə düşən tarixi məsuliyyətdir. Əminliklə demək olar ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiqlik və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan bundan sonra da öz parlaq gələcəyinə doğru inamla addımlayacaq.
Çünki bu gün Azərbaycan yalnız öz tarixini yazmır – öz gələcəyini də özü yazır. Və bu gələcək güclü, müstəqil, suveren və qalib Azərbaycanın gələcəyidir.
Xəyalə Cavanşirli,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun baş



