
Bir ölkənin gələcəyini müəyyən edən ən böyük sərvətlərdən biri onun gənc nəslidir. Azərbaycan özünün sürətli inkişaf dövründə gənclərin enerjisindən, bilik və bacarıqlarından, vətənpərvərliyindən və yaradıcı potensialından daha geniş istifadə etməlidir. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səslənən fikirlər də gələcək nəsillərin dövlətçilik ənənələrinə sədaqət ruhunda yetişdirilməsinin və müasir biliklərə yiyələnməsinin əhəmiyyətini bir daha önə çıxarır. Bu gün məktəb auditoriyalarında, universitetlərdə, peşə təhsili müəssisələrində və müxtəlif əmək kollektivlərində formalaşan gənc nəsil sabah Azərbaycanın dövlət idarəçiliyində, elmində, iqtisadiyyatında, diplomatiyasında, mədəniyyətində və digər sahələrində əsas aparıcı qüvvəyə çevriləcək. Buna görə də gənclərə yalnız gələcəyin qurucuları kimi deyil, bu günün fəal vətəndaşları kimi yanaşmaq lazımdır.
Müasir dünyada gənclərin qarşısında çoxsaylı imkanlarla yanaşı, ciddi çağırışlar da dayanır. İnformasiya bolluğu, rəqəmsal mühit, sürətlə dəyişən əmək bazarı və qlobal rəqabət yeni bilik və bacarıqlar tələb edir. Azərbaycan gənci öz milli kimliyini və dövlətçilik dəyərlərini qorumaqla yanaşı, dünyanın müasir elmi və texnoloji yeniliklərini də mənimsəməlidir. Xarici dilləri bilmək, rəqəmsal bacarıqlara yiyələnmək, yeni peşələr öyrənmək, sahibkarlıq təşəbbüsləri göstərmək və ictimai həyatda fəal olmaq gənclərin gələcək uğurunun əsas şərtlərindəndir. Şəhər və rayonlarda keçirilən tədbirlər zamanı gənclərin fikirlərinin öyrənilməsi, onların təşəbbüslərinə şərait yaradılması və ictimai layihələrə cəlb edilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Gənclə yalnız dinləyici kimi deyil, ideya müəllifi və qərarların həyata keçirilməsində fəal tərəfdaş kimi davranmaq zamanın tələbidir.
Bu gün Azərbaycanın gəncləri üçün ən böyük örnəklərdən biri xalqımızın Zəfər yoludur. Vətən müharibəsində və sonrakı tarixi proseslərdə Azərbaycan gənclərinin göstərdiyi cəsarət, fədakarlıq və Vətən sevgisi gələcək nəsillər üçün silinməz örnəkdir. Lakin müasir dövrdə Vətənə xidmət anlayışı yalnız hərbi sahə ilə məhdudlaşmır. Bu gün yaxşı oxuyan şagird, yeni texnologiya yaradan gənc, elmi araşdırma aparan tələbə, məsuliyyətlə çalışan mütəxəssis, sahibkarlıq təşəbbüsü göstərən vətəndaş da Azərbaycanın gələcəyinə öz töhfəsini verir. VIII Qurultaydan irəli gələn vəzifələrin mühüm istiqamətlərindən biri də bu potensialın düzgün istiqamətləndirilməsi, gənclərin dövlət və cəmiyyət həyatında rolunun daha da artırılmasıdır. Gənclər öz gələcəklərini qurarkən əslində Azərbaycanın sabahını qururlar. Bu səbəbdən onların qarşısında açılan hər yeni imkan, qazandıqları hər uğur və atdıqları hər məsuliyyətli addım ölkəmizin gələcək tarixinin bir parçasına çevrilir.
Aidə Əliyeva,
YAP Xəzər rayon təşkiılatının fəalı



