AnalitikaGündəmSiyasət

Azərbaycanın sabitliyi və milli həmrəyliyi gələcəyin əsas dayağıdır

Azərbaycanın son onilliklərdə qazandığı uğurların arxasında yalnız düzgün iqtisadi və siyasi qərarlar deyil, həm də xalqın dövlət ətrafında sıx birləşməsi dayanır. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər bir daha göstərdi ki, milli həmrəylik və siyasi sabitlik dövlətimizin gücünü müəyyən edən mühüm amillərdəndir. Xalqımızın tarixinin ən çətin günlərində nümayiş etdirdiyi birlik, xüsusilə Vətən müharibəsi və sonrakı dövrdə ortaya qoyduğu yüksək milli ruh Azərbaycanın qarşısında yeni imkanlar açdı. Bu birlik təsadüfi deyil, illər ərzində formalaşmış dövlətçilik ənənələrinin, milli iradənin və ölkənin gələcəyinə olan inamın nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas xüsusiyyətlərindən biri də dövlət maraqları ilə xalqın mənafeyinin vəhdət təşkil etməsidir. Məhz bu vəhdət Azərbaycanın qarşısında duran mürəkkəb məsələlərin ardıcıl şəkildə həll edilməsinə imkan yaradır.

Müasir dövrdə sabitliyin qorunması yalnız siyasi idarəçilik məsələsi deyil, eyni zamanda hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdir. Dünyada müxtəlif böhranların, qarşıdurmaların və qeyri-müəyyənliklərin müşahidə olunduğu bir vaxtda Azərbaycanın sabit inkişaf yolu xüsusi əhəmiyyət daşıyır. Şəhər və rayonlarda keçiriləcək müşavirələr bu baxımdan yalnız təşkilati xarakter daşımamalı, cəmiyyətin qarşısında dayanan məsələlərin açıq şəkildə müzakirə edildiyi, yeni təşəbbüslərin formalaşdığı və dövlət siyasətinin mahiyyətinin insanlara daha aydın çatdırıldığı platformaya çevrilməlidir. İnsanların dövlət qurumları ilə, ictimai təşkilatlarla və siyasi strukturlarla birbaşa əlaqələrinin möhkəmləndirilməsi cəmiyyət-dövlət münasibətlərinin daha da sağlam əsaslar üzərində qurulmasına xidmət edir. YAP üzvlərinin fəallığı da bu prosesdə xüsusi rol oynayır. Hər bir üzv yalnız siyasi təşkilatın sıralarında dayanmaqla kifayətlənməməli, yaşadığı ərazinin ictimai həyatında nümunə göstərməli, insanları düşündürən məsələlərin həllinə töhfə verməlidir.

Milli həmrəyliyin ən böyük gücü isə müxtəlif fikir və baxışların ümumi milli məqsədlər ətrafında birləşdirilə bilməsidir. Azərbaycan xalqının qarşısında artıq yeni bir tarix yazmaq imkanı var. Bu tarix yalnız hərbi Zəfərlə deyil, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, sosial rifah və beynəlxalq əməkdaşlıq sahələrində qazanılacaq uğurlarla tamamlanmalıdır. Gənclərin vətənpərvər ruhda böyüməsi, onların müasir biliklərə yiyələnməsi, dövlətçilik ənənələrinə hörmətlə yanaşması gələcəyin Azərbaycanının ən möhkəm təminatıdır. Bu baxımdan VIII Qurultaydan irəli gələn vəzifələrin yerlərdə həyata keçirilməsi həm də yeni nəslin dövlət quruculuğu prosesinə daha fəal cəlb olunmasını tələb edir. Çünki dövlətin sabahı bu gün formalaşır və həmin sabahın təməlində milli birlik, qarşılıqlı etimad, vətəndaş məsuliyyəti və Vətənə bağlılıq dayanır.

Səadət Dadaşova,
YAP Xəzər rayon təşkiılatının fəalı 

Oxşar Xəbərlər

Back to top button