AnalitikaGündəmSiyasət

Qarşıdakı hədəflər və Azərbaycanın yeni inkişaf üfüqləri

Azərbaycanın yeni tarixi mərhələsi böyük məqsədlər və geniş perspektivlərlə xarakterizə olunur. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr də ölkəmizin gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirən mühüm siyasi xətt kimi çıxış edir. Bu gün Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş dövlət kimi daha geniş miqyaslı məqsədlərə doğru irəliləyir. Qarşıdakı illərdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, innovasiyaların tətbiqi, insan kapitalının gücləndirilməsi, rəqəmsal imkanların genişləndirilməsi və yeni investisiya layihələrinin həyata keçirilməsi ölkənin iqtisadi qüdrətinin daha da artırılmasına xidmət edəcək. Bu prosesdə regionların rolu xüsusilə böyükdür. Çünki Azərbaycanın hər bir bölgəsi öz təbii ehtiyatları, əmək potensialı, coğrafi mövqeyi, turizm imkanları və istehsal ənənələri ilə ümumi iqtisadi inkişafın mühüm hissəsini təşkil edir.

Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi də yeni mərhələnin mühüm istiqamətlərindəndir. Ölkəmizin müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişlənir, regional və qlobal layihələrdə rolu artır. Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm nəqliyyat və enerji bağlantılarının formalaşmasında fəal iştirak edir. Bu imkanlar yalnız iqtisadi gəlirlər baxımından deyil, ölkənin siyasi çəkisinin və strateji əhəmiyyətinin artması baxımından da mühüm nəticələr doğurur. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması isə bu prosesə yeni dinamizm gətirir. Azad edilmiş ərazilərdə yaradılan müasir infrastruktur, nəqliyyat əlaqələri, enerji layihələri və yeni yaşayış məkanları Azərbaycanın gələcək inkişaf modelinin mühüm nümunəsinə çevrilir. Bu quruculuq prosesi keçmişin dağıntıları üzərində gələcəyin möhkəm təməllərinin yaradılmasıdır.

Bütün bu böyük məqsədlərə çatmaq üçün ölkənin hər bir şəhərində və rayonunda işlərin daha səmərəli təşkili, qarşıya qoyulan vəzifələrin düzgün bölüşdürülməsi və nəticələrin daim təhlil edilməsi vacibdir. VIII Qurultayın siyasi mahiyyəti də məhz bu düşüncəni ön plana çıxarır: Azərbaycan artıq böyük tarixi sınaqlardan keçərək yeni inkişaf mərhələsinə qədəm qoyub və bu mərhələ daha yüksək məsuliyyət tələb edir. Qarşıda bizi yalnız yeni layihələr deyil, həm də yeni düşüncə, yeni təşəbbüs və yeni fəaliyyət tələb edən geniş bir yol gözləyir. Hər bir şəhər və rayon bu yolun özünəməxsus bir dayanacağıdır, hər bir vətəndaş isə həmin böyük yolun iştirakçısıdır. Bu gün Azərbaycanın gələcəyinə atılan hər addım sabahın tarixini formalaşdırır. Ona görə də qarşıdakı dövrün əsas çağırışı Zəfərdən doğan qüruru quruculuq əzminə, milli həmrəyliyi əməli fəaliyyətə, dövlətimizin gücünü isə daha böyük inkişaf və rifah nəticələrinə çevirməkdən ibarətdir.

Fateh Rəhimov,
YAP Xəzər rayon təşkiılatının fəalı 

Oxşar Xəbərlər

Back to top button