
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 132” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə, qida sənayesinin inkişafına və ölkəmizin qarşıda duran iqtisadi hədəflərinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin, eləcə də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Görüşdə “Azərsun Holdinq”in baş direktorunun müavini Nazim Quliyev, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, ərazi partiya təşkilatının sədri Könül Bəkirova, sədr müavini Bahadur Məmmədov və digər şəxslər çıxış ediblər.
Çıxışlarda YAP-ın VIII Qurultayında müəyyənləşdirilən strateji hədəflər, Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi tapşırıq və tövsiyələrdən irəli gələn vəzifələr, ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı məsələləri diqqətə çatdırılıb.
Qeyd edilib ki, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi, yerli istehsalın genişləndirilməsi, qida sənayesində müasir texnologiyaların tətbiqi və məhsul keyfiyyətinin artırılması iqtisadi inkişafın mühüm istiqamətlərindəndir. Bu baxımdan qida sənayesində fəaliyyət göstərən müəssisələrin istehsal potensialının artırılması, ixrac imkanlarının genişləndirilməsi və yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi xüsusi əhəmiyyət daşıyır.
Həmçinin ölkənin iqtisadi potensialının gücləndirilməsi, yeni istehsal sahələrinin yaradılması, sahibkarlığın inkişafı, məşğulluğun artırılması və iqtisadiyyatın qeyri-neft sektorunun genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə toxunulub.
YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr kontekstində dövlətçilik ideologiyasının təbliği, milli-mənəvi dəyərlərin qorunması, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması və əmək kollektivlərində ideoloji maarifləndirmə işinin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Görüşün sonunda qida sənayesinin inkişaf perspektivləri, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, iqtisadi hədəflərin reallaşdırılması, partiya fəaliyyətinin gücləndirilməsi və YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrin icrası ətrafında fikir mübadiləsi aparılıb.



