
Azərbaycanın mədəniyyət tarixindən söz açarkən Şuşanın adını xüsusi ehtiramla çəkmək lazımdır. Bu şəhər əsrlər boyu milli musiqimizin, poeziyamızın, incəsənətimizin və maarifçilik ənənələrimizin inkişafında mühüm rol oynamışdır. Şuşa torpağı Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, Natəvan kimi görkəmli şəxsiyyətlərin adları ilə əbədiləşmişdir. Onların yaratdığı sənət inciləri Azərbaycan mədəniyyətini dünya miqyasında tanıtmış, Şuşanın adını musiqi və poeziya ilə qoşa çəkilən müqəddəs bir ünvana çevirmişdir. Bu şəhərin hər guşəsində incəsənətin nəfəsi, hər daşında tariximizin izləri duyulur.
Şuşanın işğalı xalqımızın mənəvi dünyasında dərin bir yara açmışdı. Lakin Azərbaycan xalqı heç vaxt öz tarixi torpaqlarından imtina etmədi, Şuşa həsrətini qəlbində yaşatdı və onun azadlığına olan inamını qorudu. 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusunun qəhrəmanlığı ilə şəhərin azad olunması yalnız ərazi bütövlüyümüzün bərpası istiqamətində deyil, həm də milli-mədəni irsimizin öz sahibinə qaytarılması baxımından mühüm əhəmiyyət daşıdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bu qələbə Azərbaycan xalqının tarixi yaddaşına qızıl hərflərlə yazıldı.
Bu gün Şuşada mədəni həyatın yenidən canlandırılması xüsusi diqqət mərkəzindədir. Vaxtilə xalqımızın böyük sənətkarlarının yaşayıb-yaratdığı məkanlar bərpa edilir, tarixi abidələr qorunur, mədəniyyət tədbirləri təşkil olunur. Xarıbülbül Beynəlxalq Musiqi Festivalı və Vaqif Poeziya Günləri Şuşanın sənət və ədəbiyyat ənənələrinin yenidən dirçəldilməsinə xidmət edir. Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan olunması da onun beynəlxalq nüfuzunu daha da artırmışdır. Bu şəhər artıq öz zəngin keçmişi ilə yanaşı, müasir Azərbaycanın mədəni inkişafını və dünyaya açıq siyasətini də təmsil edir.
Şuşa Şəhəri Günü münasibətilə bu qədim şəhərin tarixini, mədəniyyətini və azadlıq uğrunda mübarizəsini bir daha ehtiramla yad edirik. Şuşanın hər bir sənət ocağı, hər bir tarixi məkanı xalqımızın mənəvi sərvətidir və bu sərvətin qorunması hər birimizin borcudur. Şəhərin azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi daim yaşayacaq, onların bizə əmanət etdiyi Zəfər gələcək nəsillər üçün örnək olacaqdır. Şuşa Azərbaycan mədəniyyətinin beşiyi, milli ruhumuzun məbədi və əbədi qürur mənbəyidir.
Ülviyyə Mirzəyeva ,
YAP Xəzər rayon təşkilatının fəalı



