AnalitikaGündəmSiyasət

Şuşa – Qarabağın döyünən ürəyi

Şuşa Azərbaycan xalqının tarixində xüsusi yeri olan, hər qarışı milli yaddaşımızla, mədəniyyətimizlə və qəhrəmanlıq salnaməmizlə bağlı qədim şəhərdir. Bu şəhər əsrlər boyu Azərbaycanın görkəmli şəxsiyyətlərini, şairlərini, musiqiçilərini, sənətkarlarını yetişdirərək milli mədəniyyətimizin inkişafına misilsiz töhfələr vermişdir. Şuşanın qoynunda formalaşan zəngin ədəbi və musiqi mühiti onu yalnız Qarabağın deyil, bütövlükdə Azərbaycanın mənəvi mərkəzlərindən birinə çevirmişdir. Onun tarixi küçələri, qədim məscidləri, karvansaraları və möhtəşəm memarlıq nümunələri xalqımızın zəngin keçmişini bu günə daşıyır.

Şuşa şəhərinin 28 illik işğaldan sonra azad edilməsi Azərbaycan xalqının yaddaşında heç vaxt silinməyəcək bir hadisədir. 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi xəbərini xalqa çatdırarkən hər bir azərbaycanlının qəlbində illərdir yaşatdığı arzunu gerçəkləşdirdi. Bu xəbər milyonlarla insanın gözündə sevinc yaşına, qəlbində sonsuz qürura çevrildi. Şuşa uğrunda aparılan döyüşlər Azərbaycan əsgərinin qəhrəmanlığının, peşəkarlığının və Vətənə bağlılığının misilsiz nümunəsi kimi tarixə düşdü. Qəhrəman hərbçilərimizin göstərdiyi şücaət nəticəsində Qarabağın incisi öz azadlığına qovuşdu.

Bu gün Şuşa yeni inkişaf və tərəqqi mərhələsini yaşayır. Şəhərin tarixi simasının qorunması, mədəniyyət abidələrinin bərpası, infrastrukturun yenidən qurulması istiqamətində həyata keçirilən layihələr böyük əhəmiyyət daşıyır. Şuşada keçirilən beynəlxalq tədbirlər, mədəniyyət festivalları və müxtəlif forumlar Azərbaycanın zəngin irsinin dünyaya təqdim edilməsinə geniş imkan yaradır. Şəhərin yenidən qurulması həm də keçmişə ehtiramın, gələcəyə inamın və milli iradənin təcəssümüdür. Şuşa artıq yalnız azad edilmiş şəhər deyil, həm də Azərbaycanın quruculuq əzminin, mədəni dirçəlişinin və yeni inkişaf strategiyasının parlaq nümunəsidir.

8 Noyabr – Şuşa Şəhəri Günü xalqımızın birlik və həmrəylik ruhunu daha da gücləndirən əlamətdar tarixdir. Bu gün biz Şuşanın azadlığı uğrunda canlarından keçən qəhrəman şəhidlərimizi dərin ehtiramla anır, qazilərimizin fədakarlığı qarşısında baş əyirik. Şuşanın azadlığı Azərbaycan dövlətinin gücünün, xalqımızın birliyinin və milli iradəmizin qələbəsidir. Bu şəhərin hər bir küçəsində Zəfərin nəfəsi, hər bir daşında qəhrəmanlığımızın izi yaşayır. Şuşa bundan sonra da Azərbaycanın döyünən ürəyi, milli qürur mənbəyi və əbədi iftixar ünvanı olacaqdır.

Samirə Talıbova,
YAP Xəzər rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button